Daxili borclanmadan necə qurtula bilərik? – TƏHLİL

Daxili borclanmadan necə qurtula bilərik? – TƏHLİL
  01 İyun 2016    Oxunub:3194
Ölkə iqtisadiyyatına dair ən böyük problemlərdən biri büdcə tədiyyəçilərinin ödənişləri haqda ümumiyyətlə, heç bir statistikanın olmamasıdır. Halbuki, Dövlət Neft Şirkəti (SOCAR) üzrə müvafiq məlumat demək olar ki, hər rüb üzrə verilir və bir kiçik kəsir və yaxud “axsaqlıq” müşahidə edilən kimi dərhal həyacan təbili çalınır.

Bəs, “Azərbaycan Hava Yolları” QSC, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Azərenerji" ASC, «Azərbaycan Dəmir Yolları» QSC və sair kimi qurumların ödənişləri üzrə vəziyyət nə yerdədir, niyə məlum deyil?! Yəni, bu barədə heç bir məlumat yoxdur.

Ümumiyyətlə, əvvəl də yazmışıq ki, Azərbaycanda borclarla bağlı iki ciddi problem mövcuddur. Hansı ki, bir-birilə çulğalaşaraq, artıq çoxdan zəncirvari xarakter alıb. Bunlardan birincisi, debitor borclardır ki, ölkəmizdə qeyd olunan borclar problemi neçə illərdir nəinki həllini tapmır, əksinə, sistemdaxili borcların durmadan artması nəzərə çarpır. Büdcədə nəzərdə tutulub, öz təyinatına görə vaxtında istifadə edilməyən - yönəldilməyən hər 1 manat vəsait isə borclar sistemindən keçərək 4-5 manat da əlavə öhdəlik yaranmasına gətirib çıxarır.

İkincisi isə iri büdcə tədiyyəçilərinin borclarıdır ki, həmin borcların bir hissəsi obyektiv səbəblərdən yaranırsa, xeyli hissəsi məhz sünü yollla formalaşır. 2016-cı ilin yanvarın 1-nə “Azərenerji” ASC-nin dövlət büdcəsinə olan borcunun məbləği 799 milyon 795,9 min manat təşkil edib ki, bu da dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə mövcud borclarının 68,2 %-i deməkdir. Bundan əlavə, adı çəkilən qurumun cari ilin ilk 3 ayının nəticəsi də nəzərə alınmaqla SOCAR-a da 350 milyon manat borcu olduğu bildirilir. Hansı ki, bunun da 30 milyon manata qədər hissəsi təkcə, bu ilin ilk 3 ayında yaranıb.

Yeri gəlmişkən, 2015-ci ilin yanvarın 1-nə isə “Azərenerji” ASC-nin Neft Şirkətinə 4,6 milyon manat borcu var imiş... Hansı ki, manat həmin vaxt hələ heç bir devalvasiyaya uğramamışdı. Sözügedən borc vəsaiti ilə əlaqədar problem isə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımovun sözlərincə, keçən ilin dekabr ayında Ali Məhkəmə səviyyəsində həll edilib. Hələ bundan sonra, 314 milyon manat səviyyəsində yeni borc yaranıb.

Bundan əlavə, bir sıra qurumlara dövlət zəmanəti ilə verilmiş kreditlərin geri ödənişi üzrə də yaranmış borcları da nəzərə aldıqda, dövlətin həqiqətən də əməlli "talandığı" görüntüsü yaranır. Məsələn, bu gün maliyyə naziri Samir Şərifov Milli Məclisdə bildirib ki, hazırda AZAL QSC-nin dovlətin qarantiyası ilə aldığı kredit borcunun məbləği 650 milyon manat təşkil edir.

Qurum bunu qaytara biləcəkmi?! Yaranmış yeni iqtisadi situasiyaya əsasən, sözsüz ki, çətin...

Bir az əvvəl verilən məlumata əsasən, Hesablama Palatası tərəfdən aparılan təhlillər zamanı bir sıra təşkilatlara dövlət zəmanəti ilə verilmiş kreditlərin ödənişləri üzrə ciddi problemlər olduğu da üzə çıxdığı deyilir ki, bu da nəticə etibarilə həmin kreditlərin dövlət büdcəsi vəsaiti hesabına qaytarılması ilə nəticələnəcəyi təhlükəsi yaradır.

Bəs, çıxış yolu nədədir?! Nə etmək lazımdır?!

Azərbaycanda bu gün özəlləşdirilə bilinən və hətta bunun vacib sayıldığı sahələr - müəssisələr çoxdur. Eyni zamanda, hazırkı qlobal iqtisadi böhranın təsirlərindən yaxa qutarmaq üçün də özəlləşdirmə bir vasitə sayılır. Həmçinin, daxili borclanmanın, qarşılıqlı ödəməmələr problemin birdəfəlik həlli üçün də çıxış yolu hesab olunur. Qısa desək, özəlləşdirmə yeni iqtisadi inkişaf yoluna dair modelin yaradılması işində bir növ əsas elementlərdən biri sayılır.

Məlumdur ki, bu gün neftə görə dövlətimizin gəlirləri azalıb. Və o da məlumdur ki, bilavasitə neft gəlirləri olmasa, yəni Neft Fondundan transfert həyata keçirilməsə sosial istiqamətdə ödənişləri icra etmək mümkün deyil. Üstəlik, dövlət öz vəsaitləri hesabına investisiyalar həyata keçirmək, hətta iqtisadiyyatın bəzi sahələri üzrə müxtəlif xarakterli daxili və xarici borc öhdəliklərini də ödəməklə məşğuldur ki, bu işdə isə əsas yük SOCAR-ın üzərinə düşür...

Hələlik məlum olan isə budur ki, SOCAR özəlləşdirilməyəcək. Dövlət başçısı da qeyd edib ki, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirməyə çıxarmayacaq. Bu, başadüşülən siyasət və mövqe sayılmaqla, obrazlı desək, sözügedən qurumun dövlətimiz üçün iqtisadi cəhətdən “enerji mənbəyi” rolu oynadığı anlamına gəlir. Bu, dünən də, bu gün də belədir və gələcəkdə də belə olmaqda davam edəcək.

Ancaq məsələn, SOCAR-ın tərkibindəki “Azəriqaz” və “Azərkimya” kimi qurumlar niyə özəlləşdirilməsin axı?! İki il öncə “Azərenerji”nin SOCAR-ın tərkibində olan “Azəriqaz”a təxminən yarım milyard manat borcu var idi. Bu cür qarşılıqlı iqtisadi və istehsal əlaqələrində olan sahələr üzrə borc vəsaitlərinin yığılıb qalması sonradan dövlətin özü üçün əlavə yükə çevrilir ki, belə sahələrdə problemi birdəfəlik həll etməyin yolu isə məhz özəlləşdirilmədən keçir.

O cümlədən, Azərenerji, Azərsu, AZAL, Azəristiliktəchizat, Azəravtoyolservis, nəqliyyat dəhlizinə aid olmayan avtomobil, eləcədə dəmir yollarının böyük bir hissəsi, Xəzər dəniz gəmiçiliyi də özəlləşdirilə bilər və özəlləşdirilməlidirlər...

Elə şərait yaratmaq lazımdır ki, xarici və yerli investorlar növbəti özəlləşdirmə proqramına böyük maraq göstərsinlər. Sual olunur ki, nə vaxta qədər dövlət adlarını çəkdiyimiz iri qurumlara "gözün üstə qaşın var” deməkdə çətinlik çəkəcək?!

Fikrimizcə, dövlət bu qurumların işinə görə məsuliyyət daşımağa son qoymalıdır. Və onlardan büdcəyə ödəməli olduqları vergilər tam və artıqlaması ilə tələb olunmalıdır. Əks təqdirdə, bunlar heç vaxt dövləti iqtisadi cəhətdən tam olaraq ayağa qalxmağa qoymayacaq!..

Ümumiyyətlə, hesab edirik ki, qarşıda planlaşdırılan geniş özəlləşdirmə prosesi kommunal xidmət sahələrindən start götürməklə iqtisadiyyatın bütün sahələrini əhatə etməli, prosesdən həm dövlət büdcəsinə böyük məbləğdə vəsaitlər daxil olmasını, həm iqtisadiyyatda canlanma əldə etməyi, həm ölkəyə xatici investorların gəlməsini, həm idarəetməni təkmilləşdirməyi həm də dayanıqlı inkişaf əldə etməyi təmin etməllə, əksəriyyəti onsuz da hələ xeyli əvvəldən səhmdar cəmiyyətlərə çevrilmiş adlarını çəkdiyimiz qurumların əmlaklarının azı 40-49% hissəsinin açıq satışa çıxarılması ilə nəticələnməlindir...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti