Azərbaycanda neçə nəfər qanunla işləyir?

Azərbaycanda neçə nəfər qanunla işləyir?
  20 Avqust 2014    Oxunub:1711
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) internet saytında (www.mlspp.gov.az) "İşə qəbul olunarkən sizinlə əmək müqaviləsi bağlanılıbmı?" mövzusunda keçirdiyi interaktiv sorğunun nəticələrini açıqlayıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, respondentlərin 73 faizi bu sorğuya "Bəli", 20 faizi "Xeyr" cavablarını veriblər. "Bilmirəm" cavabını verənlər isə respondentlərin 7 faizini təşkil edib.

Qeyd olunan göstəricilərin ötən illərdə aparılmış oxşar sorğularun nəticələri ilə müqayisədə yaxşılaşması vətəndaşların əmək və gələcək sosial təminat hüquqlarının təminatına yönələn proseslərdə səmərəliliyin artmasından xəbər verir. Təkcə cari ilin yanvar-iyul aylarında Dövlət Əmək Müfəttişliyi Xidməti qeyri-leqal əməyə cəlb olunduğu aşkar olunan 5695 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanılmasını təmin edib ki, bu da ötən ilin müvafiq göstəricisindən yüksəkdir. Respondentlərin 20 faizinin onlarla əmək müqavilələrinin bağlanmadığını ifadə etmələri isə işəgötürənlərin bir qisminin işçi hüquqlarına yanaşmada hələ də sosial məsuliyyət hissinə malik olmadığını, bir sıra işçilərin öz əmək hüquqlarına passiv yanaşdıqlarını göstərir və əmək bazarında qeyri-leqal məşğulluğa qarşı təsirli tədbirlərin davam etdirilməsinin vacibliyini sübut edir.

01 iyul 2014-cü il tarixindən tətbiqinə başlanılan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi əmək münasibətləri sistemində mövcud olan bir sıra problemlərin, xüsusilə qeyri-leqal məşğulluğun aradan qaldırılmasına gətirib çıxaracaq. Həmçinin bu sistem vasitəsi ilə işçilərin əmək hüquqlarının etibarlı şəkildə qorunmasını təmin etmək və dövlət nəzarətinin daha keyfiyyətli həyata keçirmək mümkün olacaq.

Sorğuda onlarla əmək müqaviləsinin bağlanılıb-bağlanılmadığını hələ də bilmədiyini vurğulayan işçilər hansı hüquqi əsasla əmək fəaliyyəti göstərdiklərinə diqqət yetirməli, rəsmi və ya qeyri-rəsmi əmək fəaliyyətinin onların gələcəkdə sosial hüquqlarının təminatına birbaşa təsir etdiyinin fərqinə varmalıdırlar.

Hər bir vətəndaş öz əməyinin rəsmiləşdirilməsində ilk növbədə özü fəallıq göstərməli, məhz əmək müqaviləsi əsasında işləməklə öz əməyinə və deməli, gələcək sosial təminat hüququna sahib olmalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti