Kliçko çempion titulunu əldən verdi - 11 ildən sonra

Kliçko çempion titulunu əldən verdi - 11 ildən sonra
  29 Noyabr 2015    Oxunub:2744
Boks üzrə super ağır çəki dərəcəsində dünya çempionu (WBA, WBO, IBF və IBO versiyaları), ukraynalı Vladimir Kliçko noyabrın 29-da britaniyalı boksçu Tayson Furiyə uduzaraq 2004-cü ildən özündə saxladığı çempion titulunu əldən verib.
Düsseldorfdakı “Esprit Arena”da 12 raundda keçirilən döyüşdə britaniyalı boksçu rəqibinə hakim qərarı ilə qalib gəlib. Belə ki, Tayson Furi üç hakimin ortaq qərarı ilə (115-112, 115-112, 116-111) qalib gələrək yeni çempion kimi adını boks tarixinə yazdırıb. Bununla da 27 yaşlı Tayson Furi keçirdiyi 25-ci qarşılaşmada da qalib gələrək məğlubedilməzlik seriyasını qoruya bilib. İngiltərəli idmançı bu qələbələrin 18-də nokautla qalib gəlib.

Matçdan əvvəl təşkilatçılarla idmançılar arasında imzalanan müqaviləyə görə Kliçko bu görüşü uduzduğu halda 18 milyon dollar gəlir əldə edəcəkdi. İngilis boksçu isə qalib gəldiyi üçün 8 milyon dollar qazanıb.

Qeyd edək ki, boks tarixinin yeni çempionuna Tayson ismi əfsanəvi amerikalı boksçu Mayk Taysonun şərəfinə verilib. Belə ki, yeni çempionun atası 1988-ci il iyunun 27-də keçirilən döyüşdə Spinksi nokaut edən amerikalı boksçunun şərəfinə həmin qarşılaşmadan ay yarım sonra – avqustun 12-də dünyaya gələn oğluna Tayson adını verib.


Teqlər:  





Xəbər lenti