10-dan çox ölkədə Ermənistan əleyhinə etirazlar keçirilib

10-dan çox ölkədə Ermənistan əleyhinə etirazlar keçirilib
  13 Sentyabr 2014    Oxunub:1977
Erməni diasporası tolerantlığını pozaraq Ermənistanın daxili işlərinə qarışmağa və Sarkisyan rejimi əleyhinə mübarizəyə başlayıb.

AzVision.az-ın xəbər verdiyi kimi Ermənistanda Sarkisyan rejimi əleyhinə etirazlar güclənib. Məlum etiraz dalğası artıq Ermənistan hüdudlarından kənara çıxıb. Dünyanın 10-dan çox ölkəsində erməni diasporası “Ədalət naminə birlik” adı altında forumlar keçirib. Ölkələrindəki ədalətsizliyə biganə qalmaq istəməyən ermənilər bu dəfə 18 siyasi məhbus – hakimiyyətə qarşı çıxdığına görə xuliqanlıq adı altında 7 illik həbsə məhkum edilən Şant Arutyunyan və onun yoldaşlarına dəstək olmaq üçün birləşiblər. Xarici erməniləri ən çox narahat edən Şant Arutyunyanın 14 yaşlı oğlu Şaqen Arutyunyanın barəsində 5 il müddətinə həbs qərarıdır.

Forum çərçivəsində Praqa, Nyu-York, Los-Ancelos, Paris, Strasburq, İngiltərə, Estoniya, Danimarka, eləcə də digər ölkə və şəhərlərdə Ermənistanda hakimiyyətin ədalətsizliyinə qarşı etiraz mitinqləri keçirilib.

Etirazçıların fikrincə, Ermənistanın hazırki dövlət başçısı Serj Sarkisyandan tutmuş hökumət nümayəndələri “xalqdan günbəgün uzaqlaşırlar, vətəndaşlara münasibətdə məsuliyyət hiss etmirlər”. Bunun əsas səbəbini isə onların əslində xalq tərəfindən seçilməmələri ilə izah edirlər: “Diasporamız Ermənistanda qanunlara zidd, qeyri-normal idarəetmə sistemi olduğunu yaxşı görür. Ermənistanda mövcud diktatorluq kənardan daha da aydın görünür. Biz buna biganə qala bilmərik. Lazım gələrsə, dünyanın o biri başında belə etiraz səsimizi ucaldacağıq”.

Ermənistanda son 10 ildə diasporanın ölkə daxilindəki hadisələrə “tolerant” yanaşması ilə bağlı formalaşan fikirlər artıq dəyişməyə başlayıb.

“Hər kəs yaxşı başa düşür ki, belə davam edə bilməz. Ölkədə müsbət dəyişikliklərə nail olmaq üçün, hazırki hakimiyyətə təzyiq göstərmək lazımdır. Əgər bir neçə il əvvəl diasporamızın etirazlarının əsas səbəbi “Erməni genosidi” məsələsi idisə, bu gün gündəmdə hazırki hakimiyyətin yürütdüyü siyasət, seçkilərin saxtalaşdırılması, kriminal oliqarxlarla mübarizə, siyasi məhbuslar v.s kimi daxili məsələr dayanır” - deyə, adıçəkilən ölkə və şəhərlərdəki erməni diasporasının birgə bəyanatında qeyd olunur.

Los-Ancelosdakı “Dirçəliş” hərəkatının üzvü Norik Markosyanın fikrincə, “xalqın istənilən etirazı özlüyündə bir mesaj daşıyır, normal ölkələrdə etirazlar hakimiyyəti düşünməyə vadar edir, normal hökumət xalqın səsini eşidir, lakin Ermənistan hökuməti buna qabil deyil və hər zaman öz xalqına qarşı çıxır. Bu isə etiraz doğurmaya bilməz”.

Qeyd edək ki, xaricdə Sarkisyan rejiminə qarşı keçirilən mitinqlərdə bütün siyasi məhbusların azad edilməsini tələb edən etirazçılar, Rusiya prezidenti Vladimir Putinin əleyhinə də şüarlar səsləndiriblər.

Qeyd edək ki, son bir neçə gündür xarici ölkələrdəki erməni diasporasının Sarkisyan rejiminin ədalətsizliyinə qarşı fəallığı daha da artıb. Sosial şəbəkələrdə etiraz mitinqlərinin genişləndirilməsi üçün təşkilati işlər aparılır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti