Azay Quliyevdən beynəlxalq təşkilatlara sərt cavab

Azay Quliyevdən beynəlxalq təşkilatlara sərt cavab
  19 Avqust 2014    Oxunub:1587
“Amnesty İnternational”ın hesabatlarının nə qədər qərəzli, ədalətsiz və subyektiv olduğu, ikili standartlara söykəndiyi açıq-aydın görünür.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev hakim partiyanın saytına verdiyi müsahibəsində bildirib.

A.Quliyevin sözlərinə görə, bu gün “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz Reportyorlar” və digər bu kimi təşkilatlar ayrı-ayrı ölkələrdə insan və vətəndaş hüquqları, söz azadlığı ilə bağlı müəyyən məsələləri araşdıraraq illik hesabatlar tərtib edirlər. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, insan hüquqları məfhumu olduqca geniş anlayışdır və insanların öz mülkiyyətindən istifadə etmək, öz torpaqlarında məskunlaşmaq, təhlükəsiz yaşamaq hüquqları da buraya daxildir.

“Ona görə də “Amnesty İnternational” kimi təşkilatlar öz hesabatlarında bə məsələyə ciddi diqqət yetirməlidirlər. Amma təəssüflər olsun ki, bu cür halların fonunda biz kifayət qədər ikili standart nümunələrinə rast gəlirik. Məlumdur ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 min soydaşımızın hüquqları pozulduğu halda, “Amnesty İnternational” kimi beynəlxalq qeyri-hökumət təşkilatları daxil olmaqla dövlətlərarası qurumlar da Ermənistana qarşı müvafiq tədbirlər görmürlər. Ən azından, sözügedən təşkilat hər il Azərbaycanla bağlı hazırladığı hesabatlarda bu məsələni ayrıca blok kimi dünya ictimaiyyətinə təqdim etməlidir. Eyni zamanda, işğalçı ölkəyə qarşı müəyyən tədbirlərin görülməsi çağırışları səsləndirilməlidir. Lakin əfsuslar olsun ki, bu, hələ də müşahidə olunmur”.

A.Quliyev hesab edir ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı yönələn hesabatları sifarişlə hazırlanır:

“Əlbəttə, bütün bunların müəyyən səbəbləri var. Birincisi, “Amnesty İnternational” kimi təşkilatların hesabatları bəzi ölkələrin sifarişi ilə hazırlanır. Belə olan halda, hesabat və bəyanatlar onu sifariş edən ölkələrin maraqlarına uyğun olur. Görünən odur ki, Ermənistanın işğalçı siyasətini davam etdirməsinə, çoxsaylı cinayətlər törətməsinə baxmayaq, bu sifarişləri verən ölkələr hələ də işğalçı Ermənistanın cəzalandırılmasını istəmirlər. İkincisi, görünür, bu hesabatların hazırlanmasını sifariş edən ölkələrə erməni lobbisinin müəyyən təsirləri var. Çünki ola bilməz ki, bütün hesabatlarda “möcüzəvi” bir güc həmişə Ermənistanı müdafiə etsin. Erməni lobbisinin bu cür fəaliyyətinin iki məqsədi var. Bunlardan birincisi, Azərbaycan əleyhinə qara piar xarakterli təbliğatın davamlı olaraq aparılmasına nail olmaq, ölkəmizi mənfi obrazda təqdim etməkdir. Digər məqsəd isə işğalçı Ermənistanın timsalında “sivil”, “beynəlxalq hüquq normalarına əməl edən” ölkə təsviri yaratmaqdır.

Təbii ki, bütün bunlar bəhs etdiyimiz təşkilatların, o cümlədən “Amnesty İnternational”ın hesabatlarının nə qədər qərəzli, ədalətsiz və subyektiv olduğunu, ikili standartlara söykəndiyini göstərir”.

AzVision.az


Teqlər:





Xəbər lenti