Deputatlar Soçi görüşündən nə gözləyir?

Deputatlar Soçi görüşündən nə gözləyir?
  08 Avqust 2014    Oxunub:3618
Milli Məclisin deputatları prezident İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın Soçidə keçirilən görüşünü AzVision.az-a şərh ediblər.

Böyük Qurtuluş Partiyasının sədri, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Fazil Mustafa prezidentlərin Soçi görüşündən yenilik gözləmədiyini bildirib.

Millət vəkili hesab edir ki, görüş münaqişənin həllinə yox, atəşkəs rejiminə əməl olunması istiqamətinə yönələcək.

“Ermənistan iradəsiz addım atır, Azərbaycan da öz prinsipial mövqeyini davam etdirir. Ona görə də hər iki prezident düşünür ki, boş yerə görüşməsinlər. Amma Rusiya regionda prosesləri bilərəkdən qızışdırdı. İndi isə bu görüşü təşkil edir. Guya atəşkəs rejiminə əməl olunmasının həllini yenə də Rusiya təmin elədi. Amma yenə də problem çözülməmiş qalacaq. Ona görə də yenilik gözlənilmir”-deyə deputat qeyd edib.

Millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov isə bu görüşdən ümidli olduğunu deyir.

O, prezidentin bir neçə gün öncə təmas xəttinə səfərini xatırladaraq qeyd edib ki, ölkə başçısı bir daha öz mövqeyini əsgərlərimiz qarşısında açıqladı:

“Prezident bir daha təkrar etdi ki, Ermənistan Azərbaycan torpağında ikinci bir dövlət yarada bilməz. Mən dövlət başçısının bu çıxışı alqışlayıram. O, bu əhval-ruhiyyə ilə gedib dövlətimizi azad edəcək. Mənə elə gəlir ki, Rusiya gec-tez bizimlə razılaşmalıdır. Mən buna ümid edirəm”.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də bu görüşün Azərbaycan üçün perspektivinin olmayacağını düşünür:

“Hesab edirəm ki, regionda baş verən hadisələr bu gün status-kvonun dəyişdirilməsi üçün yetərli deyil. Bu danışıqlar olsa-olsa atəşkəsin daha sabit şəkildə davam etməsinə yönəlik bir xətt ortaya qoyacaq. Yalnız bu olacaq, bundan başqa hansısa bir irəliləyiş gözləmirəm”,-deyə millət vəkili əlavə edib.

Xatırladaq ki, avqustun 8-də və ya 9-da Rusiyanın Soçi şəhərində Ermənistan prezidenti Serj Sarqsyan və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçiriləcək. Görüşdə son günlər cəbhə xəttinə baş verən hadisələr və eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların aparılacağı bildirilir.

Sevinc İltifatqızı




Teqlər:  





Xəbər lenti