Rəşid Hacılıdan Xədicə İsmayıla ittiham

Rəşid Hacılıdan Xədicə İsmayıla ittiham
  18 Avqust 2014    Oxunub:1997
Xədicə İsmayıl haqqımızda gözdənsalma kampaniyası aparır.
Media Hüquqları İnstitutunun (MHİ) rəhbəri, hüquq müdafiəçisi Rəşid Hacılı MHİ-nin bağlanma təhlükəsi, quruma qarşı aparılan kampaniya, həmkarlarının həbsi ilə bağlı Musavat.com-un suallarını cavablandırıb.

O, bildirib ki, MHİ-yə qarşı ölkədə aparılan gözdənsalma kampaniyasına təəssüflənir və bunu yanlış hesab edir: “Ötən həftənin əvvəlində mətbuatda bir qrup təşkilatların və vəkillərin imzaladığı bildirilən 97 nəfərlik siyasi məhbus siyahısının olduğu bəyan edildi. MHİ-nin də adı imzalayanlar sırasında göstərilmişdi. MHİ bu siyahıya imza atmadığını bəyan etdikdən sonra ona hücumlar başladı. Bəziləri bizə deyirdi ki, hüquq müdafiəçiləri Rəsul Cəfərovun, onun da ardınca İntiqam Əliyevin həbs edilməsindən sonra biz razı olub-olmamamızdan asılı olmayaraq gərək bu sənədi imzalayaydıq, belə bəyanat verməyəydik . Xədicə İsmayıl isə daha irəli gedərək bizi az qala xəyanətkarlıqda ittiham etməyə başladı. O, təcili olaraq MHİ haqqında həm daxildə, həm də ölkə xaricində gözdənsalma kampaniyası apardı. Bu kampaniya bu gün də davam etməkdədir. Vətəndaş cəmiyyətinin tənqidçi kəsimi üçün ciddi sarsıntıların yaşandığı indiki dönəmdə onun ətrafa inamsızlıq və şübhə püskürən bu addımları bəziləri tərəfindən dəstəkləndi təəssüf ki. Bunu anlayışla qarşılasam da, tam yanlış hesab edirəm”.

Media Hüququ İnstitutu ilə əməkdaşlıqdan, hüquqi dəstəkdən imtina barədə danışan R.Hacılı qeyd edib ki, bu təşəbbüsü jurnalist Xədicə İsmayıl başlayıb: “Biz siyasi məhbuslar siyahısını imzalamadığımızı deyən kimi o dərhal onun işini birgə apardığımız partnyorlara yazıb və bildirib ki, MHİ-dən və məndən imtina edir. Bu, mənə bəlli olandan sonra o özü də təsdiqlədi. Bilirsiniz ki, uzun zamandır biz onu və digər jurnalistləri çətin hüquqi durumlarda müdafiə etməyə çalışmışıq. İstintaqlarda, məhkəmələrdə onlarla birgə olmuşuq. Ölkə daxilində edə bilmədiyimizi Avropa Məhkəməsinə çıxarmışıq. Məhz MHİ-nin köməyi ilə həm Xədicənin, həm də başqalarının işlərini Avropanın ən tanınmış hüquq şirkətləri ilə, vəkilləri ilə birlikdə yüksək keyfiyyətlə hazırlamışıq və aparmışıq. Amma hər kəsin hüququdur ki, istədiyi vəkili seçsin, prosesin istənilən mərhələsində vəkilindən imtina etsin və sair. Hər kəsin seçiminə hörmətlə yanaşırıq. Heç kimdən incimirik”.


Teqlər:  





Xəbər lenti