“MKM antiədəbiyyat mükafatıdır“ - MÜSAHİBƏ

“MKM antiədəbiyyat mükafatıdır“ - MÜSAHİBƏ
  03 May 2013    Oxunub:2708
AzVision.az ədəbi tənqidçi Əsəd Cahangirlə müsahibəsini təqdim edir.
- Əsəd bəy, “Kim yatmış, kim oyaq?” kitabınız bir ay öncə Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi Yaşar Qarayev mükafatına, bu gün isə Mədəniyyət və Turzim nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görüldü. Əvvəla sizi bu ikiqat qələbə münasibətlə təbrik edirik. İkincisi, qalib gəlmək necə hissdir?

- Sağ olun. Bu, mənim ilk mükafatım deyildi. İndiyəcən Nizami Gəncəvi, Aydın Məmmədov, Şahmar Əkbərzadə, Cəlaləddin Rumi mükafatları almışam. Amma Yaşar Qarayev və “Qızıl Kəlmə” mükafatlarının mənim üçün xüsusi önəmi var. Çünki yazı yazmağı mən onun bir-birindən gözəl kitablarından öyrənmişəm. “Qızıl kəlmə” isə ədəbiyyat sahəsində dövlət tərəfindən verilən ən ciddi mükafatlardan biridir. Hər iki müsabiqənin jüri üzvlərinə obyektiv nəticələrə görə minnətdarlığımı bildirirəm.

Əgər özünü haqlı sayırsansa, qalib gəlmək insanda daxili rahatlıq hissi oyadır. Dostlarla oturub bu qələbəni qeyd etmək nəyə desən dəyər. Əgər haqlı deyilsənsə, sadəcə, iddia edirsənsə, bunu bilmirəm. Çünki heç vaxt belə etməmişəm.

- Kitabınızda məqalə və esselər toplanıb. Siz, eyni zamanda, “O adam” və “Namaz” poemalarının müəllifisiniz. Daha çox harda Əsəd Cahangir var -essedə, ədəbi tənqiddə, yoxsa poeziyada?

- Mən özümü daha çox söz adamı sayıram. Amma mənə ən doğma janr essedir, sonra poeziya, sonra tənqid. Məncə, iyirmi ildən artıq müddətdə yazdığım yüzlərlə yazı arasında iki ən uğurlusu “Söz” essesi və “Namaz” poemasıdır. Çünki bu yazılarda bir müəllif kimi maksimum özünü ifadəyə nail ola bilmişəm.
Esse həm poeziyadır, həm tənqid, eyni zamanda da bunların heç biri deyil. Esseist şairdən də, tənqidçidən də daha azaddır. Subyektiv impulsa söykənən daxili azadlıq isə yaradıcılığın əsas şərtidir. Mənə görə Kamyünün absurda həsr olunmuş “Sizif” essesi onun istənilən romanından, yaxud Həmid Herisçinin esseləri “Nekroloq”undan daha maraqlıdır.

- Absurd dediniz, yadıma bəzi yazarların müxalifət vulkanından çıxmış lavalara bənzəyən yazıları düşdü. Sizcə, onların yazdıqları ədəbiyyatdır, yoxsa, sadəcə, vulkan püskürməsi?

- Məncə, bu, şöhrət qazanmaq, gündəmə gəlmək yarışıdır. Qışqırıqla ədəbiyyat yaranmır. Qışqıranların yazılarında sözün yubkası göbəyinə qədər qaldırılır. Özləri isə başları qırxılmış, hamısı eyni zolaqlı forma geymiş məhbusları xatırladırlar. Hamısı eyni cür düşünür, eyni tərzdə yazırlar. Özünəməxsusluq, fərdi sima yoxdur. Özünəməxsusluq isə istedadın ilk əlamətidir. Onlar öz enerjilərini başqalarını söyüb təhqir etməkdən alırlar. Bu, manyaklıqdır. Onların yaddaşı yoxdur. Bu isə manqurtluqdur. Ən maraqlısı isə budur ki, neçə illərdir hamını – klassikləri, müasirləri, ölüləri, diriləri, hətta Allahı söyüb qurtarandan sonra indi də bir-birilərini söyürlər.

- “Söz” və “Səs” esselərinizdə həyatı və insanı sözün səsin, rəngin içində axtarırsınız. Bu həyata və insana bir dəyər qazandırırmı? Ümumiyyətlə, sizcə, sözdən, səsdən və rəngdən kənarda həyat varmı?

- Mənim üçün bu üç anlayışdan kənarda heç nə yoxdur. Zamanın üç halı bu anlayışla bağlıdır. Söz keçmiş, səs indiki, rəng isə gələcək zamandır. Yaradılış bu üç anlayışa əsaslanır. Söz yaranışın ideyası, səs bu prosesin özü, rəng isə nəticəsidir. Tanrı əvvəlcə dünyanı yaratmaq haqda düşünüb. Bu, sözdür. Sonra “Ol” deyib. Bu, səsdir. Onun səsi hüdudsuz boşluqlara yayılıb və dünya yaranıb. Bu artıq rəngdir. Dünya Allahın maddiləşmiş, əvvəlcə səsə, sonra rəngə çevrilmiş sözüdür.

Məkan da bu üç anlayışa bağlıdır. Söz hər şeydən ucada olduğundan yüksək dağlıq yerlərə, rəng isə ən aşağıda olduğundan çökəkliklərə uyğun gəlir. Səs bu ikisi arasında orta yer tutur. Bu baxımdan mən Azərbaycanın kulturoloji xəritəsini belə çəkərdim – Naxçıvan, Göyçə, Qazax söz, Qarabağ səs, Bakı və ətrafı isə rəng məkanıdır.

Ədəbiyyat və incəsənət də bu anlayışlar daxilindədir. Mən bununla, söz deyəndə sadəcə şeiri, səs deyəndə ancaq musiqini, rəng deyəndə təkcə rəssamlığı nəzərdə tutmuram. Hər əsərin özünün söz, səs, rəng dövrü olur. Məsələn, “Koroğlu” dastanı bu anlayışlara uyğun olaraq, məncə, trilogiyadan ibarətdir. Anatomik yöndən yanaşsaq, bu trilogiyanın birinci hissəsi – “Laloğlu” baş, yəni düşüncə, ikinci hissəsi – “Koroğlu” qulaq, yəni səs, üçüncü hissəsi – “Karoğlu” isə göz, yəni rənglə bağlıdır. Telepatik dillə, yəni intuitiv sözlə bağlı birinci hissə yazılmayıb, ancaq düşünülüb, ona görə də bizə gəlib çatmayıb. Əldə olan səslə bağlı

– “Koroğlu”dur. Koroğlunun ən güclü silahı da onun səsi – nərəsidir. Gözlə bağlı üçüncü hissə, “Karoğlu” yazılmır, çəkilir. Bu, Koroğlunun portretləri, filmi, heykəlidir.

Söz çoxdan ölüb. Biz səsin tədrici ölümü və rəngin başlanğıcı dövrünün adamlarıyıq. Ona görə də çağdaş insan yüz dəfə eşitməkdənsə bir dəfə görməyə, yəni qulağa yox, gözə, başqa sözlə desək, rəngə inanır. Beləliklə, bu anlayışlar bizə keçmişi, bu günü və gələcəyi anlamağa, özümüzü dərk etməyə kömək edir.

- Ezoterika və mikrokosmos-makrokosmos əlaqələrinə münasibətiniz necədir?

- Ezoterikanın mahiyyətində bu durur ki, insanda olan hər şey kainatda böyüdülmüş, kainatda olan hər şey isə insanda kiçildilmiş şəkildə mövcuddur. Yəni insan mikrokosmos, kainat isə makroinsandır. Belə idrak insanın nəhayətsiz intellektual imkanlarını, ilahi sferaya nüfuz etmək gücünü, latent fenomenal potensialını üzə çıxarır, onu bütün varlıqla bir edir, təbiət üzərində hakimə çevirir. Onun sözü iş görür. Qədimdə insanlar bu qabiliyyətə malik idi. Çünki onların sözü ölü yox, diri söz idi, ol deyirdilər, olurdu. Belə sözə sahib olan sadəcə insan yox, superinsandır. Bu imkan latent, yəni gizli şəkildə hamıda var. Dahilərin adi adamdan fərqi də məhz daxillərindəki latent imkanı bu və ya digər dərəcədə üzə çıxarmalarından ibarətdir. Məsələn, Nəsimi özünün bu imkanını görən adam idi. Və hətta bu imkanı bir qədər də hiperbolik, yəni şişirdilmiş şəkildə dərk edirdi. Onun üsyankarlığı burdan doğurdu. Füzuli bu imkana o qədər də inanmırdı. Onun poeziyasındakı kədərin psixolji əsasında bu dururdu. Nizami bu ikisinin arasında – qızıl ortada dayanırdı. Onun poeziyasındakı sevinc bundan qaynaqlanırdı.

- Hərdən musiqi də bəstələyirsiz. Həmin vaxt sizdə hansı proses olur: Sözdən səsə enmə, yoxsa sözdən səsə qalxma?

- İnsan tragik məxluqdur və həyat tragediya janrındadır, çünki axırı ölümlə bitir. Amma elə ki, ruhun ölməzliyini dərk edirsən, həyatın ölümlə qurtarmadığına, sadəcə bir formadan başqa formaya keçdiyinə daxili inamın formalaşır, onda tragizm aradan qalxır və musiqi yaranır. Musiqi faciəyə, yəni ölüm düşüncəsinə qalib gəlməyin əlamətidir. Ümumiyyətlə, sənətin mənbəyi kədər yox, sevincdir. Mən bu baxımdan “şeirin mayəsi qəmdir deyən” Füzuli yox, “sözün arğacı sevincdir” deyən Nizami ilə razıyam.
İnsanla Tanrı arasındakı yaradıcılıq vertikalında söz ən ucada, səs ortada, rəng ən aşağıda durduğundan mən musiqi bəstələməklə, şübhəsiz ki, enirəm. Amma bu, gələcək yüksəlişlər üçün zəmin hazırlayan bir enişdir. Çünki atomdan tutmuş planetlərə qədər hər şey kürə şəklindədir. Axı aramsız dövr edirlər və dövr edən hər şey kürələnməyə meyllidir. Kürəvilik idraka da xasdır. Ona görə biz düşüncə baxımından aşağı endikcə, çevrə boyunca fırlanıb yenidən başlanğıc nöqtəsinə qayıdır, yəni həm də qalxırıq.

Yeri gəlmişkən, bir neçə il öncə bəstələdiyim iyirmiyə yaxın mahnıdan ikisinin ilk və gözəl ifaçısı kimi Zəka Vilayətoğluna minnətdarlığımı bildirmək istəyirəm.

- MKM –in 10 –na yəni qısa siyahısına düşən əsərlər arasında hansını bəyənirsiz?

- Onluğa düşənlər arasında Zahid Sarıtorpaq və Azad Qaradərəlini oturuşmuş imzalar sayıram. Zakir Sadatlıya gəlincə, onun təkcə Əfqanıstan mövzusu yox, həm də ən azı xatirəsinə hörmətlə yanaşmaq lazımdır. Sayman Aruz cənubu təmsil edən yeganə imza və aktual mövzu daşıyıcısı kimi diqqəti çəkir. Pərvin isə şanslılar arasında həm yeganə azərbaycandilli xanımdır, həm də onun gələcək nasir potensialı göz önünə alına bilər. Amma inanıram ki, jüri bu dəfə də ən güclü yox, məhz ən zəif əsəri birinci yerə çıxaracaq. Məsələn, Qanturalının “Mustafa”sı birincilik qazansa, mən buna zərrə qədər də təəccüblənməyəcəm. Çünki MKM ədəbiyyat yox, antiədəbiyyat mükafatıdır. Elə bil onlarla adam bir neçə ay gərgin işləyir, seçim eləyir ki, ən zəif yazanı tapıb ona pul versinlər, get xərclə, sənə halaldır, çünki yaza bilmirsən. Bu həm də başqalarına mesaj ötürməkdir ki, baxın, pis yazsanız, siz də mükafat alacaqsınız.

- Ümumiyyətlə, siz o müsabiqənin obyektivliyinə tam inanırsızmı?

- Mən MKM-nin nəinki obyektivliyi, heç subyektivliyinə də inanmıram. Orda ədəbiyyat söhbəti yerli-dibli yoxdur. Xarici qüvvələr dilənçi payı verməklə, Azərbaycan yazarları arasından gələcəyin allahsız və millətsiz manqurtlarını - rüşdüciklər və pamukcuqlar formalaşdırır. MKM-in rəhbəri Nigar Köçərli isə missionerdir. O, Azərbaycan ədəbiyyatına xaricdən atılan desantdır.

- Mümkünsə, son zamanlar mediada Səməd Vurğun haqqında gedən söz söhbətlər barədə bir neçə söz.

- Səməd Vurğunun öz sözü ilə desək, “Arifləri dindir ki, nədir şeir ilə sənət, şair yaranan əmrə peşiman ola bilməz”. O mübahisələri edənlər nəinki arif deyillər, hətta elementar filoloji təsəvvürləri belə yoxdur. Əgər olsaydı, bilərdilər ki, Səməd Vurğun Qori müəllimlər seminariyasını bitirmiş, Moskvada ali təhsil almışdı. İndi onu bəyənməyənlərdən fərqli olaraq, rus dilini mükəmməl bilirdi. Hətta o dərəcədə savadlı idi ki, 1954-cü ildə SSRİ Yazıçılar İttifaqının qurultayında sovet xalqları poeziyası haqqında məruzə ona həvalə olunmuşdu. Hər hansı slavyan, yaxud xristian yazıçısı yox, məhz ona. Bu, onun keçmiş SSRİ miqyasında ədəbiyyatda necə bir avtoritet olmasından xəbər verirdi. Və bu avtoriteti o, qara qaş-gözünə görə qazanmamışdı.

Səməd Vurğun sadəliyin dahisi idi. Bu sadəliyi savadsızlıq saymaq özü kəmsavadlıqdır. Çünki Səməd Vurğunun sadə yazması aydın düşünülmüş nəzəri konsepsiyadan irəli gəlirdi. “Nədən şeirlərim dillərə düşüb, dağların çobanı məni anmasın?” Sadə yazmaqdan məqsəd bu idi. Və elə məhz bu sadəliyin – xəlqiliyin hesabına o poeziyamızda yeni mərhələ açdı, çağdaş Azərbaycan ədəbi dilinin əsasını qoydu, məktəb yaratdı. O məktəb bu gün də davam edir.

Yeri gəlmişkən, Səməd Vurğuna qarşı belə hücumlar təzə xəbər deyil. Şöhrətin ən uca zirvəsində olanda xalqın sevgisini ona qısqanır, onu “saz üstündə şeir quran çoban şairi” adlandırırdılar. Amma onu bəyənməyənlər indi hanı? Səməd Vurğun isə minillik Azərbaycan şeiri tarixində yeddidən yetmişə hamının əzbər bildiyi yeganə şeirin müəllifidir.

Səməd Vurğuna qarşı belə gülünc hücumların psixolji motivasiyasında Salyeri kompleksi durur. Təkcə bizdə yox və yalnız indi deyil, hər yerdə və həmişə salyerilər öz uğursuzluqlarının qisasını motsartları zəhərləməkdə görüblər. Amma yazıqlar olsun bilməyiblər ki, “neylər qartala qarğa atan daş?”

- Həmçinin Mirzə Cəlilin “Ölüləri” barədə də bir iddia ortaya atılıb. Bir ədəbi tənqidçi kimi onun plagiat olması iddiasına cavabınız necə olardı?

- Həmid Herisçi yazır ki, Mirzə Cəlil Meterlinkdən plagiat edib. Amma, məncə, buna uzaqbaşı təsirlənmə demək olar. Y.V. Çəmənzəminli vaxtilə yazırdı ki, “düzdür, bu əsərlər bir-birinə oxşayır, amma inanmıram ki, Mirzə Cəlil Meterlinki oxumuş ola.” Məncə, əgər oxumuş və təsirlənmiş olsaydı da, burda heç bir qəbahət olmazdı. Bəyəm, oxşar və ya yaxın mövzularda yazmaq plagiatdır? Plagiat odur ki, sən başqasının əsərini götürüb öz adına dərc etdirisən. Fridrix Bodenştet Mirzə Şəfinin şeirlərini almancaya çevirib öz adına çıxdığı kimi.

Dünyada elə bir yazıçı yoxdur ki, kimdənsə təsirlənməsin. Antik və klassik dövrdə nəzirə, yaxud reminissensiya yazmaq hətta ədəbiyyatın tələbi idi. Şair ustadların yazdığı mövzuda yazmaqla sanki imtahan verir, gücünü sınayır, bu sınaqdan üzü ağ şıxsa, özünü təsdiq edirdi. İstər dünya, istərsə də milli ədəbiyyatdan buna dair minlərlə misal çəkmək olar. Postmodernizmdəki hipermətn anlayışına görə bütün mətnlər gözə görünən və görünməyən, açıq və gizli tellərlə bir-birinə bağlıdır. Bunu yazıçı bəzən bilərəkdən, bəzən də bilməyərəkdən edə bilər. Amma Həmid Hersiçi kimi intellektual adamın bunu bilməzlikdən etməsinə inanmıram. O, sadəcə publika ilə oynayır. Şok-tendensiya, yaxud kütləni qıcıqlandırmağın özü də postmodernist ədəbiyyatın mühüm göstəricilərindən biridir.

- Oxunmasını ən çox məsləhət gördüyünüz 5 yazarın adını çəkərdiz...

- Birincisi, Maks Gendel - “Kosmoqonik konsepsiya”, ikincisi, Rene Genon - “Müasir dünyanın böhranı”, üçüncüsü, Daniil Andreyev - “Barış çiçəyi”, dördüncüsü, Arnold Toynbi- “Tarixin dərki” və beşincisi, sevdiyiniz bütün kitablar...

- AYB-dəki yaradıcılıq əzmi hazırda qalxan şkala üzrə hərəkət edir, yoxsa enən şkala üzrə.

- Yaradıcılıq təşkilati yox, fərdi, individual məsələdir. Amma mühit də istedadın çiçəklənməsinə mühüm təsir edir. Toxumun cücərməsi üçün münbit zəmin, günəş işığı, hava, su lazımdır. AYB bu gün Azərbaycanda ədəbiyyatın başlıca qarantı olaraq qalır. Bu gün şeir, nəsr, tənqid, tərcümə sahəsində ən ciddi, ən aparıcı ədəbi qüvvələr məhz bu təşkilatın ətrafında birləşib.
Son illər AYB-yə yeni enerji axını gəlir. Rəşad Məcidin rəhbərliyi ilə Gənc Ədiblər məktəbinin fəaliyyətini bu yöndən yüksək qiymətləndirirəm. Gənc Ədiblər məktəbinin təmsilçiləri arasında istedadlı gənclər az deyil. Bu gənclərdən Emin Piri və Ramil Əhmədə daha çox güvənirəm. Eminin də, Ramilin də poeziyası məni ədəbi gəncliyimiz barədə nikbin düşüncələrə sövq edir. İnanıram ki, bu gənclər özlərindən öncəkilərin estetik və ideoloji səhvlərini təkrar etməyəcəklər.

- Məndən eşitmək istədiyiniz son sual. Və ona öz cavabınız ?

- Mən bu sualı həmişə hamıya vermişəm və hamıdan eşitmək istəmişəm. Kitabım da elə belə adlanır: Kim yatmış, kim oyaq? Cavabım isə belədir: dəmirbaşlar yatmış, qızılbaşlar oyaq.




Teqlər:  





Xəbər lenti