“Qazaxşina” hücuma keçdi

“Qazaxşina” hücuma keçdi
  19 Fevral 2013    Oxunub:1208
Əsəd Qaraqaplan

“Qazaxşina ən qorxulu xəstəlikdir”
(Asif Ata)


Mən elə bilirdim qazaxşinanın repressiyası təfəkkürü 37 repressiyasından başlayıb və hardasa müstəqillik qazandığımız dövrə kimi davam edib. Amma qəti yanılmışam. Bugün bunun daha cahil formasını şəxsən özümə qarşı görürəm. Nə var, nə var, bir balaca yazıda analitik təfəkkürlə fundamental olaraq “qazaxşina” haqqında olanları yazmışam.

Düzü, hələ yüngül və 3 min işarəlik köşəyə sığan bir mətnlə bütün bu yazdıqlarımın “real mənzərəsini” görəcəyimi heç təsəvvür etməzdim. Həm də söyüşlə, təhqirlə və bu qədər cahilliklə...
Hələ adını belə bilmədiyim, özünə alim deyən bir adamın yazımın altında, (!) 3 yazım boyda, ağzınagələn və başdan-ayağa təhqirlə qolu şərhini oxuyanda gördüm ki, bu adam heç “Qazax” sözünü də düz yaza bilmir. Bir mətndə düz 8 dəfə “Qazax” sözünü səhv yazmışdı: “Qazağ”.
Hələ bu adamın bu “yazını” facebook-da paylaşması və ona gələn şərhlər... Başına da bir dəstə qazaxlını yığıb... İndi özünüz təsəvvür edirsiz də...
Hələ söyüşləri, təhqirləri bir yana qoyaq, orda biri daha da irəli gedib belə bir şey də yazmışdı: “Azərbaycan Gəncədən o yana – Qazaxdan başlayır”. İndi buna nə ad verəsən? Necə deməyəsən ki, qazaxşina yoxdu?
Ürəyi bununla da soyumayan bu “alim” facebook-da da mənə təhqir və söyüşlərlə dolu bir mesaj yazdı ki, ay şərəfsiz, sən nə zibilsən ki, Qazaxı müzakirə edirsən. Səni biabır edəcəm-falan... Düzü, cavab vermədim, belə birinin səviyyəsinə enib, sözüşlər, təhqirlər yazmaq bizə yaraşmazdı. Üstəlik, belə bir stuasiyada yazı yazmaq əvəzinə, söyüşdən istifadə edən biri bütün bunlarla öz içini, kimiliyini göstərmiş və əslində özünü söyüb-təhqir etmiş olmurmu?
Hələ telefonuma gələn zənglərdəki təhqirlər, söyüşlər və yenə facebook-da “inboks”uma gələn məktublardakı eyni “mənzərə”lər... Və bütün bunların arasında yazı, ədəbiyyat adına bircə tutarlı cüməlinin də olmaması...
Qəribəsi odur ki, mənim yazımda kimisə söymək, kimisə təhqir etmək, hələ üstəlik kiminsə şəxsinə yönəlik bir şey yox idi. Doğrusu qazaxşina bu qədərini də gözləmirdim. Deyirdim bəlkə fikirlrim anlayışlı qarşılanar.
Amma, ancaq, lakin, fəqət onların “iddialarının” tam əksini sübut eləyən o yazıda bir məqam da var idi. Orda mən açıq-açığına belə yazmışdım: “Qazax da Azərbaycanın ən gözəl bölgələrindən biridir, həm də sazlı-sözlü bölgələrindən biri. Amma burada söhbət ədəbiyyatdan və ədəbiyyatdakı “qazaxşina”dan gedir”.
Dediklərimin çoxusunu səhv başa düşməklə qalmayan qazaxlılar, Səməd Vurğunla bağlı dediklərimi yanlış anladılar. Guya mən orda Səməd Vurğunu da təhqir etmişəm, ona “mənəvi ölü” demişəm-filan. Halbuki mən orda Səməd Vurğun haqqında deyilənlərin tam əksinə belə yazmışdım: “37-də Səməd Vurğunu məlum səbəblərdən fizikən məhv etmədilərsə də, mənən məhv elədilər. Əslində Səməd Vurğun da repressiya qurbanlarından oldu, həm də ən faciəvi qurbanlarından biri...” Yəni Sovet rejimi Səməd Vurğunu da o biri repressiya qurbanları kimi mənən məhv etdi. Yəni ürək ağrıdan bir fakt... Bu qədərmı çətindi mənim yazdığımı olduğu kimi anlamaq?
Adamlar hələ mənə irad tuturlar ki, guya mən Vaqifi, Vidadini-filan oxumamışam və bunlar da qazaxlıdı. Hələ oxumağı-filan bir kənara qoyuram, axı mən o yazıda 37 repressiyasından sonrakı dövrdən danışıram. Onda Vaqif, Vidadi vardı? Onda, məsələn, Hüseyn Arif var idi ki, “Şair haralı olar? Qazaxlı!” deyirdi...
Bütün bunlardan sonra hələ yenə də deyirlər ki, guya mən Qazaxın özünü, oradakı insanları təhqir etmisən. Bəsdirin, ayıbdı vallah. Mənim o qədərmi işim-gücüm qurtarıb və kiminləsə şəxsi qərəzliyim var ki, durum bu işlərlə məşğul olum? Hər şey qazaxşina çərçivəsində deyil və onunla da yekunlaşmır axı...
Bütün bu təhqirləri, söyüşləri, virtual qəhrəmanlıqları görəndən sonra mən də facebook-da belə bir status yazdım ki, Qazaxşinayla bağlı yazıma qazaxlılardan gələn reaksiyalardan sonra bir daha əmin oldum ki, əsl həqiqəti yazmışam, həmişə olduğu kimi, vicdansız bir cümlə də yazmamışam.
Bundan sonra qazaxşinanın qafiyə təfəkkürlü şairi, az-çox “qazaxşina əleyhdarı” kimi tanıdığım Bəxtiyar Hidayət başladı, nə başladı. Deyir, “Vaqif Nəsibi oxumamısan, Şaiq Vəlini, Məmməd İlqarı, Elnuru, İbrahimi, məni... oxumamısan. Deyirsən belədi - Qazaxdan ədəbiyyat çıxmayıb”.
Mənsə o yazıda bu məqamı belə ifadə etişdim: “Repressiyadan sonrakı Qazax şairlərinin də haqqını yemək olmaz. Amma gerçək olan bu ki, onlar öz dövrlərinin ƏN YAXŞI ŞAİRİ ola bilmədilər, həmişə onlardan YAXŞISI oldu”. Üstəlik o dövrünün ən yaxşı şairi olanların konkret adlarını da çəkmişdim.
Deyirəm: “Bəxtiyar, birincisi, dediklərini oxumuşam və çox yaxşı da bilirəm nə yazdıqlarını. Sadəcə görürəm ki, sən də o söyüş söyənlər kimi yazını düzgün başa düşməmisən. Burda yazdıqlarının heç biri yoxdu o yazıda. Sadəcə sən də bir qazaxşina olduğunçün belə başa düşmüsən və belə yazmısan. İndi sənə sual verirəm, qazaxlı olmasaydın, belə danışardınmı?”
Adam yenə dediyini deyir və əlavə edir ki, “zəif yazıdı”, “yazı alınmayıb-filan”.
Deyirəm, ay qardaş, bəs bütün bu "canfəşanlıq", ortaya düşmək hamısı "yazı alınmayıb", "zəifdi" söhbətinə görədi? Dediyin adamlar da hamıya bəllidilər də. ÖZ DÖVRLƏRİNİN ƏN YAXŞI ŞAİRLƏRİ deyillər də. Bunu anlamaq və səmimi qəbul etmək bu qədər çətindi?
Yenə də dediyini deyir... Nə isə...
Bir şeyi deyim ki, mənimçün dünyada yalnız iki millət var: Yaxşılar və Pislər. İndi bir daha başa düşürəm ki, “qazaxşina” Qazaxın pislərindən ibarət imiş. O pislər ki, haqqında yuxarıda danışdım.
Bəli, o yazıda sərt ifadələr var, ama bunlar qazaxlılara yox, qazaxşinalıq eləyənlərə aiddi. Kim özünü qazaxşina hesab edirsə danışsın, artıq buna qarışmıram. Əlbəttə, mən o yazını yazanda elə bir niyyətdə olmamışam ki, ay mənə cavab yazsınlar, nə bilim, neyləsinlər. Madam ki, bu qədər toxunub onlara, söyüş söymək əvəzinə oturub yazı yazsınlar. Axı özləri deyir, ora ədəbiyyat, söz sənəti yurdudu, mədəniyyət beşiyidi. O zaman niyə yazı yazmaq əvəzinə söyüş söyürlər? Əgər mən doğrudan da heç nə bilməyən, və mədəniyyətsiz biriyəmsə, qoy onda onlar hər şeyi bilən, mədəniyyətli-filan olsunlar da. Bəs niyə bunun əksini göstərib, öz iddia etdiklərinin tam tərsini edirlər? Biz yazarıq, sözümüzü yazıyla deyirik. Əgər kimsə özünü yazar hesab edirsə və başqasının yazısını yalnış görürsə, buyursun yazsın...
P.S. O yazıya yazılan bir-iki cavabı da oxudum. Təhqirdən yenə qaça bilməyən bu “cavablar”, başdan-ayağa pafos, saxta vətənpərvərlik duyğuları və yuxarıda saydığım yalnış anlaşılmalarla doluydu...


Teqlər:  





Xəbər lenti