Ötən il qeyri-neft sektorunda sürətli artıma nə mane oldu? - TƏHLİL

Ötən il qeyri-neft sektorunda sürətli artıma nə mane oldu? - TƏHLİL
  05 Yanvar 2015    Oxunub:3092
Ötən il ölkədə ümumi daxili məhsul istehsalı (ÜDM) hökumətin proqnozlaşdırdığı kimi 5,2 faiz deyil, 3 faizlə yekunlaşıb. Əslində 3 faiz də pis nəticə deyil. Nəzərə alsaq ki, ötən il neftin dünya bazarında qiymətləri ilin ortasından bəri düşüb və üstəlik, Azərbaycanın sıx iqtisadi və ticarət əlaqələrində olduğu şimal qonşusu Rusiyada da Qərbin sanksiyaları səbəbindən vəziyyət yaxşı olmayıb, ölkəmizdə iqtisadi artımın davam etməsi müsbət hadisədir.

Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondu (BFV) məhz qeyd etdiyimiz səbəblər üzündən Mərkəzi Asiya, o cümlədən Qafqaz ölkələrində artımın ən azı 1 faiz də düşəcəyini bəyan etmişdi. Ümumiyyətlə, bundan əvvəl Dünya Bankı (DB) da Azərbaycan üzrə iqtisadi artım proqnozunu azaltmışdı. Belə ki, DB ötən ilin əvvəlində ölkəmizdə ÜDM istehsalının 5,3 faiz artacağını bildirsə də, sonrakı hesabatlarında bunu Azərbaycan hökumətinin nəzərdə tutduğu kimi 5,2 faizə qədər aşağı saldı.

Hazırda ölkədə iqtisadi artımı saxlayan qeyri-neft sektoru sayılır ki, əgər, iqtisadiyyatın neftdən kənar sahələrində istehsalda artım qeydə alınmasa, neft sektorunda dinamika üzü aşağıya doğru inkişaf etdiyindən, Azərbaycanda ÜDM istehsalı nəyinki yerində qalar, hətta azalardı.

ÜDM istehsalının artım tempindəki “lənglik” bir ara qeyri-neft sektorunda yaranan durğunluqla əlaqədar izah olunmalıdır. Ümumiyyətlə, 2014-cü ildə hökumətin ÜDM istehsalının artımına dair proqnozunun özünü doğrultmaması qeyri-neft sektorunda artımın gözlənilən və yaxud nəzərdə tutulandan aşağı olması ilə əlaqədar baş verib ki, bu da ciddi siqnal hesab olunmalıdır.

Ötən il qeyri-neft sahəsində 8,1 faiz artım gözlənilirdi. Lakin sözügedən artım 6 faiz civarında olarsa, böyük nəticə sayılacaq. Çünki neftdən kənar sahələrdə artım dinamikasının nəzərdə tutulduğu kimi inkişaf etmədiyi göz qabağındadır. Bu sahədə növbəti illər üçün nəzərdə tutulan proqnozlara isə toxunmuruq. 2015-ci ildə qeyri-neft sektorunun təqribən 7,6, sonrakı illərdə isə 8 faiz civarında artacağı gözlənilir. Cari ildə müşahidə olunan tendensiyaya əsasən isə bu, şübhə doğurur.

Odur ki, sual olunur: bəs, nə etməli?

Fikrimizcə, 2014-cü ildə bütövlükdə ÜDM istehsalı deyil, məhz onun qeyri-neft sektorunda əldə olunan hissəsinin artım dinamikası təhlil olunmalı və bu sahədə proqnozun özünü doğrultmaması ətraflı nəzərdən keçirilməlidir. Bunun isə bir neçə səbəbi var.

Əvvəla, bayaq da qeyd etdik ki, BVF də bu il dünya bazarlarında neftin qiymətinin düşməsinin, habelə Rusiyada Qərbin sanksiyaları səbəbindən vəziyyətin qeyri-qənaətbəxş olmasının istər-istəməz ətraf ölkələrə təsir edəcəyini söyləmiş və Azərbaycan kimi ölkələrdə iqtisadi artımın əsas etibarı ilə məhz buna görə zəifləyəcəyini bildirmişdi.

Bizcə, bu, inkar edilməməlidir. Birincisi, ona görə ki, ölkəmizdə neft hasilatının enməsinə onun dünya bazarında qiymətlərinin də aşağı düşməsinin əlavə olunması “ikiqat” zərbə oldu. Çünki Azərbaycan üçün istehsal azalmaqda olduğundan, neft dollarlarının daha qənaətbəxş həcmdə olması vacib sayılırdı.

İkincisi də, Rusiyada rublun ABŞ dollarına görə kəskin enməsi ölkəmizə neftdən kənar istiqamətlərdən də maliyyə axınlarının həcmini azaltdı ki, bu isə neftdən kənar sahələrin inkişafı üçün əsas katalizator rolunu oynamaqda idi.

Düzdür, belə fikir də var ki, Azərbaycanda istehsalçılar üçün Rusiya bazarları guya, hazırda daha əlverişli xarakter daşıyır. Lakin bazarda reallaşdırılan məhsullardan istənilən vəsaiti əldə etmək mümkün deyilsə, onun istehsalına stimul yarana bilməz. Və odur ki, bu zaman iqtisadiyyatın heç bir sahəsində canlanma da qeydə alınmayacaq.

Digər bir məqam isə DB-nın Azərbaycanda bu il ərzində ÜDM istehsalı artımına dair proqnozu yuxarıda qeyd etdiyimiz kimi aşağıya doğru saldığına dair "Global iqtisadi perspektivlər" adlı hesabatında qeyd etdikləri ilə bağlıdır. DB-nın həmin proqnozuna əsasən, ölkəmizdə ÜDM istehsalı getdikcə daha çox enəcək ki, hökumətin gözlədiyi rəqəmlərdən də aşağı düşəcək. Yəni, 2015-ci ildə onun artımı 4,1, 2016-cı ildə isə 3,6 faiz təşkil edəcək.

Azərbaycanda qeyri-neft sektorunda artımın zəifləyəcəyinin adı çəkilən qurum tərəfindən bilavasitə vergi-büdcə siyasətinin sərtləşdirilməsiylə əlaqədar ortaya çıxacağı bəyan edilmişdi ki, bu da Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin əvvəlində banklara istehlak kreditlərini məhdudlaşdırmaq barədə tövsiyəsi ilə əlaqədar söylənilmişdi. Çünki AMB-in bu qərarı bütövlükdə pul-kredit siyasətinin sərtləşdirilməsi kimi xarakterizə olundu. Çünki vergi-büdcə siyasətində sərtlik məhz pul-kredit siyasətində müşahidə edilir.

Düzdür, ölkədə sahibkarlığın inkişafına dəstək var. Ancaq istehlak kreditlərinin məhdudlaşdırılması dolayı yolla da varsa qeyri-neftdə ÜDM istehsalını buxova alan vasitələrdən biri kimi çıxış etməkdədir ki, bunu hər halda, cari ilin təcrübəsi belə deməyə əsas verir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti