Arif Hacılı Müsavatdakı `davasından` danışdı

Arif Hacılı Müsavatdakı `davasından` danışdı
  20 Avqust 2014    Oxunub:2819
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiyanın Qurultaya hazırlıq üzrə təşkilat Komitəsinin iclasında dava salması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
A.Hacılı AzVision.az-a açıqlamasında partiya başqanlığına namizəd olan Qubad İbadoğlu ilə dalaşmadığını deyərək deyilənləri təkzib edib.

“Müsavat Partiyasının hər bir üzvünün başqanlığa namizəd olmağa haqqı var. Ümumiyyətlə orada yazılan bütün məsələlər yalandır. Müsavat Partiyasının rəhbərliyində, təşkilat komitəsində qarşılqlı münasibətlərin bu səviyyədə olması qeyri-mümkündür. Burada yazılan hadisələr yazının müəllifinin uydurmasıdır. Müsavatda o səviyyədə müzakirələrin getməsi mümkün deyil”.

Qubad İbadoğlu ilə münasibətlərinə gəlincə isə A.Hacılı onunla münasibətlərinin normal olduğunu deyib.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlarda Müsavat Partiyasının avqustun 18-də keçirilən iclasında Arif Hacılı ilə Qubad İbadoğlu arasında dava düşüb.

Məlumata görə, Arif Hacılı Qubad İbadoğlunu başqanlığa haqqı çatmamaqda ittiham edib.

Daha sonra tərəflər arasında qalmaqal xeyli böyüyüb. A.Hacılı Q.İbadoğlunu “Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?” deyə ittiham edib. Q.İbadoğlu isə “sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm” cavabını verib. Bundan sonra A.Hacılı Q.İbadoğlunun üzərinə hücum edib, lakin ətrafdakılar əlbəyaxa davanın qarşısını alıblar.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti