Prezident Avropa Oyunları ilə bağlı sərəncam verdi

Prezident Avropa Oyunları ilə bağlı sərəncam verdi
  09 Avqust 2014    Oxunub:2883
Prezident İlham Əliyev I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabineti iki ay müddətində I Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiya sisteminin təşkili üçün müvafiq tədbirlər görməli, akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən etməli, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının formasını təsdiq etməli, eləcə də akkreditasiya sisteminin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Sərəncama görə, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.
I Avropa Oyunlarına bilet əldə etmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Oyunların açılışına 10 gün qalmışdan etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər. Viza üçün müraciət etdikdə I Avropa Oyunlarına bileti və ya biletin əldə olunmasını təsdiq edən sənədi təqdim etməlidirlər.

I Avropa Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb olunan və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etməlidirlər.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Olimpiya Komitəsinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.


Teqlər:  





Xəbər lenti