Qiymətdə `ağ edən` 7-10 min manatlıq ağ gəlinliklər

  12 Avqust 2014    Oxunub : 10803
Qiymətdə `ağ edən` 7-10 min manatlıq ağ gəlinliklər
Xınayaxdı və toy mərasimləri əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilib.
Adətimizdə qız bəyənmə, elçilik, nişanlılıq dövrü, qız toyu, xınayaxdı, nəhayət, gəlin köçmə kimi adətlər olub və var. Elə onların özünəməxsus geyim-kecimi, bər-bəzəyi də... Özü də toy geyimləri də həmişə dəyişib. Dəblə ayaqlaşıb, dəbə uyğunlaşıb.

Azərbaycan toyların təntənəsinə görə həmişə öndə gedən ölkələrdən olub. Bizdə toy tamam başqa mərasimdir. Əslində bayram kimi qeyd olunan mərasim... Bizim ölkədə toya xüsusi hazırlıq olur. Xüsusən də geyim-kecim məsələsində bəzən lap “ağ edirik”. Bir toya geydiyimiz paltarı ikinci düyünə geymərik. İmkanımız oldu-olmadı çalışarıq ki, hamıdan yaxşısını biz geyək. Bizim paltarımızdan heç kimdə olmasın. Onun bahalı, brend mal olması dərhal nəzərə çarpsın və s. Bu, özünü toy libaslarına münasibətdə də göstərir.

Bəs bizim gənclər indi hansı toy libaslarına üstünlük verir?

AzVision.az xəbər verir ki, virtualaz.org saytının əməkdaşı bu suala cavab almaq üçün paytaxtın ticarət mərkəzlərindəki mağazalarda olub. Əməkdaşımız satıcılarla söhbətində bu il xanımların daha çox hansı toy libaslarına üstünlük verməsi ilə maraqlanıb.

Gəlinliklərin və mərasim geyimlərinin ən çox satıldığı və kirayəyə verildiyi “Laçın”ticarət mərkəzində satıcı işləyən Sevinc xanım deyir ki, xanımlar xınayaxdı mərasimi üçün daha çox milli geyimlərə üstünlük verirlər. Libasın üzəri naxışlarla, pilələrlə bəzədilmiş olur: “Bu geyimlər daha çox Türkiyədən gətirilir. Bu milli geyimlər xınayaxdı mərasimi üçün əsasən kirayəyə verilir. Qiymət az sayılmaz - bir gün üçün 50 manatdır. Xanımların xüsusi bəzədilməsi üçün salonlar da təklif edilir. Bu milli geyimlər bizim keçmiş adət-ənənələrimizi əks etdirir. Ona görə də camaatın böyük marağına səbəb olur”.

Satıcılar deyir ki, milli üslubda toy paltarları sifariş edənlərin sayı son illər xeyli artıb. Onlar bunu daha çox türk seriallarının təsirləri ilə bağlayır. Belə ki, Türkiyədə, Ərəbistanda, eləcə də digər müsəlman ölkələrində keçirilən toy mərasimlərini TV-lərdən, internetdən izləyən azərbaycanlı gənclər də öz unudulmaz günlərini həmin libaslarda yaşamağa üstünlük verir.

Xalqımızın gözəl adət-ənənələrindən biri də toy mərasimi olub. Toy günü yalnız iki şəxs xüsusi diqqət mərkəzində olur. Aydın məsələdir - bunlar bəylə gəlindir. Bəs onlar necə geyinir, daha doğrusu, son vaxtlar hansı geyimlərə üstünlük verirlər?

Laçın” ticarət mərkəzində yerləşən “Yıldız gəlinlik” magazasının satıcısı Aysel xanım bildirdi ki, xanımlar daha çox sinəsi qaşlarla bəzədilən, açıq yaxalı, küprlü gəlinliklərə üstünlük verir. Gəlinliklərin kirayə qiyməti 100-200, satış qiyməti isə 450-700 manatdır. Bu libaslar Türkiyədən gətirilir. Xanımlar gəlinliklərə uyğun olaraq daha çox uzun duvaqlardan istifadə edirlər.

“Aygün” gəlinlik malları magazasının satıcısı Günel xanım deyir ki, onların satdığı gəlinlik libasları daha çox Ukrayna və Türkiyədən gətirilir.

Xanımların seçib sifariş etməsi üçün kataloqlar da var. Buradan istədiyin formada və qiymətə paltar sifariş edə bilərsən. Bu mağazada gəlinliklərin kirayə qiymətləri 200-250 manatdır, satış qiymətləri isə 700 manatdan başlayır. Satıcı deyir ki, düyünə hazırlaşan gənc xanımlar əsasən daş-qaşlı, açıq yaxalı gəlinliklərə daha çox üstünlük verirlər.

Bu bizneslə məşğul olanlar hicablı xanımları da unutmayıb. Onlara uygun gəlinliklər də təklif edilir. Həmin paltarlar bir qayda olaraq Dubaydan, habelə Türkiyə və İrandan gətirilir, yaxud da bu ölkələrin kataloqlarından götürülmüş nümunələr əsasında sifarişlə tikilir.

“Estellita Fashion Center” moda evində svarovski qaşlarla, brend parçalarla, aksessuarlarla qabarıq bəzədilmiş bahalı gəlinliklər satışdadır. Bu gəlinliklər bakılı modelyer Stellaya məxsusdur. Onların kirayə qiymətləri 300-800 manatdır, satış qiymətləri isə inanılmaz dərəcədə bahadır - 7-8 min manat arasında. Qiymət libasların bəzəklərinə və keyfiyyətinə uyğun olaraq dəyişir.

Moda evində xanımların bəzədilməsi üçün vizaj və stilist xidməti də var. Hazırda Bakıda VİP gəlin paltarları da sifaris vermək mümkündür. Bunlar sifarişlə tikildiyi və xaricdən gətirildiyi üçün çox baha başa gəlir. Bu gəlinliklərin qiyməti 2-10 min manat arasında dəyisir.

Amma sonda gərək bunu da deyək: belə bahalı paltarlar xüsusi müştərilər üçündür. Onu geyinib yoxlamaq üçün hər müştəriyə etibar etmirlər. Necə deyərlər, müştərinin üzündən oxuyurlar ki, o, bu geyimi alacaq, yoxsa elə-belə, maraq üçün, gözünün qurdunu öldürmək üçün geyib baxır. Sözümüzün canı odur ki, qonşuya yox, pul kisənizə baxıb mala əl uzadın...

Teqlər: