Şura TİKA ilə Memorandum imzaladı

Şura TİKA ilə Memorandum imzaladı
  22 Aprel 2015    Oxunub:1496
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə “Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi” (TİKA) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Mərasimdə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Memorandumu Türkiyənin ən mühüm qurumlarından biri olan TİKA ilə vətəndaş cəmiyyəti sahəsində iş birliyini inkişaf etdirəcək xoş niyyətli, hər iki ölkənin milli maraqlarını nəzərə alan sənəd adlandırıb. Bir müddət öncə Şuranın TİKA ilə birgə əməkdaşlığının nəticəsi olaraq Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzinin açıldığını deyən Azay Quliyev imzalanacaq sənədlə iki qurum arasındakı münasibətlərin bundan sonra hüquqi xarakter alacağını və fəaliyyətlərin koordinasiya ediləcəyini vurğulayıb.

A.Quliyev Memorandumun Şuranın Türkiyənin dövlət qurumuyla imzaladığı ilk sənəd olduğunu və vətəndaş cəmiyyətinin inkişafına önəmli töhfələr verəcəyinə əmin olduğunu deyib. Şuranın və TİKA-nın xarici ölkələrdə müxtəlif istiqamətlər üzrə mühüm layihələrə dəstək verdiyini bildirən Azay Quliyev bu günki anlaşmayla imkanlarını daha da artırmış olacaqlarını qeyd edib.

Mərasimin Türkiyənin Çannaqala savaşındakı qələbəsinin 100-cü ildönümünə təsadüf etdiyini bildirən Şura sədri Azərbaycanın və bütün Türk dünyasının buna böyük önəm verdiyini qeyd edib. Türk millətinin Çanqqaladı zəfəri qanı, canı bahasına qazandığını bildirən Şura sədri bir sıra beynəlxalq təşkilatların saxta erməni soyqırımını tanımasını pisləyib: “Avropa Parlamentinin və bir sıra digər beynəlxalq qurumların Türkiyəni soyqırım törətməkdə ittiham etməsi, suçlu kimi göstərməyə çalışması onların 1915-ci ildə Çanaqqalada itirilmiş mövqelərinin kompensasiya cəhdidir. Saxta soyqırımı tanımaqla sanki Çanaqqala savaşındakı məğlubiyyətlərinin qisasını almağa çalışırlar. Bu cür qurumlar unutmamalıdırlar ki, o zaman orduları ilə Türkiyəni məğlub etməyi bacarmayanlar, hazırda hansısa kağız parçası ilə heç bir uğur qazana bilməzlər. Cənab prezident İlham Əliyev 24 apreldə Türkiyə xalqının zəfər günü mərasiminə qatılmaqla bir daha Azərbaycanın strateji müttəfiqinə, qardaş dövlətinə olan dəstəyini nümayiş etdirəcək”.

TİKA-nın Bakı proqram koordinatoru Mustafa Haşim Polat Türkiyəni soyqırımda suçlayanların dönüb Türk tarixinə baxmalarının lazım olduğunu deyib. Türkiyənin heç zaman kiməsə işgəncə vermədiyini, hətda birinci dünya savaşı zamanı ona qarşı vuruşan düşmən əsgərlərinə belə yüksək ehtiram göstərdiyini bildirən Mustafa Haşim Polat zəngin sülh, barış mədəniyyətinə sahib olduqlarını qeyd edib. Hazırki dövrdə yalnız dövlətlərin deyil xalqların da üzərinə böyük yük düşdüyünü deyən TİKA proqram koordinatoru bu missiyanı QHT-lərin yerinə yetirməli olduğunu bildirib. M.Haşim Polat Şura ilə imzalayacaqları sənədin mühüm sahələrdə güc birliyinə səbəb olacağına əminliyini vurğulayıb.

Sonda iki qurum arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb və yaxın zamanlarda sənəddəki müddəaların icrasıyla bağlı birgə işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə edilib.


Teqlər:





Xəbər lenti