`Qrant müharibələri`nin Xədicəsi və nəticəsi – TƏHLİL

`Qrant müharibələri`nin Xədicəsi və nəticəsi – TƏHLİL
  28 Avqust 2014    Oxunub:3138
Azərbaycanda QHT-lərin qrant davası pik həddə çatıb. Vaxtilə xarici donorlardan yaxşıca qrant alıb yeyənlər bu gün bir-birlərinə düşmən kəsiliblər. Xaricdən pul alıb, hakimiyyətə qarşı çirkin kampaniyalar aparan bu insanları birləşdirən ancaq aldıqları imiş...

İndi vəziyyət tam fərqlidir. Hökumətin “qrant əməliyyatı”ndan sonra bir sıra qeyri-hökumət təşkilatlarının iç üzləri və qaranlıq maliyyə mənbələri ortaya çıxdı. Bu da QHT dəllallarının kökünə əməlli-başlı soğan doğrayıb. Əvvəlki kimi qrant ala bilmirlər, yaxud da əməlləri ifşa olacaq deyə, qorxub Hüseynov qardaşları kimi gizləniblər.

Leyla və Arif Yunusların, Rəsul Cəfərovun həbsi, Emin və Mehman Hüseynovların qeybə çəkildiyi bir vaxtda hələ də xaricdən qrant almaq ümidi ilə yaşayanlar var. Xədicə İsmayıl kimi...

Sosial şəbəkələrdə və mətbuatda “qrant alverçiləri”nin davasında Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayıl xüsusi aktivliyi ilə seçilir. “Araşdırmaçı” jurnalistin qrant məsələsində nümayiş etdirdiyi həssaslıq və bu məsələ ilə bağlı istənilən statusa, şərhə vaxt itirmədən reaksiya verməsi diqqətdən yanınmır. Sual yaranır: nə üçün?

Diqqət etmisinizsə Leyla Yunus və həyat yoldaşı Arif Yunusun həbsindən sonra X.İsmayıl xeyli aqressivləşib. Ən azından onun Facebook səhifəsində gündəlik yazdığı statuslar və şərhlər Xədicə İsmayılın Yunusovların həbsindən təsirləndiyini və bununla barışmadığını göstərir. O, dövlətə xəyanətdə ittiham edilərək həbs olunan Yunusovların bir nömrəli xilasedici rolundan çıxış edir. Amma bir şey məlumdur: X.İsmayılı yaxından tanıyanlar da yaxşı bilirlər ki, o, öz mənafeyi olmadan nəinki Yunusovların, heç kimin müdafiəsinə qalxmaz və ən azından buna vaxt sərf etməzdi.

Onun Leyla Yunusun həbsinə heyfslənməsinə səbəb də məhz xaricə çıxan qrant dəhlizinin bağlanması idi. Yunusovların həbsi X.İsmayıla sərf etmirdi. Leyla Yunus Xədicə İsmayıl və onun kimi qrant hərisləri ilə Qərb dairələri arasında vasitəçi funksiyasını yerinə yetirirdi. Loru dildə desək, Leyla Yunus “QHT-şnik”lərə maklerlik edirdi. Bu baxımdan Xədicə kimilər üçün Leyla Yunusun həbsi qəbuledilməzdir.

Hər şey publisist-yazar Əli Əkbərin “Qrantyeyənlər” adlı yazısından sonra bütün çılpaqlığı ilə ortaya çıxdı. Bu yazıdan sonra Xədicə işini-gücünü ataraq Əli Əkbər və dostu Günel Mövluda qarşı cəbhə açdı. Əli Əkbərin "Qrantyeyənlər"inə hiddətlənən jurnalist onu vicdanlı insanlara (Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov kimi qrant maqnatlarını nəzərdə tutur – red.) şər atmaqda ittiham edib. Bəli, düz eşitdiniz, vətənə xəyanət edən “vicdanlı insanlar”...

"Həbsdə olan vicdanlı adamlara atılan şərə dəstək verənləri daha dost adlandıra bilmərəm. Gunel Mövlud, buna haqq qazandıracaqsansa, sənə də dost deməyəcəyəm. Bu da bir çevrilmiş səhifə".

Günel Mövlud da öz növbəsində susmadı. Elə yerindəcə X.İsmayılın cavabını verdi: "Belə məsələlər dostluq və ya düşmənçiliklə deyil, arqumentlər, faktlar, nəticələrlə həll edilir. Əli Əkbər yazı yazıb, sual verib. Həbs edilməklərinə haqq qazandırmayıb. Qazandırıbsa, o cumləni deyin. Amma yoxdur elə bir cümlə. Dəstəkləməyə gəlincə, ona inanan minlərlə insanı aldadıb gəlməyən Rüstəm İbrahimbəyovu, hakimiyyətdən aldığı pullarla Milli Kitab Mükafatı keçirib, müxalifətin 15 ildir hakimiyyəti sərt tənqid edən yazarını oğurlayıb susduran Nigar Köçərlini , Anarın əlbuyruqçusu, özünə hakimiyyətdən mümkün olan her şeyi almış Qəşəm Nəcəfzadəni dəstəkləmək daha yaxşıdı? Sən bu adamları dəstəkləmisən. Sənə hörmətimiz var. Dəyərli iş görürsən. Amma arı pətəyində ana arı rolunu oynamağı sənə yaraşdırmıram".

Bu, Xədicənin ilk qalmaqalı deyildi. Bundan öncə də o, hüquqşünas Aslan İsmayılov və Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı ilə analoji qalmaqala səbəb olmuşdu.

X.İsmayıl Aslan İsmayılovu təhqir etməkdən belə çəkinmirdi. Özündən yaşca xeyli böyük olan insan “alçaq” deyə xitab etməsinin də kökündə pul və qrant söhbəti dururdu:
Aslan İsmayılovun qalmaqal yaradan statusu: “Niyə birinci gündən başlayan yoxlamalar barədə həmin QHT rəhbərləri cəmiyyəti xəbərdar etmirlər, aldıqları qrantlar, ödədikləri vergilər, gördükləri işlər barədə cəmiyyəti məlumatlandırmırlar? Hesab edirəm ki, deyilənlər olsaydı, cəmiyyət də baş verənlərə belə susqun münasibət bildirməzdi. Bir çoxları fikirləşir ki, qrant alanların günahı olmasa susmazdılar”.

Aslan İsmayılovun QHT-lərlə bağlı vurğuladığı bəzi həqiqətləri Xədicə İsmayıl həzm edə bilmirdi. O, yenə Yunusovların ləyaqətli və vətəninə bağlı insanlar olduğunu sübut etməyə çalışırdı.

“Aslan bəyə çatdırılsın ki, o, alçaqdır. Öz fikrimi yazdım. Aslan bəyin yəqin ki, xidmətləri olub. Bəzən qətiyyətli mövqe nümayiş etdirib. Amma yaxşı adam hərdən yaxşılıq edən adam deyil, pislik etməyəndir”.

X.İsmayılın sərgüzəştləri bununla da bitmirdi. Onun növbəti hədəfi Media Hüquqları İnstitutunun (MHİ) rəhbəri, hüquq müdafiəçisi Rəşid Hacılı idi. “Bağda ərik var idi...” məsələni xatırladan Xədicə sponsorsuz qalan MHİ-yə qarşı kampaniyaya başlayır. Səbəb isə Rəşid Hacılının Xədicə İsmayılın imza atdığı fırıldağı ifşa etməsi idi.

“Mətbuatda bir qrup təşkilatların və vəkillərin imzaladığı bildirilən 97 nəfərlik siyasi məhbus siyahısının olduğu bəyan edildi. MHİ-nin də adı imzalayanlar sırasında göstərilmişdi. MHİ bu siyahıya imza atmadığını bəyan etdikdən sonra ona hücumlar başladı. Bəziləri bizə deyirdi ki, hüquq müdafiəçiləri Rəsul Cəfərovun, onun da ardınca İntiqam Əliyevin həbs edilməsindən sonra biz razı olub-olmamağımızdan asılı olmayaraq gərək bu sənədi imzalayaydıq, belə bəyanat verməyəydik . Xədicə İsmayıl isə daha irəli gedərək, bizi az qala xəyanətkarlıqda ittiham etməyə başladı. O, təcili olaraq MHİ haqqında həm daxildə, həm də ölkə xaricində gözdənsalma kampaniyası apardı. Bu kampaniya bu gün də davam etməkdədir. Vətəndaş cəmiyyətinin tənqidçi kəsimi üçün ciddi sarsıntıların yaşandığı indiki dönəmdə onun ətrafa inamsızlıq və şübhə püskürən bu addımları bəziləri tərəfindən dəstəkləndi təəssüf ki. Bunu anlayışla qarşılasam da, tam yanlış hesab edirəm” - deyə R.Hacılı X.İsmayılın əməllərindən gileylənirdi.

Aslan İsmayılov, Rəşid Hacılı, Günel Mövlud, Əli Əkbər qalmaqallarının yalnız bir səbəbi var idi: Xədicə İsmayılın qrant maraqları, xaricdən pul ala biləcək rəqiblərini sıradan çıxarmaq və bu sahəni monopoliyasına almaq idi.

Odur ki, X.İsmayıl ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda müstəqil medianın inkişafı üçün elan etdiyi 2,4 milyon dollarlıq qrant müsabiqəsinin əsas iddiaçılarından biridir.

Vəkil Elçin Sadıqov ötən gün Facebook səhifəsində paylaşdığı yazıda Xədicə İsmayılovun apardığı kampaniyaların arxasında məhz qrant hərisliyinin durduğununu gizlətməyib: “Mən belə nəticə çıxarmaqda tamamilə haqlıyam ki, Xədicə İsmayılovanın mənim və əməkdaşlıq etdiyim MHİ-nin əleyhinə qaralama kampaniyasının məqsədi qrant müsabiqəsinin əsas iddialıları olan iki təşkilatın tərəfdaşsız qalması görüntüsünü yaratmaqla öz layihəsinə əlavə şans qazandırmaqdır. Məsələ bu qədər sadədir. Ancaq vicdanlı mübarizədə, rəqabətdə bu ən son yolllardandır".

Vəkil bildirir ki, Xədicə İsmayılovanın təkcə jurnalistlərə qarşı böhtan və təhqirə görə 4-5 iddiası var. "Başqa çoxsaylı işləri ilə bərabər bütün bu işlərini də aparmışıq, artıq Avropa Məhkəməsindədir. "Azadlıq" qəzetində olduğu kimi, ona da poçtalyonluq etmişik, hüquqlarının qorunması üçün hüquqçunun edə biləcəyi hər şeyi etmişik. Xədicə xanım böhtanın, təhqirin nə olduğunu Azərbaycanda ən yaxşı anlayanlardan olmalıdır. Ancaq o, mənə böhtan atdı. Yazıb ki, mən Rəsul Cəfərovun əleyhinə ifadə vermişəm. Belə davranış bəlkə də sizin üçün önəmsiz ola bilər, ancaq mənim üçün çox önəmlidir. Əminəm ki, Xədicə xanım belə bir ifadənin olmadığından xəbərdardır, bilə-bilə qara yaxdığını da dəqiq bilir. Odur ki, Xədicə xanım bu yazdıqlarını təkzib etmək, üzr istəmək zorundadır. Özünə hörmət edən, jurnalist azadlığının sərhədlərinin harda başlayıb-harda bitdiyini bilməli olan qələm adamı bunu sübut etməli və ya ən azı bunu təkzib edərək, məndən üzr istəməlidir..." –deyə vəkil Xədicə İsmayılovu ifşa edib.

Yuxarıda da qeyd etdiyimiz kimi, Xədicə İsmayıl özünü günahsız mələk və xilaskar obrazında təqdim etməyə çalışsa da bu, dəvəquşunun başını kolda gizlətməsinə bənzəyir.

Görünən dağa nə bələdçi: bütün bu davaların, söz-söhbətlərin kökündə bir amal dayanır: pul və xaricdən qrant..

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti