`Heç atamdan umacağım yoxdur, o ki qala AYB ola...`

`Heç atamdan umacağım yoxdur, o ki qala AYB ola...`
  15 İyun 2013    Oxunub:4436
Azvision.az-ın müsahibi istedadlı yazar Elnaz Eyvazlıdır.
Eyvazlı Elnaz Nadir qızı Bakı şəhərində doğulub. ADPU-nun filologiya fakültəsini bitirib. Şeirləri, publisistik yazıları müxtəlif mətbuat orqanlarında, antologiyalarda mütəmadi çap olunub. 2007-ci ildə “Yaxşı ki yaza bilirəm...” (“Şirvannəşr”), 2011-ci ildə isə “Kişi etirafı” (“Qanun” nəşriyyatı) adlı şeirlər kitabı nəşr olunub.
2011-ci ilin “Nəsimi” Milli Ədəbiyyat müsabiqəsinin hekayə nominasiyasının qalibidir.
Hazırda orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimidir. Eyni zamanda, bədii yaradıcılığını davam etdirir.



- AYB-ni niyə tərk etdiniz? Bu, Şərif Ağayara dəstək kampaniyasi idi yoxsa?
- Mayın 30-da AYB-ni tərk etməklə bağlı ərizəmi kadrlar şöbəsinə təqdim edəndə hələ Şərif Ağayarla bağlı məlum qalmaqal yox idi. Bu günlərdə AYB-ni tərk etmək üçün təqdim olunan ilk ərizəni mən vermişəm, baxmayaraq ki, AYB bəyanat yayıb ki, hələ heç kim ərizə və vəsizəsini təhvil verməyib. İyunun 4-də AYB-də keçirilən katiblikdə Şərifi öz qərarlarına, məni də ərizəmə əsasən birlikdən xaric ediblər. Ertəsi gün Şərif Ağayarın məsələsilə bağlı etiraz bəyanatları səslənməyə başladı. Yəni sadəcə prosseslər üst-üstə düşdü.

- Bəs arada olan narazılıq nədir, niyə tərk etmək qərarına gəldiniz?
- Çoxdandır bu barədə düşünürdüm, qərarıma əmin olduqdan sonra həyata keçirdim. Heç bir qurumun üzvü olmaq istəmirəm, zamanla anladım ki, qələm adamı tam azad olmalıdır, hərçənd yazılarımdakı obyektivliyimə heç nə mane ola bilmir, ancaq özüm daxilən rahat ola bilmirdim, kiməsə xəyanət edirəmmiş kimi hiss edirdim özümü. Məgər birlikdən kənarda ədəbiyyat yaratmaq olmur? Təki yazmaq olsun...

- Belə çıxır ki, AYB yazarlara heç nə vermir? Ümumiyyətlə, o qurumun üzvü olmaq sizə nə verib?
- Mənim heç atamdan umacağım yoxdur, o ki qala AYB ola. “Heç nə” deyəndə nəyi nəzərdə tutursunuz?

- Yəni tanınmaq baxımından...
- AYB-yə üzv olanda bir kitab müəllifi idim, 94-cü ildən mətbuatda yazılarımla çıxış edirdim, dövlət radiosunda ədəbiyyatla bağlı veriliş redaktoru idim. Özümü heç bir ədəbi məktəbin yetirməsi hesab etmirəm. Bəzilərinin dediyi kimi, kiminsə şinelindən çıxmamışam. Mən az-çox nə tanınmışamsa, yazılarımla tanınmışam. AYB xəttilə "Ulduz" jurnalında çap olunmuşam, bir neçə dəfə də almanaxda, bunu dana bilmərəm. Bir də maddi tərəfini nəzərdə tutursunuzsa, 2010-cu ilin Prezident təqaüdçüsüyəm.


- Sizin AYB-dən ayrılmağınız həmkarlarınızla müqayisədə daha sakit, sözsüz-söhbətsiz keçib. Bəs rəhbərliklə, yəni Anar müəllimlə münasibətlər nə yerdədi?
- Mən AYB üzvi olduğum müddətdə onunla bir dəfə də görüşməmişəm. Vəssalam.

- Bəs Fikrət Qoca və Şərif Ağayar qalmaqalı haqqında nə deyə bilərsiniz? Çoxları Şərif bəyi ondan yaşca dəfələrlə böyük olan birinə sataşmaqda günahlandırır. Bəs siz?

- Məsələnin kökündə nəyin dayandığını bilmirəm. Fikrət Qoca ağsaqqal adamdır hər şeydən öncə, Şərif də bizim xətrini istədiyimiz. istedadlı dostumuzdur, yazıçıdır, nəticə etibarı ilə hər iki halı bəyənmirəm, nə kiminsə təhqir edlməsini, nə də bir ictimai qurumdan şəxsi məsələyə görə kiminsə uzaqlaşdırılmasını. Yəni elə etmək olardı ki, söhbət böyüməsin və məsələlər bu qədər ciddiləşməsin. Hər halda, bu söz-söhbət ürəkaçan olmadı. Bir də ki, ümumiyyətlə, təhqir məsləsində yaş söhbəti yanlışdır, nə özündən böyüyü, nə kiçiyi təhqir etmək olar. Şərif təhqir edibsə də, həm də təhqir edilib.

- Bəs, ümumiyyətlə, müasir yazarlarla "köhnələrin"ki niyə düz gətirmir?
- Bilirsiniz, belə məsələlərdə ümumi fikir demək olmur, hər kəsin öz baxış prizması var, düşüncə tərzi var. Düşüncələr, fikirlər üst-üstə düşməyə bilər, evdə valideynlərimizlə fikirlərimiz uyğunlaşmır, sabah övladlarımız bizimlə razılaşmayacaq. Zaman bizi gözləmir, vaxt gedir, inkişaf özünü göstərir. Sadəcə olaraq, insanlar müzakirələri insani hörmət və münasibətləri qoruyaraq etsələr, yaxşı olar. Axı nə olur olsun, üz-üzə gələndə utanmaqdan yana keçmir. Burda yaş söhbəti, köhnə-yeni məsələsi nisbidir, hər yaşda hər cür hərəkət eləmək olar, baxır insana. Yaşlı olmaq o demək deyil ki, səndən kiçik sənin qulundur, sən nə deyirsən, odur. Həqiqətin yaşımı olur? Və ya gənc, müasir olmaq o demək deyil ki, bütün həya sərhədlərini aşa bilərsən. Hər şeyin bir həddi var. İnsandan dəyərli heç nə yoxdur həyatda.

- Özünüz də bir neçə ədəbi müsabiqələrin nominantı olmusunuz. Bəs bu müsabiqələr bizə lazımdırmı?
- Əlbəttə, müsabiqələr əslində istedadları üzə çıxarmaq üçün lazımdır. Yazarlar ədalətli nəticələrdən ruhlanır. Ancaq bir şərtlə ki, obyektivlik, şəffaflıq özünü göstərsin. Yoxsa, bütün mükafatları yığıb birinə verək, daha istedadlı qələm adamları da haqsızlığa düçar olsun, olmaz. İstedadlı adamı ruhdan salmaq olmaz, xüsusən də, söz adamını. Amma son zamanlar keçirilən bəzi ədəbi müsabiqələrin nəticələri, bu müsabiqələrlə bağlı qalmaqallar ortadadır. Bu hallar, sadəcə biabırçılıqdır.

- Bəs sizi nə ruhdan salır?
- Məni? Məni adamlar... adamlar adamları dəyərsiz edəndə, gözdən salanda, üzdə bir cür, arxada bir cür danışanda, dostluqları ilə düşmənlikləri bilinməyəndə, mən ruhdan düşürəm. İnandığım, etibar etdiyim adamlar yanıldanda darmadağın oluram... Axı bu həyat heç kimə əbədilik verilməyib. Söz də, sənət də, hər şey insandan sonradır...İnsanların riyakarlığına, yaltaqlığına, yırtıcılığına dözə bilmirəm...Qeyri-səmimi, saxtakar, yalançı adamlar iyrəndirir məni...İnsanın iki üzü varsa, mütləq ikiüzlümü olmalıdır?

- Neçə kitab müəllifisiniz?
- İki.

- Bəs kitabları çap etdirərkən maddi dəstəyiniz kim oldu?
- Birinci kitabım 2007-ci ildə "Şirvannəşr"də çap olundu, atamın maddi köməkliyilə. İkinci kitabım da "Qanun" nəşriyyatında, nəşriyyatın hesabına. Yəni mənim bir manat xərcim çıxmadı, reklamı və satışı ilə də özləri məşğul oldular. Arada özüm də alıram öz kitabımdan (gülür).

- Sizcə imzanız kifayət qədər tanınır?
- Mən imzam tanınsın deyə yazmıram ki. Nə qədər tanınıb, necə tanınıb, bunu düşünərək etmək olmaz. Sən, sadəcə, yazırsan. Yazmaq mənim daxili ehtiyacımdır, yazmasam, ürəyimi boşaltmasam, çox çətin olar mənə. Tanınmaq üçün yazsaydım, mənim məqalələrim "Pioner" qəzetində çap olunanda 11 yaşım var idi. "Bakı" qəzetinin baş redaktoru Ağəddin Mansurzadədən iki məktub almışdım o zaman, elə sevinmişdim ki...Heç vaxt reklama meyilli olmamışam, özümü gözəsoxmağı, hara gəldi dürtməyi nə sevdim, nə bacardım. Əgər vaxtında bunları bacarsa idim, indi haralarda idim, Allah bilir. Amma mən heç kimin quyruğunda sürünüb, kölgəsində sərinləmədim. Reklam olunmaq, mükafatlar, adlar üçün heç kimə yalaqlanmadım. Elə yaxşı ki beləyəm. Heç kimin qarşısında gözükölgəli deyiləm, boynumda kimsənin minnəti yoxdur.

- Elnaz Eyvazlı nədən narazıdır?
- Çox məqamlar var narazı olduğum, şəxsi həyatımda, içində olduğum mühitdə, cəmiyyətdə, ölkədə. Hamısını xırdalamaq olmur, heç ehtiyac da yoxdur.

- Son olaraq oxucularınıza bir sözünüz varmı?
- Oxuculara sözüm odur ki, son günlər onlardan aldığım saysız-hesabsız mesajlar, zənglər inanın ki, mənə nəinki yazmağa, hətta yazmasam belə, yaşamağa stimul verdi. Nədən rudan düşürəm soruşdunuz bayaq, amma nədən ruhlanıram, bilirsizmi? İnsanların sevgisindən, səmimiyyətindən, dürüstlüyündən... Ürəyim dağa dönür görəndə ki, insanlar sənə inanır, sən çığırmırsan, atılıb-düşmürsən, oyun oynamırsan, maskalanmırsan, ancaq onlar sükutunla belə, səni olduğun kimi tanıyıb qəbul ediblər, bilirsiniz onda adam necə xoşbəxt olur?
Mən ürəklə: «oxucularım var»,- deyə bilərəm, çünki ikinci kitabımın təqdimatında iştirak edənlər şahiddir ki, qələm dostlarımla bərabər, nə qədər oxucu gəlmişdi o tədbirə. Heç üzünü görmədiyim, tanımadığım adamlar. Hətta bəziləri yaxınlaşmamışdı, kitabı alıb, tədbiri izləyib getmişdi, sonradan yazdılar mənə, şəkillərdə gördüm. Nəinki oxucularıma, məni bütün tanıyanlara deyirəm ki, məni tanıdığınza, inandığınıza sizi heç vaxt peşman etməyəcəyəm. Necə görürsüzsə, elə də varam, necə varamsa, elə də görürsünüz. Mən sizi ölüncə qəlbimlə, sonra da ruhumla sevəcəyəm. Sevgilər və sayğılar!

Səbinə Məmmədova


Teqlər:  





Xəbər lenti