Əli Həsənov: `Bu iradlar əsassız və qərəzlidir`

Əli Həsənov: `Bu iradlar əsassız və qərəzlidir`
  15 Avqust 2014    Oxunub:1584
“Bəzi QHT-lər “xalq diplomatiyası” adı altında işğalçı Ermənistanın xüsusi xidmət orqanlarının nəzarətində olan yerli təşkilatlarla əməkdaşlıq əlaqələri qurub, düşmən ölkənin maraqlarının ifadəçisinə çevriliblər”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəzi Qərb dairələrinin, o cümlədən bir sıra xarici təşkilatlar və media orqanları Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi haqda iradlarına cavab verib.

AzVision.az xəbər verir ki, Ə.Həsənov AzərTAc-a müsahibəsində Azərbaycana yönələn iradların əsassız olduğunu bir daha diqqətə çatdırıb.

“Vətəndaş cəmiyyəti institutlarının inkişafını məhdudlaşdıran ciddi amillərdən biri də bu sahədə qanunların tələblərinin tez-tez pozulması – qeyri-şəffaflıq, maliyyə-uçot sisteminin ən adi tələblərə cavab verə bilməməsi və s. olub. Mövcud boşluqlardan istifadə edən bəzi xarici və daxili dairələr Azərbaycanın milli qanunvericiliyinin tələblərinə zidd olaraq siyasi partiyaların, QHT və KİV-lərin fəaliyyətinə nüfuz edib, onları bu və ya digər qeyri-qanuni yollarla maliyyələşdirib və müvafiq olaraq istiqamətləndiriblər. Məhz bunun nəticəsidir ki, bəzi QHT-lər “xalq diplomatiyası” adı altında işğalçı Ermənistanın xüsusi xidmət orqanlarının nəzarətində olan yerli təşkilatlarla əməkdaşlıq əlaqələri qurub, düşmən ölkənin maraqlarının ifadəçisinə çevriliblər. Ən acınacaqlısı isə odur ki, bu tipli QHT və fiziki şəxslər, bəzi jurnalistlər onları maliyyələşdirən xarici dairələrə arxalanaraq, özlərini milli qanunvericilikdən yüksəkdə tutub, öz qrant layihələrini reyestrdən keçirməkdən, maliyyə hesabatlarını təqdim etməkdən, vergi ödəməkdən və hökumətin digər qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırıblar. Dövlət orqanlarının adekvat addımları isə təəssüf ki, bu gün həmin dairələr tərəfindən “vətəndaş cəmiyyətinə basqı”, QHT-lərin və medianın fəaliyyətinin “məhdudlaşdırılması” kimi qələmə verilir, Azərbaycana qarşı məqsədli qarayaxma kampaniyası təşkil olunu”.

PA rəsmisi hesab edir ki, bəzi Qərb dairələri, bir sıra xarici təşkilatlar və media orqanlarının Azərbaycanda guya “avtoritar”, “diktatura” və s. bu kimi idarəçilik metodlarının tətbiq edilməsi ilə bağlı iddiaları əsassız və qərəzlidir.

“Azərbaycanda istər qanunvericilik, istərsə də praktiki baxımdan vətəndaş cəmiyyəti institutlarının sərbəst şəkildə fəaliyyət göstərməsi üçün müvafiq şərait tam təmin edilib. Hökumətin əsas tələbi ondan ibarətdir ki, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da QHT-lərin və medianın fəaliyyətində demokratik azadlıqlardan sui-istifadə hallarına yol verilməsin və bu sahədə qanunların aliliyi təmin edilsin. Qanunlar tələb edir ki, QHT-lər öz nizamnamələrinə uyğun fəaliyyət göstərsin, qanun qarşısındakı vəzifələrini və məsuliyyətlərini dərindən dərk etsin, cəmiyyətdə ictimai nəzarət funksiyasını sağlam şəkildə həyata keçirsin, onları siyasətə sürükləyənlərə, siyasi partiyaların əlavəsinə, bəzi xarici dairələrin anti-Azərbaycan fəaliyyətində ucuz alətə çevirmək istəyənlərə “Yox!” desinlər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti