`Orada hamını sındırırdılar, hər gün 1-2 meyit çıxırdı` - Şuşa türməsinin dəhşətləri
Xüsusi olaraq AzVision.az üçün
( Ardı. Əvvəli BURADA )
... Göyçayın kəndlərindən birindən olan Zülfüqar adında bir oğlan da vardı zonumuzda. Rus dilini yaxşı bilmədiyindən çox vaxt bir tərəfə çəkilib oturar, mənim yanıma gəlib söhbət eləməyə utanardı. O vaxt zonların inkaredilməz qaydası vardı. Hətta sürü şəklində gəzişən özbəklər, türkmənlər, qazaxlar da öz aralarında da rus dilində danışmalı idilər, yoxsa hətta səninlə bir qabdan balanda yeyən "Oğru" dostun da göz ağardacaq, məhbəs qanunlarını pozduğunu mütləq üzünə vuracaqdı.
Zülfüqar məndən on-on iki yaş böyük idi. Birinci dəfə Şəkidəki Xan türməsində oturmuşdu, səksəninci ilin ortalarına yaxın onu Şuşaya aparmışdılar.
Bir-birinin ardınca qəzetdən doğradığı dördkünc kağızlara maxorka doldurub, dərin qullablar vurur, tüstüdən bir damcı belə bayıra buraxmırdı. Onun bu qədər papiros çəkməsinə heyrətlənirdim.
Bir dəfə soruşdum ki, bu qədər maxorkanı haradan alırsan? Cavab verdi ki, kisəsindəki tütünün yarıdan çoxu ağac xəzəlləridir. Sonra danışdı ki, iki il Şuşada təkadamlıqda oturub, bu vərdiş də oradan qalıb. Bu qaraqabaqlıq, adamayovuşmazlıq da Şuşa türməsinin yadigarıdır, – deyirdi.
Zülfüqarı dinlədikcə özümə şükürlər edirdim. Taleyi də özü kimi idi; yorğun, küsgün, ağrılı, kimlərinsə qarşısında başıaşağı... Onun ovurdları bata-bata maxorka sümürməsinə baxdıqca fikirləşirdim ki, belə ömrün ağrılarına tab gətirmək mümkün deyil.
Haçansa evlərində bir nəfər ailəlikcə qonaq qalmışdı. Sonradan bəlli olmuşdu ki, bu adam "eser" imiş... Düzünü desəm, heç "eser" sözünün mənasını Zülfüqar özü də bilmirdi. Atasını və iki böyük qardaşını 38-ci ildə aparmışdılar. O vaxt Zülfüqarın on iki yaşı varmış. 1945-ci ilin payızında da səhər malları naxıra ötürərkən onun qollarına qandal vurulmuşdu:
– Açığını desəm, həbsxana, koloniya elə hər yerdə koloniyadır. Amma onların bir-birindən çox fərqi varmış. Şuşa türməsi oturduğum qazamatların, zonların ən dəhşətlisi idi, – deyirdi Zülfüqar. – Sibirdə lap iyirmi il otursam, yenə birtəhər dözərəm. Amma Şuşa, ox... ox!.. Sibirdə obşaq var, asayişi qoruyur. Nahaqdan ölənə rast gəlməmişəm. Şuşa türməsi isə sallaqxana idi. Elə gün olmurdu ki, türmədən bir-iki meyit çıxarmasınlar. Bu vaxtacan həm "qırmızı", həm də "qara" zonlarda, onlarla paylama məntəqələrində oturmuşam. Şuşa türməsindəki əzazilliklə heç yerdə rastlaşmamışam.
Şuşa türməsi qırmızı yox, qan rəngli türmədir. Bir də eşidirdin, Vampir Qriqoryan "oper"-"besperedelşik"ləri yanına toplayıb deyir: Axşam etap gələcək. İçərilərində "Qanuni oğru"lar da var. Onları bir-bir, iki-iki kameralara paylayacağam. Başa salın ki, burada qanunu-qaydanı kim qoruyur. Başa düşməyəni sındırın, alçaldın. Qorxmayın, bir neçə məhbusun xəstəxanaya düşməsindən heç kəs ziyana çəkməz.
Xatalara paylanmadan iki-üç saat sonra "oper" kameraya girib, "afərin uşaqlar, onu yaxşı əzişdirmisiniz! Və ya – “bunun "roja"sını lazımınca bəzəməmisiniz", – deyirdi.
İtaət etməyən, özünü qoruyan məhbusu gecə yuxudan oyadır, lopabığ Karenin ixtiyarına verirdilər. Starşina çay içə-içə, dolma yeyə-yeyə serjantların köməyi ilə dustağı huşunu itirənədək döyür, alçaldaraq karserə salır, qışda üstünə bir vedrə su ataraq dondurur, yaydırsa bütün dəlmə-deşikləri bağlayaraq havasızlıqda boğdururdu.
Şuşa həbsxanasında uzun müddət hökm sürən acınacaqlı vəziyyət heç bir insaf, vicdan çərçivəsinə sığmır. İkicə ay bəsdir ki, vərəmə tutulasan. Buranın dığa nadzorları məhbusun sifətinə, gözlərinin içinə baxan kimi vərəm çöplərinin bədənində yayılıb-yayılmadığını təyin edirlər. Əgər bədənin möhkəmdirsə, bir aylıq soyuq, nəmiş karser, kolorisiz yemək səni sındıracaq. Bu xəstəlik ciyərlərini tərpətməyibsə, "oper"in əmri ilə səni səkkiz nəfərlik kameraya doldurulmuş on beş nəfərlik vərəmli xəstənin yanına salırlar. Müddətin sona yetənə yaxın əlaltılarından "stukaç"lardan iki-üç nəfəri sənin kamerana buraxırlar ki, bir balaca səs-küy qalxsın, yaxud təzə gələnlərdən birisinin burnu qanasın - günahkar mütləq sən olacaqsan və azadlığa çıxmağına iki ay qalmış daha iki il yükləyəcəklər belinə, Sibirə etap göndərəcəklər. Şuşa türməsində müddət artırma metodlarından biri də sənin balıncının dəmirə dönmüş pambıq lifləri içərisindən, yaxud döşəyinin cırıq yerindən anaşa, yaxud tiryək tapılmasıdır.
Təsəvvür edin, sındırılmayıb, bütün dəhşətlərə, əzab-əziyyətlərə sinə gərən məhbusun qapısının açılmasına iki həftə qalıb... O, yemək-içməyi, yuxunu unudub, saatları deyil, dəqiqələri, saniyələri sayır.
Birdən dəmir qapılardakı kormuşka açılır, starşina gözlərini bərəldərək əmr verir ki, kameranın ortasına toplaşın. Qapı açılır və hamını dəhlizə çağırırlar. Əvvəlcə yalandan üst-başımı axtarırlar, sonra "əsas" şmon başlayır və serjant süni sevinclə "tapdım!" "tapdım!" – bağırır və hamının gözü qarşısında çay paçkasından cırılmış kağız bükülüsünü starşinaya verir".
Belə güclü psixi gərginliyə dözməyən məhbusların bəzilərini əsməcə tutur. Qəfil depressiyadan elə oradaca dəli olanı da görmüşəm, – deyirdi Zülfüqar.
- Sən Monqolustanda gəzişən dəvələri görürsən - təsəvvür et ki, susuzluqdan heydən düşmüş dəvə səhra ilə ayaqlarını sürüyə-sürüyə Ubsu-Nur gölünə doğru irəliləyir. Artıq onun səthində günəşin yeddi rəngə çalan şölələri oynayır. Dəvə sonuncu gücünü sərf edərək, addım atmaq istəyəndə ətrafında heyvanların ən üfunətlisi, ən murdarı olan giyenalar (kaftarlar) peyda olur. İrəlidən hücum etməyə cürətləri çatmayan bu mənfurlar dəvənin arxa ayaqlarını məngənə kimi möhkəm çənələr arasına alaraq zingildəyirlər. Dəvə geri qanrılıb onu suya çatmağa qoymayan alçaqların üzünə tüpürmək istərkən qabaq ayaqlan da bu idbarların ağzına düşür. Taqəti kəsilmiş dəvənin iri bədəni qum üzərinə sərilir və həmin an boğazından bir alçaq yapışır.
Şuşa türməsindəki dığa xozeyin, “oper” və nəzarətçilər məhz kaftar xislətlidirlər,– deyirdi Zülfüqar.
Mən səkkiz nəfərlik kamerada oturub səkkiz il əvvəl Monqolustan səhrasında Zülfüqar kişidən eşitdiklərimi yaddaşımda qurdalayır və Sibirdəki məhbəs həyatıma həsəd aparırdım. Vampir Qriqoryan elə bir rejim, elə bir sistem qurmuşdu ki, nadzorlar da istər-istəməz məcbur olurdular dustaqlarla vəhşicəsinə rəftar etsinlər.
Bütün bunlara baxmayaraq, öz şəxsiyyətini, mənliyini saxlaya bilənlər də az deyildi. Məsələn, nadzorların arasında Zakir adlı yaşlı bir kişi vardı. O, bizimlə həmişə insan kimi davranırdı. Görürdük ki, Vampir bizi döydürəndə, o başqaları kimi kürəyimizə yox, ayağımıza vururdu. Qriqoryan baxmayanda heç vurmurdu. Yəni bir sözlə deyirəm ki, ucdantutma hamısı haqda elə vəhşi kimi danışmaq olmaz. Kamran adlı bir nadzor da vardı. O, dustaqlara qarşı Şuşa türməsinin o dövrüylə müqayisədə möcüzəyə bərabər yaxşılıqlar edirdi. Bir də görürdün, kormuşkanı açdı, içəri çay tulladı, yaxud çörək ötürdü. Gözümüz kəlləmizə çıxırdı. İlk vaxtlarda düşünürdük ki, bu da nəsə bir torbadır tikirlər bizimçün. Amma bir neçə dəfədən sonra yəqin etdik ki, yox, sadəcə, bu kişinin bir insan kimi ürəyi yanır bizə.
Kamranın xasiyyətinə bələd idik. Deyim ki, indi də mənə məlum deyil neyçün, ancaq onunla Qriqoryanın özü də hesablaşırdı. Vampir nadzorların hamısını söyürdü - anasını, bacısını, amma Kamrana bir dəfə ağır söz dediyini eşitməmişdik.
Hələ bir dəfə də nadzorlar bizi kollektiv şəkildə tökülüb döydüyü vaxt onun əlində ya dubinka, ya şlanq görən olmamışdı... Nadzorların bəziləri sözsüz ki, xozeyinin qorxusundan döyürdülər bizi, ancaq Kamran döymürdü, dayanırdı qıraqda. Dığa da ona heç bir söz demirdi.
Bir dəfə dişim də bərk ağrıyırdı, üzüm şişib, pis vəziyyətdəyəm. Vertuxay Karen içəri girib gözləyir ki, durub doklad edərəm. Mən də heç yerimdən də tərpənmirəm. Üzünü mənə tutub:
- Niyə doklad eləmirsən? Dejurnı bu gün sən olmalısan, - deyə soruşdu.
Mən də
- Hə, mən olmalıydım, - deyə cavab verdim.
Elə bunu dediyimi gördüm. Allaha and olsun, gözlənilmədən bu ağrıyan dişimin üstündən bir sillə vurdu, varımdan yox oldum. Elə bir ağrı hiss elədim ki, daha ağlım başımdan çıxdı. Əsəbimdən bilmirəm neyniyim. Özümdən asılı olmayaraq söyüş işlətdim.
Nadzorlar da qapının ağzında dayanıblar axı. Elə bu söyüşü eşidib girdilər kamerə. Yaxamdan yapışıb çıxardılar koridora. Həmişə bizi bir yerdə döyürdülər, bu dəfə tək məni salıblar ortaya, bəlkə də on nəfər, kim necə bacarır- vururlar. Mən də üzümü əllərimlə tutub oturmuşam. Təpik, şlanq, dubinka döy ha döy. Öldürürlər məni. Bir an hiss elədim ki, sakitləşdilər. Əlimi üzümdən çəkən kimi söydüyüm nadzor ayağındakı soldatski sapoqla sifətimdən bir təpik vurdu, başım dəydi divara, özümü itirdim. Aradan nə qədər keçib bilmirəm, özümə gələndə eşitdim ki, bir Mamed kişi vardı, starşina, xodgedən kişiydi, qışqırır onun üstünə: "Ayə, bəsdir! Öldürdün ki, xalxın uşağını"…
Elə buna görə də atam, böyük qardaşım və yeznəmlə bir yerdə yığışıb gəlmişdilər yanıma. Düzü, görüşümüzdən az vaxt keçmişdi, heç gözləmirdim onları...
Görüşə gedəndə elə bir vəziyyətdəydim ki, tanınmalım qalmamışdı. Yeznəm ilk dəfəydi məni görürdü. Atamgil birtəhər məni qorxuzmamaq üçün özlərini sakit apara bilsələr də o, özünü saxlaya bilmədi, ağladı...
Görüş barədə problem yox idi. İldə neçə dəfə gəlsələr, görüş verilirdi. Amma necə? Deməli, görüş otağına gətirilirsən. Qalın şüşənin o tərəfində görüşə gələnlər dayanır, bu tərəfdə dustaq. Nadzor peredaçanı alıb keçirir içəri. Görüş müddəti ərzində söhbət edə-edə nə yedin, o qalır. Görüş başa çatan kimi yerdə qalanları yığışdırıb götürür nadzor. İçəri bir dənə çöp də aparmağa icazə verilmir. Mən görüşə çıxanda yadımdadı, yazıq anam həmişə yemək üçün yağ-bal gətirirdi. Belə xeyirli şeylər yeyəndə axı ürəkdə bir tutar da olur. Özü də deyirdi ki, oğul, sən ye, mən danışacağam. Qulaq asa-asa ye. Bilirdi axı, vaxt qurtardı, hər şey bitdi. Nə qədər yeyirsən ye, nə qədər siqaret çəkirsən çək, amma içəri aparmaq olmaz. Mən ömrümdə ilk dəfə siqareti atamın yanında Şuşa türməsində çəkdim. Qardaşım siqareti ötürdü mənə, haçandı filtirli siqaret görməyən adam. Görməmiş kimi bir-birinin ardınca neçə siqaret çəkdim. Görüş vaxtı başa çatdıqdan sonra şmon edib üst-başımı axtarırdılar, əllərinə bir şey keçdisə, söz-söhbətsiz karsa göndərirdilər. Görüş də belə olurdu.
Anamgil mənim vəziyyətimi necə görmüşdülərsə, böyük qardaşım görüşdən çıxan kimi birbaşa Qriqoryanın yanına gedib ətraflı "söhbətləşmişdi". Stolunun üstünə 500 manat qoyub məni lazaretə göndərməyə razı salmışdı. 500 manat da 85-ci ildə böyük puldu axı. Vampir də söz vermişdi ki, bir ay ərzində sənədlərini düzəldib göndərəcəyəm.
Həmin dövrdə zondan türməyə yatab gəldi. Malik adlı bir oğlan vardı, kalonda bir yerdə olmuşduq onunla. O da yatab gələnlərin arsındaydı. Kamerə girib məni görəndə çaşdı. Dedim: "Malik, nə olub?" Bir xeyli sual dolu nəzərlərlə baxandan sonra məsələni anladım.
Hardasa bir aydan sonra Bakıya xəstəxaaya yatab olundum. Düz üç ay orada qaldım. Xəyalına gətir də o cəhənnəm əzabından qurtarıb düşəsən sakit bir yerə. Kef çəkdim. Bir az psixiatriyada, bir az infeksionnıda qaldım. Amma fikirləş ki, orda həqiqətən tif xəstəliyinə tutulanlar vardı. Yoluxa bilərdim. Fikirləşdim ki, cəhənnəmə olsun ey, noolar-olar. İnan ki, iki ay qaldım orda, bilirdim ki, bax mənimlə durub-oturan oğlan bu xəstəliyə yoluxub. İyrənib-eləmək söhbəti olmadı. Ona görə də heç nə yoluxub-eləmədim. Xəstəlik belədi ki, gərək özünü qorxuzmayasan...
Axır ki, cəhənnəm əzabından qurtulub dinclikdə keçirdiyim sakit günlərin də sonu çatdı. Üç ayın tamamında lazaretdən çıxarılıb geriyə, Şuşa türməsinə, cəhənnəmin soyuq bucağına yatab olundum.
(Ardı var)