Rusiya İslam dünyasına yaxınlaşır - TƏHLİL

Rusiya İslam dünyasına yaxınlaşır - TƏHLİL
  12 Fevral 2015    Oxunub:9357
Rusiya prezidentinin Misirə səfəri Putinin hakimiyyətə gələndən yürütdüyü “islam ölkələrilə yaxınlaşma” siyasətinin yeni mərhələsinin başlanğıcı hesab oluna bilər. Əgər əvvəlki dövrdə islam ölkələrilə yaxınlaşma nisbətən passiv formada aparılırdısa, hazırda, məlum səbəblərdən Qərblə ziddiyyətlərin kəskinləşməsi fonunda müsəlmanlarla yaxınlaşma Moskva üçün daha prioritet məsələyə çevrilib.

Rusiyanın İslam ölkələrilə yaxınlaşma istəyinin bir sıra səbəbləri var. Birincisi, təbii ki, Qərblə bağlıdır. Rusiya Qərblə eyni dəyərləri bölüşmədiyi üçün Avropa ilə inteqrasiyadan imtina edir. Çünki Kreml Avropa ilə Rusiyanın inteqrasiyasında ona ayrılan geosiyasi rolla razılaşmır.

Eyni zamanda, Qərb öz “demokratik” tələblərini irəli sürür ki, bu da son nəticədə Moskvanın “narıncı inqilabla” üzləşməsi deməkdir. Buna görə Kreml Avropa ilə inteqrasiyadan imtina edir və beynəlxalq izolyasiyadan çıxmaq üçün üzünü Şərqə tutur. İslam ölkələrində Rusiyaya qarşı belə tələb qoyulmur, eyni zamanda, Moskva da onların daxili işlərinə qarışmır.

Digər məqam keçmiş müsəlman postsovet respublikaları ilə bağlıdır. İslam dünyası ilə Rusiyanın arasında yerləşən Orta Asiya, Qazaxıstan və Azərbaycan kimi dövlətlər hər nə qədər dünyavililiyi özləri üçün prioritet istiqamət seçsələr də, bu ölkələrin əhalisinin əksər hissəsi müsəlmandır və elitaları islam faktoru ilə hesablaşmaq məcburiyyətindədirlər. Eyni zamanda, postsovet respublikalarına müstəqilliklərinin ilk illərində islamın üç əsas və bir-birindən fərqli olan ideoloji mərkəzlərindən – Türkiyə, İran və Səudiyyə Ərəbistanından dini dəyərlər ixrac olunub. Bu mənada, etnik və dini yaxınlığı olan Türkiyənin Azərbaycan, Qazaxıstan və Türkmənistanda, İranın Tacikistanda, sələfilərin isə Özbəkistanda təsir imkanları mövcuddur. Moskva İslamın hər üç ideoloji mərkəzi ilə yaxınlaşaraq tabeliyində olan keçmiş respublikaları yenə də öz təsirində saxlamağa çalışır.

Növbəti səbəb Rusiyanın daxili demoqrafiq vəziyyəti ilə bağlıdır. Ölkə əhalisinin 20 faizi müsəlmandır və bu göstərici ildən-ilə artır. 2030-cu ilə qədər Rusiyanın 40 faizindən çoxunun müsəlman olacağı proqnozlaşdırılır. Moskva Çeçenistandakı müharibədə islam radikalizmi ilə də üzləşib. Odur ki, müsəlmanların rəğbətinin qazanılması Putin üçün birincisi elektorat baxımından, ikincisi isə radikalizmə meyillərin və sələfiliyin yayılmasının qabağının alınması baxımından vacibdir. Unutmaq olmaz ki, sələfiliyin mənbəyi Səudiyyə Ərəbistanıdır.

Nəhayət, iqtisadi səbəblər. Yaxın Şərq daimi bir neçə fəal münaqişə ocağı olan regiondur və Rusiyanın silah satışı üçün əlvrişli bazar rolunu oynaya bilər. Eyni zamanda, neftin və qazın qiymətlərinin tənzimlənməsi ərəb ölkələrinin, əsasən Səudiyyə Ərəbistanının ixrac səviyyəsi ilə bağlı olduğu üçün Moskva ərəblərlə müəyyən razılığa gəlmək istəyir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan fərqli olaraq, Vladimir Putin islam ölkələri ilə yaxınlaşmaq üçün “ictimai rəy” faktorundan istifadə etmir, yaxud edə bilmir. Söhbət İsrail-Fələstin münaqişəsindən gedir. Rusiya prezidenti öz bəyanatlarında hər nə qədər “müsəlmanlarla həmrəy” olduğunu bildirsə də, birbaşa İsrailin ünvanına mənfi fikir söyləmir, bu dövlətə qarşı ittihamlar yağdırmır. Odur ki, müsəlmanların Rusiya prezidentinin onların dostu olduğuna inamı yaranmır. Moskva İsrail-Fələstin münaqişəsində özünü neytral aparmağa çalışır və vasitəçi kimi öz xidmətlərini təklif edir. Halbuki, müsəlmanlarla, yaxud ərəblərlə dostluğun ilkin mərhələsi İsraillə düşmənçilikdən başlayır.

Kreml tərəfindən ilk mərhələnin başlanğıcı kimi məhz Misirin seçilməsi təsadüfi deyil. Misirlə SSRİ arasında tarixən müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq mövcud olub və bunları misirlərin bir çoxu hələ ki unutmayıblar. Həmçinin Misirdə əs-Sisi kimi avtoritar lider hakimiyyətə gəlib və onunla danışıqlar aparmaq Putin üçün daha asan olacaq. Qahirə, darmadağın olmuş iqtisadiyyatını Mübarək dövrünə uyğun bərpa etmək istəyir və bunun üçün Moskva ilə keçmiş iqtisadi əməkdaşlığın yenidən dirçəldilməsinə çalışır. Həmçinin daxili və xarici qüvvələrdən özünü müdafiə etmək üçün “güzəştli şərtlərlə” silaha ehtiyacı var.

Misir bir neçə inqilabdan sonra kifayət qədər zəifləməsinə baxmayaraq, yenə də ərəb dünyasının simvolik lideri hesab olunur və Ərəbistan yarımadası ilə yanaşı Afrikanın şimalında olan ərəb ölkələrinə təsir imkanlarına malikdir. Moskva üçün Misirlə yaxınlaşma ilk növbədə Səudiyyə Ərəbistanına, onun yeni kralına doğru uzanmış körpü rolunu oynayır. Maraqlıdır ki, Mursini hakimiyyətə gətirən “Müsəlman qardaşları”nı, həmçinin Mursini devirən əs-Sisinin “islahatları”nı maliyyələşdirən məhz Səudiyyə Ərəbistandır. Hazırda da, Misir ərəblərin maliyyə yardımı hesabına ayaqda qala bilir.

Beləliklə, əs-Sisinin Misir iqtisadiyyatına kapital qoyuluşu və güzəştli silah satışı xahişinə cavab olaraq Putin bunun neftin qiymətindən asılı olduğunu deyə bilər. Neftin qiymətinin isə kimdən asılı olduğunu təbii ki, Misir prezidentinə xatırlatmağa ehtiyac yoxdur.

Səudiyyə Ərəbistanı artıq çoxdandır ki, Yaxın Şərqdə sünnilərin lideri kimi çıxış edir və regionda şiələr üzərində üstünlüyü əldə etməyə çalışır. Suriya şiə-sünni mübarizəsinin toqquşma nöqtəsi hesab oluna bilər. Səudiyyə Ərəbistanı Qərblə birlikdə Suriyadakı müxalifəti dəstəklədiyi halda, Rusiya İranla birlikdə Əsəd rejiminin ayaqda qalmasını təmin edirdilər. Tehran Əsəd rejiminə hərbi yardım göstərdiyini heç gizlətmir də.

2012-ci ildə Qərb ölkələri Səudiyyə Ərəbistanı ilə birlikdə Suriya məsələsi ilə bağlı maraqlı kombinasiya qurdular. Vaşinqton gözlənilmədən Suriya müxalifətinə dəstəyi dayandırdı, İrana qarşı sanksiyaları ləğv etdi və Suriya müxalifətinə birbaşa hərbi yardım göstərilməsinə qarşı çıxdığını bildirdi. Suriya kampaniyasında ABŞ-ın əsas tərəfdaşı olan Qətər də geri çəkildi və Səudiyyə Ərəbistanı ön plana çıxdı. Səudiyyə Ərəbistanı bu səfər, Fransa ilə işbirliyinə girdi və Suriya müxalifətinə dəstək göstərməyə başladı. Belə bir görüntü yarandı ki, guya Fransa ilə Səudiyyə Ərəbistanı ABŞ-ın iradəsinin ziddinə olaraq Suriyada Əsəd rejiminə qarşı fəaliyyətə başladılar.

Hazırda da Fransa ABŞ-dan asılı olmayan siyasət yürütdüyü görüntüsü yaradır, Ukrayna məsələsində neytral tərəf kimi Moskva ilə danışıqlarda iştirak edir. Demək, bütün bunlar təsadüfi deyil. Ona görə, ehtimal etmək olar ki, ərəblər neftin qiymətinin qalxması müqabilində Əsədi dəstəkləməkdən əl çəkməsini və hətta bu məqsədlə İrana təsir göstərməsini Kremldən tələb edəcəklər.

Kremlin çıxış yolu qalmayıb və məcburiyyət qarşısında Əsəd üzərindən öz kölgəsini çəkəcək. Və onunla təskinlik tapacaq ki, ABŞ-ın ziddinə gedir.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti