20 Yanvar şəhidləri Los Ancelesdə anılıb
Əvvəlcə mərasim iştirakçıları Qara Yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad ediblər. Muzeyin icraçı direktoru Castin Cəmpol Vende Muzeyinin belə bir önəmli tədbirə ev sahibliyi etməkdən qürur hissi keçirdiyini vurğulayıb.
Daha sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, qanlı 20 yanvar hadisələri barədə məlumat verib və həmin hadisələr zamanı Sovet qoşunları tərəfindən böyük sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd edib.
Baş konsul qeyd edib ki, bu qəddarlığı həyata keçirən Sovet rejimi Azərbaycan xalqının azadlıq arzularını boğmaq niyyətində olsa da, öz məqsədinə çata bilməyərək, tam iflasa uğrayıb və Azərbaycan öz dövlət müstəqilliyini tezliklə bərpa edib.
Sonra çıxış edən amerikalı keçmiş diplomat, Kaliforniya San Dieqo Universitetinin (UCSD) professoru Ceyms Koyl bu hadisənin tarixi önəmindən danışaraq, Qara Yanvar faciəsinin SSRİ-nin süqutunun başlanğıcını qoyduğunu vurğulayıb.
Çıxışlardan sonra Baş Konsulluq tərəfindən hazırlanmış “Qara Yanvar: Azərbaycanın azadlığına gedən yol” başlıqlı sənədli film nümayiş olunub. Həmçinin, CNN televiziya kanalının faciə ilə bağlı reportajı göstərilib.
Tədbirin sonunda klassik bəstərkarların həzin ruhlu əsərlərindən nümunələr səsləndirib.
AzVision.az