Paris görüşündə kim qazandı? - ŞƏRH

Paris görüşündə kim qazandı? - ŞƏRH
  28 Oktyabr 2014    Oxunub:13263
Oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüş həm təkbətək, həm də həmsədrlər və Ollandın iştirakı ilə baş tutub.

Paris görüşünün təfərrüatları rəsmən açıqlanmasa da danışıqların Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm irəliləyişlərə yol açacağı bildirilir. Belə ki, Azərbaycan və Ermənistan prezidentləri Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər haqqında məlumatların mübadiləsi haqqında razılığa gəliblər.

Politoloq Elman Nəsirov prezidentlərin Paris görüşünü şərh edib. Ekspert AzVision.az-a açıqlamasında bildirib ki, bu görüş Fransa tərəfi üçün də vacib idi. Çünki son sosioloji sorğulara görə ölkə prezidenti Fransua Ollandın nüfuzu xeyli aşağı düşüb:

“Belə vəziyyətdə o özü də istəyirdi ki, bu cür mürəkkəb problemin həlli ilə məşğul olan və onun həllinə töhvə verən prezident kimi yadda qalsın”.

Politoloq vurğulayıb ki, bu görüşdə bir neçə tezisə diqqəti cəlb etmək olar. Birincisi, Fransa tərəfinin mövqeyi bu oldu ki, status-kvo vəziyyəti dəyişməlidir:

“Hesab edirəm ki, bu fikrin Paris danışqılarında da səslənməsi o anlamdadır ki, Ermənistanın işğalçı siyasətinə son qoyulsun, Azərbaycanın işğal altında olan torpaqları azad olunsun. Buna status-kvonun dəyişməsi deyirlər. Görüşdə həmçinin problemin həllinə xidmət edən təmasların intensivləşdirilməsi ilə bağlı fikirlər öz əksini tapdı. Eyni zamanda tərəflərin siyasi iradə nümayiş etdirməklə bağlı mövqeyi oldu. Bunlar dəfələrlə olmuş mövqelərdir və hesab edirəm ki, bununla problemi həll etmək mümkün deyil”.

Görüşün həlledici məqamlarına da toxunan Elman Nəsirov qeyd edib ki, bu məqam ilk olaraq əsir düşmüş azərbaycanlılarla bağlı idi:

“İlk olaraq, Azərbaycanın Kəlbəcərdə əsir götürülmüş iki vətəndaşının Ermənistanda qeyri-qanuni məhkəmə prosesi oldu. Bu nöqteyi-nəzərdən görüşdə əsirlərin geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç komitəsi ilə əməkdaşlığın gücləndirilməsi və bu sahədə informasiya və məlumat mübdiləsi ilə bağlı razılaşmanın əldə edilməsi vacib məsələlərdən biridir. Bundan savayı Azərbaycan tərəfi danışıqlarda Böyük Sülh Sazişinin hazırlanmasına başlamaq məsələsini qoymuşdu. Fransua Olland da bu məsələni qoydu və bildirdi ki, artıq bu sazişin imzalanmasına başlamaq lazımdır”.

Politoloq Paris danışıqlarının həm də ATƏT-in Minsk qrupu üçün də əhəmiyyətindən söz açıb.

“Bütövlükdə Paris danışıqları ATƏT-in Minsk qrupu üçün ona görə lazımdır ki, bu ilin iyulun sonu avqustun əvvələrində Azərbaycanın Ermənistanla təmas xəttində baş verən silahlı insidentlə Ermənistan bir daha göstərdi ki, münaqişə müharibəyə çevrilə bilər. Bu baxımdan Paris danışqılarında əldə edilən razılaşma ondan ibarətdir ki, danışıqlar davam etdirilsin. Təbii ki, belə olan halda onun müharibəyə çevrilməsi hetimalı azalmış olacaq.

Həmçinin daha bir razılaşma əldə olunub ki, 2015-ci ilin sentyabr ayında BMT Baş Məclisinin sessiyasında Nyu-Yorkda yenidən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilsin. Bu təklif də Fransadan gəlib və ilkin olaraq razılaşdırılıb”.

E.Nəsirov deyib ki, hazırda aktual olan müzakirə mövzusu Rusiya prezidentinin Soçi görüşündə etdiyi təklifdir:

“Rusiya prezidenti Putin isə avqustun 10-da Soçi görüşündə qeyd etdi ki, payızda növbəti dəfə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək istəyir. Təbii ki, Paris danışıqlarından sonra Rusiya tərəfinin hansı şəhərdə və nə zaman belə danışıq təşkil edəcəyi məsələsi aktuallaşıb. İndidən belə fikirlər səslənir ki, Ermənistan Rusiyadan asılı vəziyyətdə olduğundan Parisdə deyil, Rusiyanın müəyyən etdiyi şəhərdə münaqişənin həlli ilə bağlı nə isə bir irəliləyiş gözləməyi daha düzgündür, nəinki Parisdə”.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti