Mikayıl Cabbarov nöqsanlardan danışdı: narazılıq etdi - MÜSAHİBƏ

Mikayıl Cabbarov nöqsanlardan danışdı: narazılıq etdi - MÜSAHİBƏ
  15 Avqust 2014    Oxunub:11411
“Öz ixtisasını belə bilməyən müəllimin maaşını artırmaq məntiqsizdir”

“2000 saxta diplomlu şəxs ümumi təhsil sistemində çalışır”

Biz bu müsahibəni çoxdan gözləyirdik. Əvvəlcə, mən müsahibəni apreldə - daha dəqiq desək, Mikayıl Cabbarovun təhsil naziri kimi fəaliyyətə başlamağının birinci ildönümündə aparmaq istəyirdim. Lakin ezamiyyələr, buraxılış imtahanları və digər cari məsələlər bu fikrimi üç ay təxirə saldı. Buna baxmayaraq, bu da problem yaratmırdı, çünki ünvanlayacağım sualların aktuallığı hələ də qalmaqda idi.

Əlbəttə ki, son illər ərzində Azərbaycanda təhsil ilə bağlı vəziyyət çox mürəkkəb idi. Elə görünürdü ki, hətta təhsili olmayan hər kəs asanlıqla təhsil sistemində qüsurlar aşkar edə bilər. Milli təhsil sistemini tənqid etmək, demək olar ki, adi hala çevrilmişdi. Tənqidin və tənqidçilərin nə qədər obyektiv olduğunu, eyni zamanda tunelin sonunda işığın görünüb-görünməməsini araşdırmağa çalışdım. Biz üç saat danışsaq da, bütün məsələlərə toxuna bilmədik. Buna baxmayaraq, əminəm ki, bunun davamı olacaq və ən geci 1 il sonra nazirdən yenidən müsahibə götürə biləcəyəm.

AzVision.az təhsil naziri Mikayıl Cabbarovun rusiyalı jurnalist Vyaçeslav Sapunova verdiyi müsahibənin bir hissəsini təqdim edir:

- Cənab nazir, artıq bir ildən çoxdur ki, təhsil naziri kimi fəaliyyət göstərirsiniz. Bu müddət ərzində hansı işləri görməyi bacardınız?

- Etiraz etmirsinizsə, cavabı iki hissəyə bölməyi təklif edirəm. Birincisi, bu sahədə görülən və bütün Azərbaycanı əhatə edən tədbirlər geniş anlamda Təhsil Nazirliyi və burada çalışan komanda tərəfindən həyata keçirilmişdir.

Mən başlıca olaraq cənab Prezident tərəfindən 2013-cü ilin oktyabrında təsdiqlənmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan danışmaq istərdim. Mövcud strategiya aşağıdakı istiqamətləri əhatə edir:1. Müəllim. 2. Məzmun. 3. İdarəetmə. 4. İnfrastruktur. 5. Resurslar - mövcudluğu və əlverişliliyi.

Strategiya - Azərbaycan qanunvericiliyində geniş məzmunlu bir sənəddir. Mənim fikrimcə, strategiyada ilk dəfə olaraq Azərbaycan Respublikasında təhsilin vəziyyəti çox ətraflı və dəqiq təsvir olunmuşdur. Təhsil, daha geniş desək, təhsil ictimaiyyəti qarşısında duran məsələlər strategiyada emosional kolorit olmadan, çox peşəkar şəkildə təqdim olunmuşdur. Strategiya əsasında fəaliyyət planı hazırlanaraq, artıq hökumətə təqdim olunub. Hal-hazırda sənəd baxılma və təsdiqolunma mərhələsindədir. Əgər strategiya "nə etməliyik" sualına cavab axtarırsa, fəaliyyət planı "necə etməliyik" sualına cavabdır.

İkinci daha konkretdir- tələbələr, valideynlər, müəllimlər üçün son 15 ayda hansı tədbirlər görülüb? İlk olaraq, görülən iş məzunlara attestatın verilməsi ilə bağlı məsələnin həll olunmasıdır. Hələ üç il əvvəl 11-ci sinfi bitirən dörd nəfərdən biri attestat ala bilmirdi. Bu da onların təhsilin növbəti pillə və səviyyələrinə inteqrasiyasına, eləcə də işədüzəlmə prosesində çətinliklər yaradırdı. Belə ciddi problem haqqında heç də bütün vətəndaşların məlumatı yox idi.

- Bildiyimə görə, Siz islahatları Bakı şəhərindən başladınız.

- Bəli, ona görə ki, ölkə üzrə təhsilalanların, demək olar ki, üçdə biripaytaxtdadır. Rayon təhsil şöbələrindən fərqli olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi birbaşa Təhsil Nazirliyinə tabe olduğundan biz daha çox səlahiyyətliyik. (Müsahibə 24 iyul 2014-cü il tarixli "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının imzalanmasından əvvəl götürülüb).

Ötən müddətdə yeni tədris ilindən təyinat alacaq onlarla məktəb idarəedənləri hazırlanmışdır. Neqativ halların qarşısının alınması məqsədilə tədbirlər gücləndirilmişdir. Biz ümumi təhsil müəssisələrində "təmir pulu", "bayram pulu" anlayışları adı altında pul yığımlarının qarşısını aldıq və ya minimuma endirdik. Təsərrüfat ehtiyaclarının ödənilməsi üçün məktəblərə aylıq maliyyə vəsaiti ayırdıq. Onlarla məktəb təmir olundu. Biz müəllimin orta dərs yükünü qaldırdıq ki, bu da müəllimlərin gəlirlərinə, müəllim-şagird nisbətinə təsir etdi. Biz 1:8 müəllim-şagird nisbətindən 1:12 müəllim - şagird nisbətinə doğru gedirik. Bu hal hələ ki beynəlxalq standartdan aşağı olsa belə, eyni zamanda irəli atılmış böyük addımdır. Bununla yanaşı, biz müəllimlərin işə qəbulu ilə bağlı olan, onların bir bölgə məktəbindən digərinə keçirilməsi kimi məsələni həll etdik. Hal-hazırda bu sistem bütünlüklə elektron formada mərkəzləşdirilmişdir. 2014-cü ildə bütün müəllimlər üçün bir məktəbdən digərinə keçmək məqsədilə mərkəzləşdirilmiş elektron imkanı reallaşdırdıq. Bu, Azərbaycanın ümumi təhsil sistemində çalışan 150 min müəllimin hər birinin peşəkar inkişafı və iş şəraitində öz əksini tapan real nailiyyətdir.

- Buna baxmayaraq, bir çoxları islahatların nəticələrinin o qədər hiss olunmadığından danışırlar.

- Təhsil sistemi qərarın verilməsi və onun həyata keçirilməsi arasında müəyyən zamana ehtiyac olan bir sahədir. Axı bu gün gördüyümüz və kökü Sovet İttifaqının dağılması dövrünə gedib çıxan mənfi stereotiplər, həyat səviyyəsinin aşağı düşməsinə səbəb olan sosial-iqtisadi dəyişikliklərlə əlaqədardır. Bu da öz növbəsində dəyərləndirmə şkalasının dəyişməsində öz əksini tapmalı idi. Müəllim peşəsinin nüfuzu getdikcə aşağı düşdü. Bunun ardınca müəllim peşəsindən digər səmtlərə doğru axın başladı. Bu nəinki ölkədən kənara, eyni zamanda təhsil sistemindən başqa sistemlərə, qısamüddətli də olsa, hissolunan bir axın idi.

- İyun ayında müəllimlərin ilk sınaq qiymətləndirilməsi keçirildi...

- Bakı şəhərində müəllimlərin sınaq qiymətləndirilməsi müstəqil ölkə tarixində ilk dəfə keçirilən bir tədbir idi. Biz qəbul etməliyik ki, bu ana qədər müəllim ordusunun keyfiyyət göstəriciləri - ixtisas biliyi, metodika və onun tətbiqi, psixoloji durumunun hansı səviyyədə olması haqqında dəqiq təsəvvürümüz yox idi. Təkmilləşdirmə ilə bağlı müvafiq təlimlərin həyata keçirilməsi, dərs yükünün bölgüsü və s. ilə bağlı verdiyimiz qərarlar bəzi aspektlər nəzərə alınmadan verilirdi. Daha doğrusu, müayinə etmədən bu və ya digər xəstəliyi müalicə etməyə çalışırdıq. Hal-hazırda isə biz müəllimlər haqda daha çox məlumatlıyıq.

- KİV-də müəllimlərin sınaq qiymətləndirməsinə əsasən onlardan 14,4 faizinin aşağı, 67,4 faizinin qənaətbəxş və 18,2 faizinin isə yüksək nəticə göstərməsi barədə informasiya verildi. Bəs Sizin bu qiymətləndirmə ilə bağlı şəxsi təəssüratınız necədir? Bundan sonra hansı tədbirlər görüləcək?

- Sınaq qiymətləndirməsinə qədər müəllimlər haqda bildiklərimiz yalnız anket məlumatları idi. Onların nə zaman anadan olduqlarını, hansı ali təhsil müəssisəsini bitirdiklərini və nə qədər stajlarının olması barədə məlumatları bilirdik. Eyni zamanda biz müəllimlərin harada işləməsi, nə qədər dərs yükünün ayrılması, təkmilləşdirilmə təlimlərinə göndərilib-göndərilməməsi və hansı keyfiyyətlərin təkmilləşdirilməsi ilə bağlı qərar qəbul etməli idik. Sonra nə olacaq? Bundan sonra pedaqoqların peşəkar inkişafı ilə əlaqədar onlarda bütün keyfiyyətlərin təkmilləşməsinə xidmət edəcək lazımi qərarlar veriləcək.

- "Qeyri-qənaətbəxş nəticələr" nə deməkdir?

- Bu o deməkdir ki, bu müəllimlər məktəbdə işləmək üçün uyğun deyillər. Heç də çətin olmayan bir qiymətləndirmədə onlar 40 maksimum baldan 50 faizini belə toplaya bilməyiblər. Bəs onlar diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən işdən azad olunacaqlar? Xeyr. Biz bu haqda əvvəl də bildirmişdik. Bəs müəllimlərin peşəkarlığının təkmilləşdirilməsi üçün imkan yaradılması məqsədilə sınaq qiymətləndirməsinin nəticələri nəzərə alınacaq? Sözsüz, bu belə olacaq.

- "Test üç bölmədən ibarət idi: ixtisas biliyi, müasir təlim metodikası ilə bağlı biliklər və müəllimin psixoloji durumu. Psixoloji durum hansı vəziyyətdədir?

- Mən deyərdim ki, müxtəlif. Biz yenə də nəyəsə əsaslanmalı idik. Valideynlərin hər hansı bir müəllimin bu peşəyə uyğun olmaması ilə bağlı şikayət etməsi halları çox idi. Əgər bacarırsansa, get aydınlaşdır! İndi isə bizdə ayrı-ayrı vəziyyətlərdə həqiqəti üzə çıxarmağa imkan verməsə də, hər hansı bir müəllimin sinfə daxil olmasına psixoloji durumunun imkan verib-verməməsi haqqında ilkin ümumi fikir yaradan obyektiv ölçü mexanizmimiz var. Bu amil qərar qəbuletmədə çox vacibdir və təhsilalanların psixoloji durumuna və təhsilin keyfiyyətinə birbaşa olaraq təsir edir.

- "Siz elektron işə qəbul barədə qeyd etdiniz. Bu necə həyata keçirilir?

- Yetərincə sadə şəkildə. Siz nə vaxtsa viza almaq üçün elektron formada anket doldurmusunuz?

- Bəli.
- Eyni forma tətbiq edilir. Təhsil Nazirliyinin saytında ölkə üzrə 3000 vakant yer barədə məlumat yerləşdirilir. Minimum tələblərə cavab verən, yəni müəllim işləməyə imkan verən diploma sahib olan və müəllim işləmək istəyən hər bir şəxs anket doldurur. İmtahanlar ayrı-ayrı fənlər üzrə eyni gündə keçirilir. Cari ildə imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin iki korpusunda eyni zamanda keçirildi. İmtahan elektron formadadır. Test imtahanı üç bölmədən ibarətdir: ixtisas biliyini, məntiqi düşüncə qabiliyyətini və metodika üzrə bilikləri yoxlayan test sualları. Nəticələr imtahan bitən kimi məlum olur. Namizəd nə qədər bal toplaması və nə qədər toplamalı olduğu barədə məlumat alır. Biz əvvəlcədən maksimum 35 baldan şəhər məktəblərində işləmək üçün keçid balının 28, kənd məktəblərində işləmək üçün isə keçid balının 21 olmasını bildiririk. İkinci turda - müsahibədə namizədlərin kommunikativ bacarıqları qiymətləndirilir. Lazımi bal toplamış namizədlər şəffaflığın qorunması məqsədilə Təhsil Nazirliyindən, dövlət orqanlarından və məktəblərdən olan üzvlərdən təşkil olunmuş komissiyalar ilə müsahibədə iştirak edirlər.

- Çox adam təhsil sistemində işləməyə çalışır?

- Keçən il 3000 vakant yer üçün 18000 iddiaçı müraciət etmişdi. İmtahan nəticələrinə əsasən biz 1281 nəfəri işə qəbul etdik. Qeyd edək ki, biz keçid balını aşağı salmadıq və tələblərimizi sadələşdirmədik. Öz ixtisasını heç "dörd" səviyyəsində bilməyəni işə qəbul etməyin nə mənası var?!

- İşə qəbulda mərkəzləşdirilmiş sistem korrupsiyanın qarşısını aldı. Amma hər halda bizim şübhələnmədiyimiz problemlər də var?

- Məsələn, saxta diplomlar faktı. Ola bilər ki, bu problem bilavasitə təhsil sisteminə aid deyil, amma bizim göstəricilərimizə təsir edən indikator rolunu oynayır. Bu sistem pedaqoji təhsili olmayan şəxslərin məktəbə işə düzəlməsinə, şagirdlərimizə "dərs keçməsinə" şərait yaradırdı. Buradan ritorik bir sual meydana çıxır: öz peşəkar fəaliyyətini cinayət ilə - saxta diplomla başlayanlar təhsilalanlara, gənclərimizə nə öyrədə bilərlər?!

- Nə qədər saxta diplom satılmışdır?

- Dəqiq rəqəm deyə bilməyəcəm, təxminən bir neçə min. Hal-hazırda bu məsələ ilə bağlı istintaq davam edir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəmi müəyyənləşdirdilər. Amma bilirik ki, əsasən respublikanın rayonlarında 2000 belə saxta diplomlu şəxs ümumi təhsil sistemində çalışır. Biz həmin adamları adbaad tanıyırıq. Əldə olan bütün məlumatları, o cümlədən saxta diplom satan şəxslər barədə məlumatı da Baş Prokurorluğa təqdim etmişik. Bu şəxslər arasında təhsilin idarəetməsində olanlar da var idi. Səhv etmirəmsə, bu barədə Baş Prokurorluq artıq ictimaiyyəti məlumatlandırmışdır. Hansı səbəbdən bu bizim üçün vacibdir? Biz hələ də belə "müəllimlərin" qəbulunun qarşısını kəsə bilməmişiksə, nədən danışa bilərik? Çirklənmə mənbəyini aradan qaldırmasaq, suyu necə təmizləmək olar ki? Bu gün müəllimlərin işə qəbulu üçün mərkəzləşmiş sistemin, diplomları yoxlayan bazanın, çoxpilləli və şəffaf seçimin olması bu sistemdə olan dəyişikliklərin dönməz olacağına təminat verir.

- Müəyyən olunan "saxta müəllimlər" işlərinə davam edəcəklər?

- Yaxşı terminə görə təşəkkür edirəm! Bəli, onlar hələ də işlərinə davam edirlər. Birincisi, qanunu pozmuş olsalar da, 2000 "saxta müəllim"in işdən qovulması eyni sayda işçinin birdən işdən azad edilməsidir. İkincisi, 2000 müəllimin təhsil prosesindən çıxarılmasıdır ki, bu vəziyyətdə onları dərhal əvəz etmək mümkün deyil. Mürəkkəb bir dilemma qarşısındayıq: belə müəllimlə işləyək, yoxsa, yox? Onların çoxu kənd məktəblərində çalışır. Nəhayət, onların arasında yalanın qurbanı olan, tələbə olduqlarına ürəkdən inanaraq dərslərdə, imtahan sessiyalarında iştirak edən, adlarına xüsusi olaraq jurnal açılan, qeydlər olan şəxslər də var. Bununla yanaşı, onların bəziləri vakant yerlər üçün imtahanlarda iştirak edərək öz peşəkarlıqlarını göstərmişlər. Və ancaq sənədlərin yoxlanması nəticəsində məlum olmuşdur ki, bu diplomlar Təhsil Nazirliyi tərəfindən verilməmişdir... Dərhal olmasa da, təhsil sistemini belə hallardan təmizləmə prosesi olacaq. Demək olar ki, artıq bu proses başlamışdır.

- Biz hələ də orta məktəbdən danışırıq.

- Bəli, mən təhsilalanların böyük hissəsini əhatə etdiyi üçün daha çox ümumi təhsil sistemindən danışdım. Lakin digər sahələrdə, məsələn, ilk peşə-ixtisas təhsili səviyyəsində müəyyən dəyişikliklər mövcuddur. Azərbaycanın insan resurslarının perspektivli gələcəyinə inanıram. Lakin hal-hazırda biz daha çox digər ölkələrdən olan mütəxəssislərin xidmətindən istifadə edirik. Bu niyə baş verir? Əvvəla, ona görə ki, bazarın tələblərinə uyğun olan ixtisaslara qəbul planı yox idi. Daha doğrusu, biz sovet sisteminə sadiq qalaraq, son 25 ildə iqtisadiyyatda olan dəyişiklikləri, yeni sahələrin yaradılmasını və digərlərinin aktuallığını itirməsi faktını özümüzdən uzaqlaşdırmışdıq. İlk dəfə olaraq, 2014-cü ildə Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələri üçün bazarın tələblərinə uyğun qəbul planı hazırladı.

İkinci səbəb: tədrisin keyfiyyəti. Bu halda peşəkar standartın nə olması anlamı meydana çıxır. Məsələn, avtomobil mexaniki ixtisası üzrə təhsil alan çoxdan istehsalatdan çıxmış avtomobilləri təmir etməyi bacarmalı idi. Müasir avtomobillər haqqında heç bir məlumat isə yoxdur. Proqramlar ciddi şəkildə köhnəlmişdi. O səbəbdən biz, qeyd edim ki, heç vaxt görülməmiş böyük bir tədbir həyata keçirdik. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində 200 yeni standart hazırlanmışdır. Hələ də 2000 standarta ehtiyac vardır. Eyni zamanda, başa düşürük ki, işəgötürənlərin fikrini öyrənmədən yeni standartların hazırlanması düzgün deyil. Buna görə də bütün dövlət idarələrinə və özəl şirkətlərə sorğular göndərmişik... Hal-hazırda təkcə ilk peşə-ixtisas təhsilində deyil, bütün sahələr üzrə peşəkar standartlara yenidən baxılır.

Qaranlıq qalan bir məsələni də qeyd edim. 15 ay ərzində belə demək mümkünsə, "zəbt olunmuşlar"ı geri qaytarmaq üçün böyük işlər görüldü. Onlarla təhsil müəssisəsinin ərazisi zəbt olunmuşdu. Hal-hazırda həmin obyekt və ərazilər yenidən təhsil müəssisələrinin tabeliyinə qaytarılmışdır. Eləcə də külli miqdarda oğurlanmış tədris vəsaitləri yerinə bərpa edilmişdir. Belə desək, 10 kompüter olmalı olduğu halda, yerində heç biri yox idi. Bu gün isə hər şey öz yerinə qaytarılmışdır.

İnternat müəssisələrinin, idman məktəblərinin, kollec və ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının işdən azad olunması aysberqin yalnız görünən tərəfi idi. Lakin mən daha çox təhsil sistemində: idarəedənlər, müəllimlər və təhsilalanlar arasında əhvali-ruhiyyəni dəyişə bildiyimiz üçün fəxr edirəm. Bəli, insanlar istəyir ki, hər şey burada, indi və tezliklə baş versin. Biz də bunu etmək istəyirik. Harada mümkün deyilsə, biz səbəblərini aydınlaşdırmağa çalışırıq.

Bu gün biz işə yalnız müasir peşəkar standartlara cavab verən müəllimləri qəbul edirik. Bəs qəbuldan sonra tez bir zamanda nəticəni görə bilərik?! Əlbəttə ki, xeyr. Müəllim əvvəlcə sinfə daxil olmalıdır, şərti olaraq onun şagirdi məzun olmalıdır...

- Müəllimlərin aşağı əməkhaqqı alması da cəmiyyətdə müzakirələrə səbəb olur. Məktəbdəki pul yığımları, korrupsiya halları və təhsilin keyfiyyətinin aşağı olması da onunla əlaqələndirilir. Müəllimlərin əməkhaqlarının artırılması, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması müzakirə obyektidirmi?

- Bu məsələnin bir neçə aspekti var. Birincisi, müəllimlərin hal-hazırkı əməkhaqqı aşağıdırmı? Əgər nəzərə alsaq ki, ölkədə orta aylıq əməkhaqqı 400 manatdan artıqdır, o zaman müəllimin orta aylıq əməkhaqqısı onun orta dərs yükü baxımından, çox aşağıdır. İkincisi, müəllim nə qədər işləyir? Bu tez-tez müzakirədən kənarda qalan sualdır. Başqa ixtisas sahibləri və xarici ölkə müəllimləri ilə müqayisədə Azərbaycanda müəllimlərin orta dərs yükü çox aşağıdır. Bizdə müəllimin orta dərs yükü həftədə 18 saata bərabərdir. Amma nə siz, nə də mən həftədə 18 saat işləmirik. Hətta elə müəllimlər var ki, onların dərs yükü 6 və ya 4 saatdır. Biz çıxış yolunu nədə görürük, hansı tədbirlər həyata keçiririk? Dərs yükünün optimallaşdırılması yolu ilə biz minimal tələblərə cavab verməyən müəllimləri sistemdən kənarlaşdırırıq. Razılaşın ki, kobud desək, öz ixtisasını belə bilməyən müəllimin əməkhaqqını artırmaq məntiqsizdir. Bu zaman müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün sertifikatlaşdırma imtahanlarının keçirilməsi ilə bağlı sual meydana çıxır. Nəzəri olaraq, dövlətin müəllimlər üçün şəffaf imtahan keçirməsi çox asan olardı: "Sabah gəl imtahana, əgər keçə bilsən, əməkhaqqın artacaq, keçə bilməsən, əvvəlki əməkhaqqın qalacaq". Bu tədbiri bir neçə ölkədə həyata keçiriblər. Eləcə də bizi həmişə müqayisə etməyə sevdikləri Gürcüstanda. Mən əvvəlcə hazırlaşmağa imkan vermədən müəllimləri yeni proqram üzrə qiymətləndirməyi o qədər də ədalətli saymıram. Biz əvvəlcə onları təkmilləşdirmə kurslarına dəvət edəcəyik. Təlimlərin sonunda isə sertifikatlaşdırma imtahanları keçirəcəyik. Sertifikat almış müəllimlərin əməkhaqları, əlbəttə ki, artacaqdır. Başqa bir məsələ. Təhsil sahəsində əməkhaqqı artırılmasa, düşünürəm ki, bu sahəyə gənc, istedadlı kadrların axınını təmin edə bilməyəcəyik. Hal-hazırda təhsil sistemində çalışan yaxşı kadrları da burada saxlamaq mümkün olmayacaq. Biz çoxlu istedadlı müəllimlərin məktəbə gəlməsində və davamlı olaraq işləməsində maraqlıyıq. Lakin səbəb-nəticə əlaqəsi baxımından illüziyaya qapılmaq lazım deyil: müəllimlərin əməkhaqlarının artırılması akademik göstəricilərin yaxşılaşmasında sıçrayış yaratmayacaq. Ümumiyyətlə, təhsil sistemində irəliləyiş sıçrayışla deyil, tədricən, yavaş-yavaş olur. Bakı şəhəri üzrə müəllimlərin vəziyyətini tədqiq etdikdən sonra bu günün reallıqlarına uyğun olaraq, müəllimin əməkhaqqının nə qədər artırılması və nə qədər vəsaitə ehtiyac olması ilə bağlı hesablama apararaq nəticələri Maliyyə Nazirliyinə təqdim etmişik.

- Belə çıxır ki, bir tərəfdən dərs yükü yenidən paylanacaq, digər tərəfdən isə müəllimlərin əməkhaqları artırılacaq?

- Doğrudur. Bu iki faktorun kombinasiyası olacaq: Dərs yükünün optimallaşdırılması və saathesabı əməkhaqqının artırılması yolu ilə. Sadəcə, bu gün məktəbdə iş saatla deyil, dərs yükü ilə hesablanır. Dərs yükü - həftədə 12 saatdır.

- Akademik saatlar - dərslər nəzərdə tutulur?

- Bəli.

- Mənə həmişə maraqlı olub: Əgər mən dərs zamanı şagirdlərdən nəsə soruşuramsa, deməli, mən işləyirəm. Əgər mən müəllimlər otağında əyləşib yoxlama yazı işlərini yoxlayıramsa, deməli, işləmirəm?

- Əla sualdır! İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin böyük bir qismində müəllimin iş saatları dərs və dərsdənkənar hissələrə ayrılır. Dərsdənkənar saatlara dəftərlərin yoxlanılması, valideynlərlə görüş və s. daxildir. Bizim qanunvericilikdə bu nəzərdə tutulmur. Belə hesab edək ki, akademik saat tam saat deyil. Hər saatdan qalan 15 dəqiqə toplananda 12 saatdan 3 saat edir ki, bu da dərsdənkənar işlərə sərf oluna bilər. Amma istənilən halda heç bir ölkədə 12 saatdan ibarət belə az dərs yükü yoxdur..

Onu da deyim ki, hər kəs müəllimin səviyyəsi ilə təhsilin səviyyəsi arasında əlaqə axtarır. Müəllimin səviyyəsindən o qədər çox asılı olmayan sosial mühitlə təhsil səviyyəsi arasında səbəb-nəticə əlaqəsi mövcuddur.

Gəlin sosial-iqtisadi vəziyyəti ölkə üzrə orta göstəricidən fərqli bir yaşayış məntəqəsinin məktəbinə ən yaxşı müəllimləri göndərək. Bu o anlama gəlirmi ki, iki ildən sonra bu məktəbdə akademik göstəricilər dəyişiləcək? Beynəlxalq təcrübə göstərir ki, xeyr. Təcrübə göstərir ki, akademik göstəricilərin artmasına daha çox sosial mühit təsir edir. Çünki hər şey dəyərləndirmə şkalasından, şagirdin ailəsinin, qohumlarının, onun əhatəsinin təhsilə olan münasibətindən başlayır. Sosial kontekstin dəstəyi olmadan güclü müəllim faktoru kifayət etmir. Bu səbəbdən də bizim işimiz təkcə təhsil sisteminin optimallaşdırılmasından deyil, müəyyən mənada dəyərlər sisteminin yaxşılaşdırılmasından ibarətdir.

- Əlbəttə ki, şagirdin valideynləri və özü anlamalıdır ki, təhsil almaq vacibdir. Reallıqda bu necədir?

- Hər il də aparacağımızı planlaşdırdığımız bir sosial sorğu keçirmişik. Biz soruşuruq: "Sizin fikrinizcə, həyatda uğur əldə etmək təhsil ilə bağlıdır?" Rəqəmləri indi deməyəcəyəm, amma cavablar bizi çox narahat etdi.

Başqa bir statistika. ABŞ-da valideynlərin 87 faizi məktəbəqədər yaşlı övladına kitab oxuyur. 37 faizi isə bunu gündəlik edir. Bizim statistikamıza baxın: 34 faiz ailələrdə uşaqlar üçün kitab yoxdur!

Avropa İttifaqı ölkələrində uşaqların 90 faizdən çoxu məktəbəqədər təhsil müəssisələrinə cəlb edilib. Amma bizdə sadəcə 16,5 faiz təşkil edir. Bu baxımdan, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın məktəbəqədər təhsilin kütləvi olaraq genişləndirilməsi istiqamətində gördüyü tədbirləri böyük əhəmiyyətə malik addım hesab edirəm.

- Daha çox uşaq bağçaları?

- Bəli, kommunikativ və sosial vərdişlər uşaqlara ilkin olaraq orada öyrədilir. Bizim uşaq məktəbə gedərkən o, məsələn, hollandiyalı uşaqdan geri qalır. Məktəbə uşaq bağçasından gedən hollandiyalı uşağın inkişaf və cəmiyyətlə bağlı məlumatı olur. Bizim məktəblinin 2-3 ayı onun məktəbə, kollektivə öyrəşməyə, intizama sərf olunur. Bizim üçün kiçik görünən faktlar sonradan akademik göstəricilərdə öz əksini tapır.

Təcrübədə məktəbəqədər və ibtidai sinif müəllimlərinin əsasən aşağı balla universitetlərə qəbul olması məlumdur. Baxmayaraq ki, bir valideyn kimi deyərdim ki, məktəbəqədər uşağın təlimi yüksək peşəkarlıq tələb edən çətin bir prosesdir. Təhsil sistemində olan bütün problemlərlə yanaşı, valideynlərin və ictimaiyyətin uşaqların təhsildə uğur qazanmaları üçün məsuliyyət daşımasını kənara qoymaq heç də düzgün deyil. Vətəndaşlar təhsil sisteminin effektiv işləməsini tələb etmək hüququna malikdirlər və tələb də etməlidirlər. Eyni zamanda biz də öz məsuliyyətimizi qəbul etməliyik.

- Bu ilin yazında müəllimlərin etik davranış qaydaları qəbul edildi. Bu nəyə görə lazım idi?

- Müəllim mənə təkcə, məsələn, riyaziyyatı öyrədən bir şəxs deyil. Müəllimlik mənə görə bir missiyadır. O, bizim uşaqlarımıza həyatı tanış edən bir insandır. Müəllimlər üçün etik davranış qaydalarının olması deyil, olmaması suallar yaratmalı idi. Bu məsələyə idealizm, romantizm adı verilsə də, müəllimin cəmiyyətdəki rolunu yadına salmaqda yanlış bir məqam yoxdur.

- Bəli, bu doğrudan maraqlı məsələdir. Lakin belə məsələlər daha çoxdur...

- Biz "fast-food" konsepsiyasının üstünlük təşkil etdiyi, hamının "burada və indi" şüarı ilə yaşadığı yüksək templi informasiya əsrində yaşayırıq. Bir məsələni vurğulayaraq onun nəticəsini gözləyirlər. Amma bizim islahat proqramımız birtərəfli deyil. Bu sadəcə, müəllimin etik davranış qaydalarını yaratmaq, dərs ilinin müddətini uzatmaq, 12 illik dərs sisteminə keçmək, müəllimlərin dərs yükünü və əməkhaqlarını artırmaq, "gəlin bu fənn üzrə dərslik yaxşı olsun" demək deyil. Bütün xəstəliklərin çarəsi olan eliksir kimi bir qərar verməyə çalışmaq səhv addımdır. Problem tək ola bilər, amma onun həlli üçün 10 müxtəlif sferada 10 addım atmaq lazımdır.

Gəlin təhsilin keyfiyyəti məsələsini götürək. Son illərdə Azərbaycanda 2700 məktəb binası tikilib və əsaslı təmir olunub. Bunu etmədən XXI əsrin standartlarına cavab verən təhsil prosesini yoluna qoymaq mümkün deyil. Bəs bu təhsilin keyfiyyətinin artmasına kifayət edirmi? Xeyr, təmir olunmuş məktəbə gedən müəllim elə həmin müəllimdir. Deməli, eyni zamanda müəllimin də səviyyəsini qaldırmaq lazımdır. Bəs təkmilləşdirmə kursunu bitirmiş və yüksək əməkhaqqı alan müəllim vəsaitlərlə yaxşı təchiz olunmuş sinifdə yeni dərsliklər olmadan keyfiyyətli dərs keçə bilərmi? Əlbəttə ki, xeyr.

- Gəlin tədris sisteminin vaxtının uzadılması mövzusuna toxunaq.

- Baxın, məni məntiqi əlaqəsizlik təəccübləndirir. Bir tərəfdən insanlara maraqlıdır ki, 12 illik ümumi təhsil sistemi nəyə lazımdır, o biri tərəfdən isə məktəbi bitirdikdən sonra öz təhsillərini ali təhsil müəssisələrində, kolleclərdə, ilk peşə-ixtisas təhsili məktəblərində davam etdirməyə çalışırlar. Çox hallarda öz zəhmətləri ilə qazandıqları pul hesabına...

- Mən şəxsən əleyhinə deyiləm, bu beynəlxalq təcrübəyə əsaslanır.

- Bəli. Biz qlobal iqtisadiyyat sistemində yaşayırıq. Şirkətlər kimi ölkələr də rəqabət aparır. Ölkələr insan resursları sahəsində rəqabət aparırlar. 11 illik təhsil sistemində oxumuş gənc azərbaycanlı universitetə qədər 14 il təhsil almış gənc hollandiyalı ilə necə rəqabət aparacaq?! Digər tərəfdən, bizim tədris ili də Hollandiya ilə müqayisədə qısadır.

- Dərs ili də uzadılacaq?

- Bizdə dərs ilinin müddəti 32 həftədir. Bu çox az müddətdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində orta standart 38 həftədir, bəzi digər ölkələrdə isə 41 həftədir. Aydın məsələdir ki, dərs ilini qısaltmaqla deyil, uzatmaqla uşağa lazımi materialı öyrətmək daha asan olar. Dərs ilinin 34 həftə olması gündəlik dərslərin sayında və məktəbli çantasının çəkisində də özünü göstərəcək. Eyni zamanda istənilən müəllim təsdiq edə bilər ki, 3 ay yarım davam edən tətildən qayıdan uşağın iki-üç həftəsi onun may ayında qazandığı biliyi bərpa etməyə sərf olunur.

Təmayülləşmə haqqında da danışmaq lazımdır. Dünya getdikcə daha da mürəkkəbləşir, daha çox məlumat toplanır. Məsələn, məzun Azərbaycanın və ya Böyük Britaniyanın istənilən ali məktəbində humanitar ixtisas üzrə qəbul olur. Əgər o, son 3 ilini texniki və humanitar fənlərin öyrənilməsinə sərf edibsə, bu zaman onun qəbulolma şansı bu illər ərzində yalnız humanitar elmlər üzrə təmayülləşən şəxslə müqayisədə azdır. Beləliklə, 12 illik ümumi təhsil sisteminə keçid təmayülləşməyə geniş imkan yaradacaq. Mən bir daha qeyd edirəm ki, təhsil sistemində sıçrayışlar baş vermir...

(Vyaçeslav Sapunov. "Azərbaycan müəllimi" qəzetinin tərcüməsi)

Davamı var...



Teqlər:  





Xəbər lenti