Ermənistanda ölülər də `səs verəcək`...

Ermənistanda ölülər də `səs verəcək`...
  19 Noyabr 2015    Oxunub:2571
Ermənistan müxalifəti hesab edir ki, dekabrın 6-da keçiriləcək Konstitusiya dəyişikliyi üzrə referendumda səs vermə hüququna malik vətəndaşların siyahısı seçicilərin həqiqi sayını əks etdirmir.

Müxalifət siyahılardan hazırda ölkədə yaşamayan və dünyasını dəyişmiş vətəndaşların çıxarılmasını tələb edir, iqtidar “ölkəni müvəqqəti tərk edənlərin adlarını siyahıdan silmək olmaz" deyir.

Ermənistan Polisinin Pasport və Vizalar İdarəsi son dövrdə dünyasını dəyişən vətəndaşlar nəzərə alınaraq yeni siyahılar tərtib olunduğunu bayan edib.

Polisin yeni siyahısına əsasən, dekabrın 6-da Konstitusiya referendumunda səsvermə hüququna malik vətəndaşların sayı 2 milyon 553 min 85 adam təşkil edir.

Erməni Milli Konqresi parlament fraksiyasının üzvü Aram Manukyan bu siyahının “həqiqətdən uzaq” olduğunu bildirir.

“Bir milyon yarıma yaxın insan ölkəni tərk edib, lakin son 15-20 il ərzində bizim seçki siyahılarımızda onların sayı 500 min nəfər artıb. Bu, ola bilməyən şeydir... Bu, cəfəngiyyatdır”, - jurnalistlərə Aram Manukyan deyib.

Müxalifətin şübhələrinə cavabında Ermənistan Pasport və Vizalar İdarəsinin rəisi Mnatsakan Biçağçıyan dəqiqləşdirmədən sonra siyahı təxminən 1300 min nəfər azaldığını bildirib.

“Dəqiqləşdirmə işləri hər hansı şəxsin bəyanatı və ya şikayəti əsasında görülmür. Bu, birbaşa bizim vəzifə borcumuzdur, baxmayaraq ki, bu işlərin əsaslı-əsassız olduğuna dair müxalifət nə kimi faktlar açıqlayar”, - Biçağçyan bəyan edib.



Lakin Pasport və Vizalar İdarəsinin açıqladığı say digər rəsmi rəqəmlərlə də üst-üstə gəlmir.

Ermənistan Respublikası Milli Statistika Xidmətinin məlumatlarına görə, Ermənistanda səsvermə hüququna malik daima yaşayan yaxud qeydə alınan vətəndaşların sayı 2 milyon 283 min təşkil edir. Bu isə polisin rəsmən təqdim etdiyindən 270 min azdır.
Müxalifət “şişirdilmiş” seçki siyahılarının iqtidara səsvermə zamanı “saxtakarlıq” etmək üçün daha bir imkan verir.

Hakimiyyət nümayəndələri deyirlər ki, müvəqqəti ölkəni tərk edən vətəndaşların özləri rəsmən müraciət etməsə, onların adını seçki siyahısından çıxarmaq olmaz.
Müxalifətçi millət vəkili Aram Manukyan siyahıda göstərilən vətəndaşların yarısının Ermənistanda olmadığığnı deyir. Onun sözlərinə görə, sərhəd məntəqələrində ölkədən gedib-gələnlərin sənədlərinin surəti çıxarılır.

“Hakimiyyət istəsə, ölkədən kənar olanların sayın çox tez dəqiqləşdirə bilər. Bir siyahı da - xaricdə olan vətəndaşların siyahısını – tərtib etsinlər. Səsvermə vaxtı ölkədə olanlar polisə müraciət edib, səsvermədə iştirak edə bilərlər”, - Manukyan təklif edir.

Polis dekabrın 6-da keçiriləcək referendum gününədək seçki siyahılarının daha iki dəfə dəqiqləşdiriləcəyini bəyan ediblər. (BBC)


Teqlər:  





Xəbər lenti