Papa-Patriarx görüşünün pərdəarxası

Papa-Patriarx görüşünün pərdəarxası
  15 Fevral 2016    Oxunub:3336
İlk dəfə 1996-cı ildə, mərhum Papa İohann Pavellə Patriarx II Aleksinin zamanında gündəmə gətirilən Papa-Patriarx görüşü 20 ildən sonra Kubanın paytaxtı Havananın “Jose Marti” Beynəlxalq Hava Limanında baş tutdu.

Roma Papası Fransisk ilə Rusiya patriarxı Kirill arasında keçirilən görüş dünya gündəmində geniş müzakirələrə yol açıb. İddia edilir ki, Papa-patriarx görüşü xristian dünyasının müsəlmanlara qarşı birləşməsinə işarədir.

Papa və Patriarxın imzaladığı birgə bəyanatda xristianların Yaxın Şərqdən uzaqlaşdırılmasının qarşısının alınması üçün təcili tədbirlər görülməsinə dair beynəlxalq birliyə çağırışı yer alıb. Bəyanatda açıq şəkildə vurğulanır ki, bu müraciət “Yaxın Şərqdə və Şimali Afrikada zorakılığa məruz qalan qardaş və bacılarımız üçündür”.

Tarixə düşən Papa-Patriarx görüşünün indiki ağır dövrdə baş tutması təsadüfdürmü, yoxsa...?



Papa-Patriarx görüşünü şərh edən millət vəkili, siyasi icmalçı Sahib Alıyev hesab edir ki, iki dini liderin görüşü xristian dünyasının bir araya gəlməsi üçün verilən mesajdır: “Bu görüşün baş tutacağı ilə bağlı anonsla tanış olanda, məhz Roma Papasının vasitəçiliyi ilə Malta yaxınlığında ABŞ prezidenti Ronald Reyqan və SSRİ prezidenti Mixail Qorbaçovun görüşünü xatırladım. Həmin vaxt Liviya prezidenti olan Müəmmar Qəddafi bildirmişdi ki, “böyük dövlətlərin bir araya gəlməsi, kiçik dövlətlər üçün fəlakət vəd edir”. Hadisələrin sonrakı inkişafı onun dediklərini təsdiqlədi. Hətta özü bu fəlakətin qurbanı oldu. Əgər söhbət doğrudan da onların təmsilçi olduğu dinin dəyərlərinin təbliğindən gedirsə, iki dini liderin bir araya gəlməsi yaxşı haldır.

Xristianlıqda deyilir ki, öldürmə! Çox təəssüf ki, hazırda əks prosesi görürük. Dünyanın böyük xristian dövlətlərinin Yaxın Şərqdə başlatdıqları proses qətiyyən bu dinin “öldürmə” tələbinə uyğun gəlmir. Düşünmək olardı ki, görüş zamanı ilk olaraq iki dini lider bu məsələ üzərində fikirlərini cəmləşdirəcəklər. Ancaq, görüşün gündəliyində əsas mövzunun nə olduğunu görəndə başa düşürsən ki, söhbət bundan getmir. Yəni, onların xristinalığa qarşı aparılan “soyqırımın” qarşısını alması istiqamətində daha çox müzakirə apardığı bildirilir. Yəni, məsələnin açıqlanan tərəfi budur”.

Millət vəkilinin sözlərinə görə, Yaxın Şərqdə xristianların soyqırıma məruz qalmasından söhbət gedə bilməz. Əksinə, bölgədə milyonlarla müsəlman qətlə yetirilir.

“Burada ayrı-ayrı Qərb dövlətlərinin xüsusi xidmət orqanlarına birbaşa bağlı olan, onların silahlandırdığı radikal qrupların əli ilə İslam ölkələrinin çökdürülməsindən söhbət gedir. Heç bir xristian soyqırımından söhbət gedə bilməz. Bu görüş qurdun çayın yuxarısında dayanaraq, quzunu suyu bulandırmaqda günahlandırmasından bəhs edən təmsili xatırladır”.



S.Alıyev Papa-Patriarx görüşünün görünməyən tərəflərini də şərh edib: “Nə Rusiya patriarxı, nə də Roma Papası prosesdə sərbəst lider kimi iştirak etmir. Uzun illərdir bu görüş barədə danışılırdı, ancaq baş tutmurdu. Necə oldu ki, birdən-birə görüş baş tutdu? Fikrimcə, görüş Rusiya rəhbərliyinin iradəsi ilə baş tutub. Hazırkı qarşıdurmada Rusiya çox gərgin vəziyyətlə üzləşib. Sanksiyaların tətbiqi və digər məsələlər artıq Rusiyanı Qərbə yanaşmada daha mülayim davranmağa sürükləyir. Məhz ona görə Münhen Təhlükəsizlik Konfransına mülayim şəxs kimi qarşılanan baş nazir Dmitri Medvedev göndərildi. Eyni zamanda Papa-Patriarx görüşü baş tutdu. Bütövlükdə bu addımların arxasında belə bir tezis durur ki, biz xristian dövlətləriyik və bir-birimizlə qarşıdurmaya getmək əvəzinə eyni cəbhədə yer almalıyıq. Bütün bunlar Rusiyanın Qərbə verdiyi mesajdır.

Əslində, Qərbdə də bu fikirdədirlər ki, Rusiya ilə Qərb eyni sivilizasiyanın daşıyıcıları olaraq bir yerdə olmalıdır. Ancaq, Rusiya bu məsələdə kiçik qardaş rolunu oynamalıdır. Yəni, ABŞ-ın strategiyası budur ki, onun üçün ən böyük təhdid Rusiya yox, İslam dünyası və Çindir. Bu iki təhdidə qarşı Rusiya Qərbin yanında kiçik qardaş statusunda yer almalıdır.

Papa ilə Patriarxın görüşü, Münhen Təhlükəsizlik Konfransında baş nazir Dmitri Medvedevin iştirakı “Putin Doktorinası”nda dəyişikliklərin olacağı ehtimalından xəbər verir”,-deyə millət vəkili qeyd edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti