Azərbaycan Qriqoryanı Ermənistana qaytardı

Azərbaycan Qriqoryanı Ermənistana qaytardı
  18 Noyabr 2015    Oxunub:2385
Təmas xəttini 22 mart 2015-ci il tarixdə keçən erməni əsgər bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.
BAXK-nın Azərbaycan nümayəndəliyindən AzVision.az-a verilən məlumata görə, təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş verib.

BQXK saxlandığı dövr ərzində bu şəxsə mütəmadi olaraq baş çəkərək onun saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirib və ailəsi ilə əlaqə yaradılmasında yardimçı olub.

Azərbaycan tərəfinin qərarından sonra BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq və bütün tərəflərlə əməkdaşlıq şəraitində bu qaytarılmanın həyata keçirilməsinə yardımçı olub. Əməliyyatdan əvvəl BQXK-nın nümayəndələri bu hərbi əsirə baş çəkərkən o, geri dönmək arzusunu bildirib.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq, BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.

Qeyd edək ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti