Yol vergisini SOCAR ödəyəcək, benzin ucuzlaşmayacaq – TƏHLİL

Yol vergisini SOCAR ödəyəcək, benzin ucuzlaşmayacaq – TƏHLİL
  07 Yanvar 2015    Oxunub:3479
Yola saldığımız ilin sonuncu günündə Milli Məclisdə Vergi Məcəlləsinə (VM) edilən və 2015-ci ildən qüvvəyə minən bir sıra dəyişikliklər sırasında yol vergisinin yerli avtomobil sahiblərinin üzərlərindən yanacaq məhsullarına “atılması” xüsusən, diqqəti cəlb edir. Ona görə ki, bununla benzin ilə dizel yanacağı və maye qazın qiymətlərini yüksəldəcəyi ehtimalı yaranıb. Halbuki real olaraq, dünyada neftin ucuzlaşması ilə əlaqədar ölkədə yanacaq məhsullarının qiymətlərinin aşağı düşməməsi ciddi sual doğururdu.

Xatırladaq ki, ölkə ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşıması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələr və fiziki şəxslər, habelə Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobus və digər avtomobil nəqliyyatı vasitələri olan şəxslər ölkəmizin avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləri sayılırdılar. Sözügedən verginin vergitutma obyekti də Azərbaycan ərazisinə daxil olan xarici dövlətlərin və ölkəmiz ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri hesab olunurdular.

Bunun hesablanması qaydasına gəldikdə minik avtomobilləri, avtobus və digər avtomobil nəqliyyatı vasitələri üçün yol vergisinin baza dərəcəsi ümumən 20 manat olsa da, qalan məbləğ mühərriklərin həcminə görə müəyyən edilirdi. Verginin tutulması və bəyannamənin təqdim edilməsi isə xarici dövlətlərin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və sözügedən ərazini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tərəfindən həyata keçirilir və bir bank günü ərzində dövlət büdcəsinə köçürlürdü. Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslərdən illik yol vergisi isə avtomobillər texniki baxışdan keçən zaman dövlət büdcəsinə ödənilirdi.

Yol vergisinin yerli avtomobil sahiblərinin üzərlərindən yanacaq məhsullarına keçirilməsi ölkə ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər tərəfindən avtomobillərini texniki baxışdan keçirən zaman bundan sonra sahib olduqları avtomobilin markasından və mühərrikindən asılı olmayaraq, dövlət büdcəsinə ancaq 20 manat - baza dərəcəsini ödəyəcəklərilə nəticələnəcək.

Bu, çox müsbət dəyişiklikdir. Çünki avtomobil sahibləri əlavə ödənişdən azad olacaqlar. Əvvəlki məntiqlə götürdükdə isə bizdə yol vergisi avtomobillərə görə tutulduğundan, faktiki avtomobil vergisi hesab olunurdu. Həmin avtomobildən nə qədər və necə istifadə olunduğusa qalırdı kənarda...

Belə ki, avtomobilin hərəkətə gəlməsi və yollardan istifadə dərəcəsi yanacaq istehlakı nəticəsində müəyyən edildiyindən vergi buna görə tədbiq edilməli idi. Başqa sözlə desək, yol vergisini avtomobil sahibləri ödəməli deyildi. O səbəbdən ki, avtomobil sahibləri yanacağın istehsalçısı deyil, istehlakçısı olduqlarından benzin ilə dizel yanacağı, o cümlədən, maye qazı pulla alırlar. Odur ki, onların üzərlərinə yol vergisinin də tətbiqi məntiqsizlik idi. Ona görə ki, həmin vergi avtomobil sahibləri tərəfindən yanacağın alınması zamanı ödədikləri pulun içində hesablanmış sayılırdı.

Bəs, məsələnin mənfi tərəfi hansıdır? Dəyişiklikdən sonra, yanacağın qiyməti doğrudanmı artacaq?

Yol vergisinin avtomobillərdən yanacağın üzərinə “transferinin” pərakəndə satış qiymətlərinə təsiri əslində, baş verməməlidir. Sözügedən vergi növü ölkədə istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzini, dizel yanacağı və maye qaza görə onların hər litrinin topdansatış qiymətinə (əlavə dəyər və aksiz vergisi daxil olmaqla) 2 qəpik əlavə edilməklə hesablanacaq ki, idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə isə Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilsə də, onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (əlavə dəyər və aksiz vergisi daxil olmaqla) yenə 2 qəpik əlavə olunmaqla hesablanacaq. Bu isə böyük məbləğ deyil. Üstəlik söhbət, hər litrə görə topdansatış qiymətə tədbiqdən gedir.

Yeri gəlmişkən, 2015-ci ilin dövlət büdcəsində Vergilər Nazirliyi xəttilə 50, Dövlət Gömrük Komitəsiylə isə 17,6 milyon manat – ümumən, 67,6 milyon manat yol vergisi toplamaq nəzərdə tutulub. Ötəri hesablamaya əsasən, dəyişiklikdən sonra bundan artıq vəsait toplanmalıdır. 2015-ci ilin dövlət büdcəsi hazırlanarkən, VM-ya ediləcək dəyişiklik yəqin ki, nəzərə alınıb. Ancaq nədənsə yola saldığımız ildə - 2014-də bu məbləğ 69 milyon manatdan yuxarı nəzərdə tutulmuşdu. Bu il isə təkrar edirik ki, 67,6 milyon manat proqnozlaşdırılıb.

Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Azərbaycanda Aİ-95 “Premium” markalı benzinin satış dəyərinin keçən ilin oktyabrın 1-dən 2 qəpik enməsi ciddi ucuzlaşma sayılmasa da ölkəmizdə neft məhsullarının pərakəndə satış tariflərinin ilk dəfə üzü aşağıya doğru dəyişməsi baxımdan, mühüm hadisə oldu. Ona görə ki, bizdə bunadək heç bir növ neft məhsulu 1 qəpik də olsa belə, ucuzlaşmamışdı.

Ölkəmizdə bütün növ enerji daşıyıcılarının qiymətlərinə Tarif Şurası nəzarət edir. Ancaq iş bundadır ki, 2014-cü ilin əvvəlindən Aİ-95 ilə Aİ-98 markalı benzin markalarının qiymətləri sərbəst buraxıldığından, ucuzlaşmalıdır. Amma təəssüf ki, Azərbaycanda yanacaq məhsullarının satışı sahəsində rəqabət imkanı yoxdur. Və yanacağın pərakəndə satış qiymətləri dünya bazarlarında bu sahədəki real vəziyyətdən irəli gələn səbəblər təsirindən və bir də ölkədə yürüdülən fiskal – vergi və büdcə siyasətindən asılı olduğundan bizdə sonuncu amil hökmrandır. Ölkəmizdə sözügedən məhsulların topdansatış və pərakəndə satış qiymətləri dövlət tərəfindən tənzimlənməklə bərabər, sözügedən sahədə bayaq qeyd etdiyimiz kimi rəqabət də yoxdur. İstehsalçı da və daxili bazarda qiymət diqtəçisi də eyni şirkətdir. Başqa sözlə desək, Dövlət Neft Şirkəti ilə (SOCAR) üz-üzə gələn şirkət yoxdur. Ona görə də, qiymətlər tənzimlənməsə yanacaq əslində, həmişə yüksələ bilər. Çünki bazarda tələb fasiləsiz olaraq artmaqdadır.

Ancaq təkrar edirik: Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətləri sərbəstdir və neftin dünya bazarlarında qiymətinə əsasən, ucuzlaşmalıdır. Lakin yol vergisinin yanacağın üzərinə “transferi” ən azı bunun da qarşısını alır. Odur ki, yaxın müddətdə bahalaşma olmasa da, ölkədə yanacaq 1 qəpik də olsa ucuzlaşmayacaq.

Necə deyərlər, qalanı SOCAR-dan asılıdır. Onsuz da dövlət büdcəsi qarşısında böyük öhdəlik və ağır yük daşıyıcısı olan Neft Şirkətinin yol vergisini də “cibindən” ödəyib, ödəyə bilməyəcəyi yaxın zamanda bəlli olacaq.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər:





Xəbər lenti