Yunusovların şikayətləri əsassız çıxdı

MTN-in Müvəqqəti saxlanılma yeri və istintaq təcridxanasında 15-dən çox saxlanılan şəxslə, o cümlədən Arif Yunusovla da görüş olub. A.Yunusov saxlanma şəraiti və rəftardan şikayət etməyib, eyni zamanda, həbs edilməmişdən əvvəl səhhətində yaranmış problemlərin olduğunu bildirib. Tibb hissəsinin həkimi ilə söhbət zamanı o, A.Yunusovun mütəmadi müayinələrdən keçirildiyini və səhhətinin nəzarət altında saxlanıldığını söyləyib.
Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına başçəkmə zamanı orada 20-dən çox saxlanılan şəxslə, o cümlədən İntiqam Əliyev, Pərviz Həşimli, Leyla Yunusova, Fərəc Kərimli, Sirac Kərimli, Rəsul Cəfərov, Murad Ədilovla onların saxlanıldıqları kameralarda görüş olub, həmin şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə bağlı vəziyyət öyrənilib.
Söhbət zamanı adıçəkilən şəxslər İstintaq təcridxanasında onlara qarşı rəftardan şikayət etməyiblər. Eyni zamanda, onlar barələrində başlanmış cinayət işindən narazı olduqlarını söyləyiblər.
Kameralara baxış və ümumi vəziyyətin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin təsdiq etdiyi "İstintaq təcridxanalarının daxili intizam qaydaları"nın tələblərinin pozulması halı müəyyən olunmayıb. Eyni zamanda, adıçəkilən şəxslərin bir neçə təklifi müəssisə rəisi ilə müzakirə edilib.
Başçəkmə zamanı o da məlum olub ki, yuxarıda adıçəkilən şəxslərin hər biri ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də görüşüblər.
Başçəkmənin nəticəsi olaraq müvəkkil aidiyyəti səlahiyyətli şəxslərə müraciət edib və məlum olub ki, artıq A.Yunusova və L.Yunusova müvafiq sovqat və dərman preparatları çatdırılıb.