Bizim `yolka` dərdimiz başqa idi, qızım...

Bizim `yolka` dərdimiz başqa idi, qızım...
  22 Dekabr 2015    Oxunub:4521
Səfurə Çərkəzqızı

Mandarinin (narıngi yazmıram ona görə ki, uşaqlığımız onu belə tanıyır) ətri mənə həmişə yeni il bayramlarını xatırladır. Bayramlara ürəkdən sevinə bildiyim uşaqlığımı, o vaxtkı yeni il axşamlarını, onun həyacanını, ağ-qara rəngli ekrandakı şaxta babanın, bər-bəzəkli yolkanın sehirli cazibəsini... O qoxuda bir az da soyuğun, şaxtanın, qar dənəciklərinin şəkli var, məncə.


Bunun səbəbini çox sonralar anladım: o vaxtlar bizim kəndin dükanlarına mandarin ancaq yeni il qabağı gələrdi. Yeni il bayramlarında bir illik mandarin həsrətimizə son verərdik...

Sən demə, rəfiqəm də eyni duyğuları yaşayırmış. Bəlkə də, çoxları... Bəlkə də, o vaxtkı kənd uşaqlarının yaddaşına yeni il bayramları elə mandarin qoxusyla həkk olunub...

Dünən yenə mandarin almışdım...

Ətri indiyə kimi içimdə yığılıb qalan xatirələrimi çözdü. Həm də yeni il qabağı...

...Bir yolkamın olması mənə o vaxtkı hind filmlərindəki həyat qədər cazibəli, Hindistan qədər də əlçatmazıydı. İndi qızımın yolka sevgisi mənə qəribə gəlsə də, onun heç bitməyəcək kimi görünən bu həvəsi keçmişimə güzgü tutur. Plasmas küknar ağacından ötrü nə qədər ağlamışdım! O vaxt kənd dükanlarında belə şeylər satılmırdı. Ondan ötrü gərək ya kimsə paytaxta yola düşəydi, ya da Bakıya tez-tez gedib - gələn birinə pul verəydin ki, alıb gətirsin.

Amma hər ailənin də belə “gərəksiz” şeylərə xərcləməyə pulu yoxuydu. Hər iki səbəbdən mənim yolka həsrətim heç bitmirdi. Buna görə atama, anama çox qəzəbliydim, onları cəzalandırmaqdan ötrü ağlıma nə gəlirdisə eləyirdim: yemək yemirdim, saatlarla ağlayardım, saçlarımı pırtlaşdırıb özümü pis günə qoyurdum... Bu, mənim onlara üsyanım, xəbərdarlığım, görüntülü mesajımıydı: görün, sizin qəddarlığınızdan nə günə düşmüşəm, yolka almasaz, həmişə bu gündə olacam!!!

Əslində, kənddə yolkası olmayan təkcə mən deyildim. Ondan sinifimizdə tək bir qızın evində vardı. Bir dəfə sinif yoldaşlarımızla yığışıb onların yolkasına baxmağa getmişdik...

Gümüşü, zərli budaqlardan rəngbərək, şüşə oyuncaqlar, bəzəklər asılmışdı. Hər şey o qədər maraqlı, cazibəli, parıltılıydı ki. Ağ-qara ekrandakı kimi. Hamımız ağzımızı açıb yolkaya tamaşa eləyirdik. Sonra lap yaxına gəldik, əlimizi parıldıyan budaqlara toxundurduq, oyuncaqlara sığal çəkdik. Qızları bilmirəm, bu mənim gördüyüm ilk “canlı” yolka idi. O qızsa gözümdə dünyanın ən xoşbəxt uşağı kimi görünürdü. Amma bircə şeyi anlamırdım, axı o niyə xoşbəxliyinə sevinmir?!

Həmin il də mənə yolka almadılar. Amma atam, deyəsən, “yolka xəstəliyimin” təbii yollarla müalicəsini fikirləşib tapmışdı. Hardansa küknar ağacının bir budağını qırıb gətirmişdi:
- Bax, əsl yolka budu! Neynirsən, o plasmas oyuncaqları?

Əvvəl mısmırığımı salladım. Sonra ortaya çıxan bir sürü iş başımı elə qatdı, məni elə xoşbəxt elədi ki..! Küknar ağacının budağını dibçəyə basdırdım. Konfetlərlə, şəkil dəftərimin vərəqlərindən düzətdiyim rəngbərəng fiqurlarla bəzəyib-düzədim...

Atam mənə baxıb gülə-gülə başını bulayırdı:
- Ay qızım, yeni ildi, yolkadı... bunlar hamısı xristanların, rusların bayramıdı. Bizim bayramımız martda olacaq. Onda boşqablarda səməni cücərdərsən. Bizim yeni ilimiz Novruz bayamıdı...

Bir uşaq üçün nə fərqi vardı axı özgəsinin bayramıdı, ya özümüzün. Əsas oydu ki, xoşbəxt olmağa, sevinməyə, oynamağa səbəb tapmışdım.

Bir il sonrakı bayramsa mənimçün əsl möcüzə hazırladı. Gəncədə institutda oxuyan qardaşım imtahanlarını verib bayram tətilinə gəlmişdi. Təqaüdündən 3 rubl ayırıb məni yaşlanmış arzuma çatdırmışdı - boyu yarım metr olan yolka alıb gətirmişdi...

Bax onda meymunla mənim aramdakı fərq sıfıra enmişdi))) Onun kimi qışqırmışdım, atılıb düşmüşdüm. Sözün bütün mənalarında meymunluq eləmişdim.

Onunla –sevimli yolkamla çox illəri yola saldıq. Yeni illəri birgə qarşıladıq, birlikdə bəzənib-düzəndik...

...O səhər...

Musiqi adamın canında soyuq cərəyan kimi dolaşırdı. Radio dərd yağdırırdı ruhumuza. Çaşqınıydıq...

...Sonra ədəbiyyat müəllimimiz Bakıda baş verənlərdən, Sovet ordusunun xəyanətindən, rusların öldürdüyü insanlardan danışdı. Elə danışa-danışa kişinin səsi titrədi, gözlərimizin önündə ağladı. Onun həm bir müəllim, həm də bir kişi olaraq qarşımızda ağlamağı, belə üzülməyi hamımızı çaşdırmışdı. Bakıda dəhşətli bir gecə yaşandığının fərqindəydik.

Çaşqınlığımızın nifrətə çevrilməsi yaman oldu. Qarşımıza çıxan hər şeyi-SSRİ-nin qardaşlığını “sübut” edən plakatları söküb çırdıq, rus dili otaqlarını darmadağın elədik, “Rus dili” kitablarından tonqal çatdıq. (Ağlımızca bu yolla düşməndən qisas alırdıq) Yenə hirsimiz-hikkəmiz soyumadı...

...Bilmirəm illər əvvəl atamın o vaxt heç önəmsəmədiyim o sözü hardan düşdü yadıma. “...Yeni ildi, yolkadı...bunlar hamısı xristanların, rusların bayramıdı...”

...Ağlıma gələn fikirdən bədənim əsirdi. Amma qərarlıydım.

Həyətimizdəki qocaman ağacın altında çöməlib oturmuşdum. Kibriti necə yandırdığım yadımda deyil. Amma bunu çox yaxşı xatırlayıram: yolkam əridikcə budaqları əyri-üyrü, qəribə formalara düşür, sonra damcı-damcı yoxa çıxırdı. İçimdəki yolka sevgim də onunla birgə əriyib gözlərimdən yanağıma damırdı. Damıb, damıb, axırda qurudu sevgim...

İndi bütün bunlar mənə, yəqin elə sizə də gülməli, mənasız görünür. Kitablardan oxuduğumuz, inandığımız yalanlara, müəllimimi ağladan o səbəbə, “20 Yanvar” qırğınına uşaqcasına üsyanım...

O vaxtdan bir də yolkam olmadı... Mənimçün əvvəlki sehrini, cazibəsini itirdi. Bəlkə də, böyümüşdüm deyə...
Qızımsa hələ çox balacadı...
- Ana, bəs yolkamızı nə vaxt bəzəyəcəyik?!
- Elə bu gün!
- Urraaaa!!!


Teqlər:





Xəbər lenti