Azay Quliyev hesabat verdi

Azay Quliyev hesabat verdi
  22 Yanvar 2015    Oxunub:2144
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü ildəki fəaliyyətinin nəticələri haqqında hesabat konfransı keçirib.
Millət vəkili Azay Quliyev QHT-lərə dövlət dəstəyi Konsepsiyasında göstərilən istiqamətlər üzrə rəhbərlik etdiyi qurumun 2014-cü ildə vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirdiyi fəaliyyətin uğurlu və məhsuldar olduğunu deyib.

Azay Quliyev Şuranın “Vətəndaş cəmiyyəti” jurnalının ötən il ərzində 12 nömrəsinin çap olunduğunu və orada 600-ə yaxın QHT-nin fəaliyyətinin işıqlandırıldığını bildirib. Eyni zamanda qhtxeber saytı da 2014-cü ildə QHT-lərə məlumat dəstəyini davam etdirib və il ərzində 38.684 xəbər yayımlayıb. Ötən il Şuranın Xəzər televiziyası ilə birgə hazırladığı “Cəmiyyət” verlişinin müxtəlif ictimai mövzulara həsr olunan 20 buraxılışı efirə gedib.

Azay Quliyev 2014-cü ildə yerli QHT-lərin 386 layihəsinə Şura tərəfindən ümumilikdə 2.928.292 manat vəsaitin ayrıldığını və onların icrası çərçivəsində 640 təlimin, 287 seminarın keçirildiyini, 23 kitab, 20 braşür, 71 buklet, 8 film, 5 sayt hazırlandığını deyib.

Şura sədri 2014-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin “İctimai iştirakçılıq haqqında” qanunun tətbiqi ilə bağlı fərman imzaladığını və artıq onun icrası ilə bağlı bir sıra addımların atıldığını vurğulayıb.

Ötən il “Şuşaya Azadlıq” kampaniyasının əhatə dairəsinin xeyli genişləndirildiyini bildirən Azay Quliyev Şuranın sifarişi ilə “Şuşaya Azadlıq 22 dildə” video çarxının hazırlandığını və xarici ölkələrdə təqdimatının keçirildiyini qeyd edib. Azay Quliyev 2014-cü ildə Şuranın 3 dövlət orqanı – Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dini İşlər üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq haqqında pratakol imzaladığını bildirib. Şura sədri maliyələşdirilən layihələr haqqında məlumatların əksini tapdığı kitabın da nəşr olunduğunu vurğulayıb.

Sonra Şuranın ötən ilki fəaliyyətindən bəhs edən video çarx nümayiş etdirilib. Konfransda Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun 2014-cü il fəaliyyətinə dair təqdimatla çıxış edib və bütün sahələr üzrə dəstəklənən layihələrə dair statistik göstəriciləri iştirakçılara çatdırıb. (Təqdimatla Şuranın rəsmi saytı – www.cssn.gov.az vasitəsi ilə tanış ola bilərsiniz)

Konfransda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün vətəndaş cəmiyyəti inistitutlarının inkişaf dövrünü yaşadığını və Şuranın Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrildiyini bildirib. Şuranın Azərbaycan prezidentinin onun qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəldiyini deyən Əli Həsənov 2008-2014-cü illərdə yerli QHT-lərin layihələrinə bu qurumun 20 milyon manat maliyyə ayırdığını bildirib. Adminstrasiyanın şöbə müdiri prezidentin sərəncamı ilə dövlətin QHT-lərə ayrıdığı qrantın verilməsinin koordinasiyasının, bu sahəyə metadoloji yanaşmanın müəyyən olunmasının və nəticələrin təhlilinin Şuraya həvalə edildiyini qeyd edib. Əli Həsənov çıxışında “Dövlət olaraq biz də hesab edirik ki, vətəndaş təşəbbüslərini dəyərləndirən, istiqamətləndirən, idarə edən III sektorun bütün təmsilçiləri Azərbaycan dövlətinin, cəmiyyətinin qarşısında duran məsələlərdən, prioritet vəzifələrdən yaxalarını kənara çəkməməli, dövlətlə, cəmiyyətlə bərabər, onun təmsilçiləri kimi həmin sahələr üzrə ardıcıl fəaliyyət göstərməlidir” deyib. Mətbuat, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində Azərbaycanın heç bir Qərb dövlətindən geri qalmadığını vurğulayan Adminstrasiyanın şöbə müdiri bu istiqamətdə əldə olunan uğurlarda Şuranın xüsusi rolunun olduğunu və onun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Şura sədri Azay Quliyev ötən il vətəndaş cəmiyyəti sahəsində aparılan islahatları müsbət dəyərləndirdiyini bildirib və 2014-cü ili Azərbaycanın QHT sektoru üçün şəffaflıq dövrü adlandırıb. Sonra QHT rəhbərləri Rauf Zeyni, Akif Nağı, Azər Həsrət, Vüqar Qədirov, Ruslan Atakişiyev, Radə Abbas, Şahlar Həsənov, Naibə Behbudova, Mirələkbər Seyidov, Əkbər Baydəmirli, Aydınxan Əbilov və digərləri çıxış edərək ixtisaslaşmış QHT-lərin yaradılması, web resurlarının davamlılığının qorunması və s. haqda təkliflərini səsləndiriblər.

Konfransda 23 QHT layihələrin icrasında fərqləndiklərinə görə fəxri fərmanla təltif edilib. Onlar Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyev, Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədri Tahir Xudiyev, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva, Xan Şuşinski Fondunun sədri Bəyimxanım Verdiyeva, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov, “Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Rəhimova, "Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyinin sədri Ceyhun Musaoğlu, "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin sədri Venera Əsgərova, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlili, "ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri İradə Yaqubova, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradov, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” (AJŞ) İctimai Birliyinin sədri Ayaz Mirzəyev, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, "Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər" İctimai Birliyinin sədri Əzizağa Qənizadə, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova, “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev, Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Azad Əliyev, “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyinin sədri Həsən Məmmədov, Milli Paraolimpiya Komitəsi İctimai Birliyinin sədri İlqar Rəhimov, Zəngəzur Cəmiyyətləri Birliyinin sədri Hacı Abdulla və “Milli Jurnalistika Konqresi” İctimai Birliyinin sədri Nəsiman Yaqubludur.

Əli Həsənov konfransda irəli sürlən təkliflərə ayrılıqda münasibət bildirib və vətəndaş cəmiyyətinin Qarabağla əlaqədar fəaliyyətinin səmərəliliyini artırmaq üçün koordinasiyanı həyata keçirəcək QHT-nin müəyyənləşdirilməsinin vacib olduğunu deyib. Şura sədri Azay Quliyev təklifi faydalı saydığını və QHT-lərin bununla bağlı təşəbbüslərini müsabiqədən kənar olaraq dəstəkləməyə hazır olduqlarını qeyd edib.


Teqlər:





Xəbər lenti