Bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya və Ermənistan prezidentləri ilə üçtərəfli görüşdə deyib.
İlham Əliyev Vladimir Putinə müraciət edərək deyib: "Ümid edirəm ki, sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə yeni təkan verəcək. Sizin qeyd etdiyiniz kimi, artıq danışıqların formatı mövcuddur, həmçinin münaqişənin tənzimlənməsi üçün hüquqi baza var".
Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın torpaqlarından erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: "Təəssüf ki, 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalıb. Düşünürəm ki, Rusiyanın bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi, əlbəttə ki, tənzimləmə prosesində xüsusi rolu var. Ümid edirik ki, yaxın zamanlarda danışıqlar yolu ilə, sülh yolu ilə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həllini tapacağıq".(trend)
***
Bu gün Rusiyanın Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü keçirilib.
AzVision.az xəbər verir ki, hazırda prezidentlərin görüşü davam edir.
Rusiya mətbuatının yazdığına görə, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə tənzimləmək üçün Azərbaycanın və Ermənistanın xoş məramı var.
"Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan Prezidenti problemin sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkib və siz Ermənistan Prezidenti də indi bu barədə danışdınız. Bu, həqiqətən də ən başlıcasıdır, çünki insanların ölümündən böyük faciə yoxdur".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


