Bankları bataqlıqdan necə çıxarmaq olar – TƏHLİL

Bankları bataqlıqdan necə çıxarmaq olar – TƏHLİL
  14 İyun 2016    Oxunub:7209
Bu gün ölkə iqtisadiyyatında real vəziyyətə dair birmənalı şəkildə qeyd etmək olar ki, xammal, xüsusən də neftin dünya bazar qiymətlərində müşahidə edilən qlobal böhranın təsir və təzyiqlərindən nisbətən sığortalana bilmişik. Ancaq əsas hədəfə çatmağa hələ çox var.

Hazırkı vəziyyət “fırtınadan sonrakı şəraiti” xatırladır. Belə ki, "çox dağıntı yoxdur, amma sürətlə və tamamilə yeni özüllər əsasında bərpa prosesi aparılmalıdır". Xüsusən də bank sektorunda vəziyyət olduqca acınacaqlıdır. Ən çətin vəziyyət iqtisadiyyatın məhz bu sektorundadır. Bu sistemi nisbətən sağlam vəziyyətə gətirmədən isə digər istiqamətlərdə həyata keçirilən işlər və tədbirlər heç bir effekt verə bilməz.

Hələliksə, statistikaya əsasən, burada vəziyyət belə görünür ki, düzəlmək əvəzinə getdikcə daha da pisləşir. Bunu əmanətlərin həcmi və strukturuna dair açıqlanan son məlumatlar da təsdiqləyir.

Belə ki, Prezidentin 19 yanvar 2016-cı il tarixdə imzaladağı və 1 mart 2016-cı il tarixdən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna əsasən 1 mart 2019-cu ilə qədər banklarda yerləşdirilmiş bütün əmanətlər əvvəl müəyyən edilən 30 minədək limit ləğv edilməklə məbləğlərindən asılı olmayaraq artıq, tam olaraq sığortalandığına baxmayaraq, əvvəlki mənfi tendensiyalar inkişaf etməkdə davam edir. Halbuki bu, səngiməli idi.

Söhbət, ondan gedir ki, 2016-cı ilin mayın 1-nə fiziki şəxslərin əmanətlərinin həcmi 7 milyard 685 milyon manat təşkil edib ki, bu da cari ilin mart ayının yekunları ilə müqayisədə 203,9 milyon manat və ya 2,6% azalma deməkdir. Yəni ki, əhali banklardan pul vəsaitlərini geri çəkir. Ölkəmizdə isə bankların təklif etdikləri kreditlərin əsas mənbəyini məhz əhalinin banklarda yerləşdirdikləri pul vəsaitlərinin təşkil etdiyini nəzərə alsaq, bunun nə demək olduğu aydındır.

İkinci mənfi tendensiya isə ondan ibarətdir ki, fiziki şəxlərin manat ilə əmanətlərinin həcmi mayın 1-nə 1 milyard 407,6 milyon manat təşkil edib ki, bu da ötən ilin yekunları ilə müqayisədə 3 milyard 14,8 milyon manat və ya 68,17% az deməkdir. Yəni, əmanətlərin manatla yerləşdirilməsinə inam nəyinki bərpa olunmayıb, əksinə sanki, inamsızlıq daha da dərinə işləyir.

Başqa sözlə desək, manatla əmanət yerləşdirilməsi əvvəlki kimi riskli sayılır. Bunu təkcə bir fakt sübut edir ki, xarici valyutada əmanətlərin həcmi son 1 ayda 100 milyon manat və ya 1,5% azalaraq, 6 milyard 277,3 milyon manat təşkil etsə də, keçən ilin yekunları ilə müqayisədə 3 milyard 511,3 milyon manat və ya 127% artıb.

Qısa desək, milli valyutada olan əmanətlərin həcminin ümumi əmanətlərdə xüsusi çəkisi 18,32%, xarici valyutada olan əmanətlər isə 81,68% təşkil edib. Halbuki, 1 ay öncə bu nisbət 20%=80% idi. Banklarda dollarizasiya prosesini məhdudlaşdırmaq tədbirlərindən sonra vəsaitlərin strukturunun yenə eyni şəkildə xarici valyutaya nəzərən dinamika nümayiş etdirməsi sözsüz ki, olduqca mənfi haldır. Üstəlik, ümumən əmanətlərin həcminin azalmaqda davam etməsi fonunda...



Bəs, mövcud vəziyyəti necə aradan götürmək olar?

Ümumiyyətlə, ölkədə bankların fəaliyyətini sağlamlaşdırmaq, əhalinin onlara inamını, manatın isə keçənilki devalvasiyalar nəticəsində itirdiyi mövqeyi bərpa etmək üçün əmanətləri tam olaraq sığortalamaq, həmçinin faiz gəlirlərini də vergidən azad etmək kimi tədbirlər vacib və həyata keçirilməsi ilk növbədə tələb olunan tədbirlər sayılırdı.

Bu mənada, Prezidentin 19 yanvar 2016-cı il tarixdə imzaladağı, 1 mart 2016-cı il tarixdən isə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna əsasən, 1 mart 2019-cu ilə qədər banklarda yerləşdirilmiş bütün əmanətlərin əvvəl müəyyən edilən 30 minədək limit ləğv edilməklə məbləğlərindən asılı olmayaraq tam sığortalanmağa başlanması olduqca müsbət addım oldu. Bu zaman ən müsbət cəhət həm də məhz ondan ibarət oldu ki, əmanəti xarici valyuta ilə yerləşdirmək əvvəlki kimi və hətta ondan da artıq, etibarlı sayılırsa da, yalnız 3 faiz dividentlə sığortalanacağına görə artıq, sərfəli sayılmır, manatla isə əksinə, əvvəlki kimi, yəni 12 faiz saxlandığı üçün cəlbedici xarakter daşıyır.

Odur ki, əmanətlərin tam olaraq sığortalanması ilk növbədə birmənalı olaraq ölkədə məhz dollarizasiya əleyhinə yönələn tədbir kimi xarakterizə olundu. Biz, əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, banklarda fiziki şəxslərin əmanətlərinin həcminin 80%-dən çox hissəsinin məhz xarici valyutada olması o deməkdir ki, ölkədə kredit təklifi də yalnız məhz dollarladır, manatla borclanma, borcvermə isə tamamilə risk vəziyyətindədir. Bunu isə banklara əmanət cəlbinə dair mövcud mexanizmi nəzərdən keçirmədən və dəyişmədən heç bir başqa yolla aradan qaldırmaq mümkün deyildi. Çünki bankları manatla təmin etməli olan Mərkəzi Bank (AMB) yaranmış situasiyada təəssüf ki, uçot dərəcəsini qaldırmaq məcburiyyətində sayılır.

Elə AMB-in sonuncu dəfə 15 fevralda uçot dərəcəsini 3%-dən 5%-ə qaldırmaq haqda qərarına dair açıqlamasında da bildirilmişdi ki, bu, milli valyutaya etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərini təkmilləşdirməyə şərait yaratmaq məqsədilə edilir. Sözümüz bunda deyil.

Məsələ bundan ibarətdir ki, hazırda bankların kreditləşdirməni faktiki olaraq dayandırdıqları (bəziləri bərpa etmiş olsalar da belə), həmçinin adi əmanətlərin bütövlükdə geri ödənilməsi, o cümlədən faizlərin özünün verilməsində də ciddi çətinliklərlə üzləşdikləri fonunda depozit cəlbi əlavə stimullaşdırıcı tədbirlərə ehtiyac duyur.

Odur ki, fikrimcə, növbəti addım kimi manatla yeni əmanətlər yerləşdirilməsi üzrə faiz dərəcəsinə görə sığortalanan həddi 15 %-ə qaldırmaq məqsədəuyğun sayılar, dollarla olan vəsaitlər üzrə isə bu həddi 3 %-dən 5 %-ə qaldırmaq səmərəli olardı... Hələlik həyata keçirilməsi tələb olunan addımlardan biri məhz bundan ibarətdir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti