Türkiyə alçaldıcı hərəkət etdi – Putin

Türkiyə alçaldıcı hərəkət etdi – Putin
  12 Yanvar 2016    Oxunub:4188
Rusiya prezidenti Vladimir Putin “Su-24” tipli təyyarənin vurulmasından sonra Türkiyənin NATO-ya onları qorumaq barədə müraciətini alçaldıcı hərəkət adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Almaniyanın `Bild` qəzetinə müsahibəsində bildirib.

“Türkiyə rəhbərliyi terrorçulara zərbələr endirən hərbi təyyarəmizi vurduqları üçün bizə vəziyyəti izah etmək əvəzinə, NATO-nun baş qərərgahına gedərək müdafiə olunmalarını istədilər ki, bu da olduqca qəribə və mənim fikrimcə, Türkiyə üçün alçaldıcı hərəkət idi”, - deyə Rusiya lideri qeyd edib.

Putin qeyd edib ki, Moskva və Ankara münasibətlərində problemlər Türkiyənin NATO-ya üzv olması ilə bağlı deyil: “Heç kim Türkiyəyə hücum etmir. Əgər Türkiyənin dünyanın hər hansı bir nöqtəsində, ona yaxın ölkələrdə maraqları varsa, onda NATO bu maraqları qorumalıdır?”, - deyə Putin vurğulayıb.

Rusiya prezidenti belə insidentlərin genişmiqyaslı toqquşmalara səbəb olmayacağına inandığını bildirib: “Əgər Rusiyaya qarşı hər hansı bir təhlükə yaransa, ölkəmiz öz təhlükəsizliyini təmin etmək üçün əlində olan bütün vasitələrdən istifadə edəcək”.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti