Kompüter oyunlarındakı gizli siyasət – TƏHLİL

Kompüter oyunlarındakı gizli siyasət – TƏHLİL
  05 Noyabr 2014    Oxunub:21618
Müasir dünyada kompüter oyunlarının istər siyasi, tarixi, mədəni, diplomatik, istərsə də əqli təsiretmə gücü olduqca böyükdür. Bu gücü diplomatiyada geniş istifadə olunan “soft power”in kiçik bir elementi kimi də qeyd etmək olar. Bu siyasi təsir mexanizmindən ən çox yararlanan ölkə isə ABŞ-dır.

Dünyanın İnformasiya Texnologiyaları bazarına nəzarətin böyük bir hissəsini əlində cəmləşdirən ABŞ bu oyun sektoruna ciddi diqqət ayırır. Amerika istehsalı olan əksər oyunlarının süjet xətti “Amerikanın milli maraqları” kontekstində fokuslanıb. Bu təbliğat həm “örtülü”, həm də “açıq” formada aparılır. Qapalı mesajlarla siqnal sətiraltı, gizli sloqan vasitəsi ilə ötürülür.

İlk kompüter oyunlarının tarixi 1960-cı ildən başlayır, amma strateji oyunların kütləvi istehsalı 1990-cı ildə Körfəz müharibəsini CNN vasitəsi ilə canlı yayımlanmasından sonra başlayıb. 2002-cü ildə Amerika ordusunun rəsmiləri xüsusi kompüter oyunu hazırladıqlarını və onun pulsuz olaraq əhaliyə paylanacağını bildirdilər. Həmin oyun “America’s Army: Operations” adlanırdı və şüarı belə idi: “Özünü gücləndir, müstəqilliyi qoru”.

Bir qədər sonra bu tipdə “America’s Army: Special Forces” adlı yeni bir oyun təqdim olundu. Oyunun əsas ideya xətti istifadəçilərə Amerika ordusunun prinsiplərini öyrətməklə yanaşı, düşmənə qarşı kollektiv olaraq necə savaşmağ lazım olduğunu da təbliğ edirdi. Oyunçular Alyaskadan başlayaraq, Əfqanıstana qədər olan geostrateji coğrafi zolaq üzrə virtual döyüşlərdə iştirak edirdilər. Diqqət çəkən başqa bir məqam oyundakı düşmən obrazlarıdır - rəqib olaraq ruslar, ərəblər, “Taliban” göstərilib. Oyunu sifariş edən Pentaqon “məqsədimiz Amerika gənclərini ordu ilə tanış etmək və virtual olaraq hərbi döyüşlərdə iştirakını təmin etməkdir”, — deyə bildirmişdi.

Amerikanın sağçı (neonasist) liderlərindən birinin ifadəsi daha çox diqqət çəkir. “National Allience”ın nümayəndəsi William Pierce “Biz gənclərlə əlaqə yaratmaq istəyiriksə, kompüter oyunları bu yöndə ən gözəl vasitədir. Biz bundan insanlara təsir etmə mexanizmi kimi faydalanaraq, siyasi ideologiyamızı təbliğ edəcəyik”, - söyləyir.

Neonasist təbliğatlı “Ethnic Cleansing” oyununda da qabardılıb. Burada əsas missiya kimi qaradərili, latın amerikalı insanları və yəhudiləri məhv etmək tələb olunur.

Oyun fanatlarına kifayət qədər yaxşı tanış olan “Medal of Honor” strategiyasını da sadalanan oyunlar sırasına aid etmək olar. “Medal of Honor” oyunlar seriyası ilk olaraq II Dünya Müharibəsindən bəhs edirdi. Nasist Almaniyasına qarşı yaradılmış bu tarixi oyunda antinasizm pərdəsi altında Amerikaya sevgi aşılanır.

Əslində bu oyunda başlıca prinsip tarixi faktları amerikalaşdırmaqla yanaşı, yeni, gənc və tarixi həqiqətlərə az-çox bələd olan insanların beyninə Amerikanı dünyanın xilaskarı kimi yeritməkdir. Halbuki, II Dünya Müharibəsinin ən ağır yükü SSRİ və digər ölkələrin üzərinə düşüb, ABŞ faktik olaraq 1942-ci ildə müharibəyə qoşulub. Bu oyunda isə yalnız Amerika əsgərləri dünyanın xilaskarı kimi təqdim olunur, nə Sovet, nə də Avropa əsgərləri “Medal of Honor” oyunlar seriyasında əks olunmayıb.



Başqa bir nəzərə çarpan məqam isə II Körfəz savaşından sonra dünya oyun bazarına təqdim olunan “The Road To Baghdad” adlı oyundur. Oyunda hadisələr İraqda, daha dəqiq desək, Səddam Hüseyn və oğlanlarının həbsi, Səddam Hüseynin xüsusi cangüdəni Fədainin ordusunun məhvi, sonda isə Səddamın edam olunması ətrafında cərəyan edir. Oyunun sloqanı isə belədir: “İraq xalqını zülmdən xilas et, müstəqilliyə qovuşdur”. Oyunun ən önəmli tərəfi isə odur ki, reallıqda NATO-nun da İraq savaşında iştirak etməsinə baxmayaraq, oyunda yalnız Amerika hərbiçiləri təmsil olunub.

1995-ci ildə oyun həvəskarlarına təqdim olunan ABŞ istehsallı “Command and Conquer: Generals” oyununda müxtəlif tipdə diqqət çəkən sloqanlar, şifrələnmiş mesajlar, sətiraltı informasiyalar kifayət qədərdir.

Fərqində olmadığımız, lakin diqqətlə fikir verdikdə mənasını tutmağın mümkün olduğu belə tipoloji oyunlar çoxdur. Oyunda diqqət çəkən bəzi siyasi mesajları qeyd etmək yerinə düşərdi, məsələn: “We can take care of you” (Sənin qayğına qala bilərik), “Loaded with US quality” (ABŞ-ın reytinqi yüksəkdir), “Something for everyone” (Hər kəs üçün bir şey var), “Serving our country” (Vətənimizə xidmət edirik), “Trained for perfection” (İdeal yetişdirilənlər), “You want the best? Here I am” (Ən yaxşını istəyirsən? mən burdayam), “How about a show of force”? (Güc göstərməyə nə deyirsən?), “Protecting our people” (Xalqımızı qoruyuruq), “Is there a treath?” (Təhdidmi var?), “Doing what’s right” (Doğru olanı edirik), “Preserving freedom” (Azadlığın xidmətindəyik), “Always prepared” (Hər zaman hazırlıqlıyıq), “We control the skies” (Səmanı nəzarətdə saxlayarıq) və s. mesajları xüsusilə maraq doğurur.

“Command and Conquer: Generals” oyununun Samuel Hantinqtonun məşhur “Sivilizasiyaların toqquşması” konsepsiyasından yararlandığını əminliklə demək olar. Oyunda 3 hegemon qüvvə əks olunub: ABŞ, Çin və müsəlman dünyası (subyekt olaraq məlum olmayan böyük bir terror təşkilatı). Hadisələr müxtəlif geosiyasi arealda cərəyan edir (məsələn, Livan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Almaniya, Çin). Hətta, rəsmi Pekin oyundakı Tyananmen meydanının bombalanması səhnəsinə etirazını bildirib.



Əgər oyundakı aparıcı 3 qüvvəni xarakterizə etsək, o zaman belə bir nəticə alınır:

1) ABŞ – yüksək texnologiya sahibi, doğru və haqlı olandır, qüsursuzdur, sivil vətəndaşların, təhlükəsizliyin və sülhün qoruyucusudur.

2) Çin – inkişaf etmiş, kütləvi vətəndaş ölümünə əhəmiyyət verməyən, qəddar, milliyyətçi, təbliğatçı və sülhün tərəfdarıdır.

3) Müsəlman Dünyası (məlum olmayan terror təşkilatı) – geri qalmış, sivil vətəndaşları hədəfə alan, etibarsız, təhlükəli, zülmkar, qatil və kütləvi qırğın silahlarından istifadə edəndir.

2003-cü ildə Livanda İsrail dövlətinə qarşı mübarizə aparan Hizbullah “Special Force” adlı oyun təqdim etdi. Bu oyunun əsas xətti İsrail işğalına qarşı mübarizə aparmaq və Hizbullahın mübarizə amalını anlatmaqdır. Hizbullahın bu tip oyunları yaratmaqda məqsədi ABŞ və Qərb istehsalı olan oyunlardakı ərəb dünyasının düşmən kimi təbliğatına qarşı mübarizə aparmaqdır.

Maraqlı məqam odur ki, Hizbullahın təqdim etdiyi oyunda Amerika istehsalı oyunlardakı kimi müasir silahlardan istifadə olunmur, daha çox reallıqda olduğu kimi, oyunda da əl bombaları ilə döyüşmək təbliğ olunur. Hədəf olaraq İsrail prezidenti, müdafiə naziri və başqa dövlət məmurlarını göstərilir. Oyunda qalıb gələn döyüşçünü isə Hizbullah lideri Şeyx Həsən Nəsrullah medalla təltif edir. Oyunun sonunda qalib oyunçu İsraili birdəfəlik yox edir. Oyunun devizi belə səslənir: “Qələbənin bir parçası ol, düşmənə qarşı döyüş, dirən və yox et”. “Special Force” oyunu həqiqətən də ərəb gənclərində mübarizə əzmini, psixoloji durumu xeyli yüksəltdi.

Tarixi faktları virtuallaşdıran və sətiraltı ideologiyanı təbliğ edən oyunlardan biri də Argentina firmasının istehsalı olan “Malvinas 2032, Sabarasa Entertainment” oyunudur. Oyun süjeti 1982-ci ildə itirilmiş Argentinaya məxsus Malvin (Folklend) adalarının geri alınmasından bəhs edir və Argentina ordusunda döyüşən oyunçu sonda adaları geri qaytara bilir.



Amerikanın istehsal etdiyi kompüter oyunlarının əsas məğzi ABŞ-Rusiya qarşıdurmasından bəhs edir. Bu rakursdan məsələyə yanaşdıqda “EA” (Electronic Art) firmasının istehsal etdiyi “Battlefield” seriyasından “Batlefield-4: fishing in Baku” adlı oyun diqqəti cəlb edir. Oyundakı hadisələr Bakı şəhərində və Çində cərəyan edir. Üç hegemon dövlət arasında geostrateji mübarizə gedir: ABŞ, Çin və Rusiya. Amerika iki cəbhədə Rusiyaya qarşı vuruşur:

1) Azərbaycanda (Bakı) – Rusiyanın işğalının qarşısını almaq və Azərbaycanda rus təsiri yox etmək üçün


2) Çində (Pekin) – Admiral Çanqın dövlət çevrilişinin qarşısını almaq, Rusiyanın köməyini əngəlləmək, demokratik rejimi bərqərar etmək üçün.

Azərbaycana yanaşma məsələsində oyunun ssenarisi tanınmış politoloq Zbiqnev Bjezinskinin “Böyük Şahmat Taxtası” kitabınında qeyd etdiyi kimidir. Yəni Azərbaycanı Rusiyanın işğal etməsi Orta Asiya ölkələrinin müstəqilliyini absurd edəcək, Avropanı enerjisiz qoyacaq. Məhz bu nöqteyi-nəzərdən Azərbaycanın oyun üçün əsas coğrafi nöqtə seçilməsinin böyük geosiyasi və geoiqtisadi səbəbləri var.

Çin hökuməti “Batlefield-4 fishing in Baku” oyununu ölkədə qadağan edib. Qadağaya səbəb isə oyunda siyasi çalarların açıq-aydın təbliğ olunmasıdır.

Qeyd olunan bütün faktlar düşünməyə vadar edir. Kompüter oyunları sektorunda ağıllı taktika reallaşdırmaqla mədəni, diplomatik və bir sıra siyasi uğurlar əldə etmək mümkündür. Necə ki, dünya praktikasında bu metoddan bir çox ölkələr istifadə edir. Bir çox Qərb istehsalı oyunlarda müsəlman coğrafiyası terrorçu məkan kimi təbliğ olunur. Əgər oyundakı təxəyyüllü reallıqla müqayisə etsək, görərik ki, müasir dövrdəki İŞİD, `Boko Haram`, `Əl-Qaidə`, `Əl-Nüsra` kimi terror təşkilatları artıq neçə il əvvəl oyunlarda göstərildiyi kimi, müəyyən məkanları öz idarəsi altında saxlamağı bacarır.

Fərrux Həsənov


Teqlər:  





Xəbər lenti