`Dollar iki manat olacaq` – Rusiya bankı

`Dollar iki manat olacaq` – Rusiya bankı
  21 Yanvar 2016    Oxunub:6032
Sberbank CİB (Rusiyanın “Sberbank”ın korporativ-investisiya biznesi) ötən gün “MDB: Borc bazarları” investisiya hesabatını dərc edib.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hesabatda manat da daxil olmaqla, Körfəz ölkələri Əməkdaşlıq Şurasına üzv ölkələrinin valyutalarının məzənnələrinin səviyyədə düşəcəyinə dair proqnozlar yer alıb.

“Vəziyyətin bu cür olmasına səbəb bazarın neft qiymətlərinin “dib”ini proqnozlaşdırmaqda çətinlik çəkməsidir. Ötən gün (19 yanvar) elan olunan qərarlara baxmayaraq, “Brent” markalı neft 25 dollar və daha aşağı göstəriciyə düşsə, USD/AZN məzənnəsi hazırkı 1,60 göstəricisindən yuxarı qalxacaq və ola bilər ki, 1 dollar üçün 2 manat göstəricisinə yaxınlaşsın”, - deyə hesabatda qeyd olunur.

Hesabatda, həmçinin vurğulanır ki, Azərbaycan rəhbərliyi ölkə xaricinə kapital axının kənara çıxarılmasının qarşısını almaq üçün müəyyən məhdudiyyətlər qəbul ediblər.

“Yeni qaydaların tətbiq olunması ilə bağlı qərar Azərbaycan Mərkəzi Bankının manatın dollara olan məzənnəsini 35% ucuzlaşdırmaqla üzən məzənnəyə keçmək barədə qərarından düz bir ay sonra qəbul edilib. Azərbaycan neft qiymətlərinin aşağı düşməsi ( hazırda neft qiymətləri 75% aşağı düşüb) fonunda Rusiya və Qazaxıstanın son 18 ay ərzində yaşadığı problemlərlə qarşılaşıb. Neftin ucuzlaşması kursun fiksləşdiyi ölkələrin valyutalarına güclü təzyiq göstərib. Nəticədə yaranan vəziyyət büdcə dinamikasının pisləşməsi ilə nəticələnib. Təcrübə göstərir ki, bu cür çətinliklər çəkən ölkələr öz qızıl – valyuta ehtiyatlarının tükənməsinin qarşısını almaq məqsədilə üzən valyuta keçidin xeyrinə qərar qəbul edirlər.

Azərbaycana gəldikdə isə yerli Mərkəzi bankın rezervləri 15 milyard dollardan təxminən 6 milyard dollara düşüb. Lakin ölkənin Dövlət Neft Fondunda 30 milyard dollardan yuxarı əlavə ehtiyatlar var”,- deyə “Sberbank”ın hesabatında bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti