Xızılı Ağayar: Repressiyaların yaratdığı `vor-zakon` - DOSYE

Xızılı Ağayar: Repressiyaların yaratdığı `vor-zakon` - DOSYE
  28 İyul 2016    Oxunub:105681
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

Dosye: Ağayev Ağayar Seyidilyas oğlu. 1922-ci ildə Xızı rayonunun Seyidlər kəndində (Şurakənd) anadan olub. 1937-ci ilədək atası Seyid İlyasdan ilahiyyat, coğrafiya, ədəbiyyat elmlərini, rus dilini öyrənib. 1938-ci ilin axırlarında birinci dəfə tutulub. İki həftə sonra buraxılıb.
1940-cı ilin sentyabrında yenidən, oğurluq üstündə həbs olunub. Yeddi ay sonra qazamatdan birbaşa cəbhə bölgəsinə göndərilib. Yalamada yeməkdən zəhərləndiklərinə görə Dərbənddəki qatardan düşürülüb, hospitala yerləşdirilib.
1944-cü ilin dekabr ayında yenidən həbs olunub. Odessada, Rostovda - türmələrdə, Kolımada, Maqadanda zonlarda cəza çəkib.
1956-cı ildə azadlığa buraxılıb.
1982-ci ildə avtomobil qəzası nəticəsində həlak olub.


Ağayar Xızının Seyidlər kəndində köklü bir nəslin nümayəndəsi olub. Seyid İlyas, Seyid Məhəmməd və Mircəlil qardaşlarının böyük ilxıları, mindən yuxarı qoyunu olan sürüsü və əkin sahələri vardı.

Seyid İlyasın ilkin oğlu Ağayar uşaq yaşlarından hər gün atasının dərslərini dinləyər, cəmisi iki saat oynamaq üçün boş vaxt tapardı. Bu saatlarını pəhləvanlığa sərf edərdi. Hələ uşaqlıqdan boy-buxunu, gücü ilə yaşıdlarından fərqlənsə də, heç kəsə öz qüvvəsini göstərməklə fəxr etməzdi.

Elmə böyük həvəsi vardı, əsasən də coğrafiyanı sevirdi. İlahiyyatda böyük gələcəyi olacağı gözlənilirdi, çünki on yaşında ikən Quranı sərbəst oxumağı bacarır, bir çox ayələri əzbərdən söyləyirdi. On dörd yaşınadək Azərbaycanda olan bütün ziyarətgahları atası Seyid İlyasla gəzmişdi.

Xızı rayonunun axundu Məmmədşərif onun boy-buxunu, elmi, biliyi haqqında iftixarla danışar, tay-tuşlarına bu məsum baxışlı, hündürboylu cavanı nümunə göstərərdi.

1935-37-ci illərin qırhaqırı, tuthatutu başlananda qırmızı allahsızlıq biletləri zorla allahsızlara paylananda Seyid İlyasın komasında vəlvələ qopdu. "Din cə-miyyətin tiryəkidir" şüarını əldə rəhbər tutub, bütün ruhani ocaqları söndürüləndə bu xeyirli-dualı, qapısı hər zaman kasıb-kusubun üzünə açıq saxlanılan mülk də dağıldı. Evin böyüyünü 37-ci ilin tufanı süpürərək məchulluğa apardı. Seyid İlyas, Seyid Məhəmməd və Mircəlili də NKVD zirzəmilərinə atdılar.

Allahsızlar sandıqlarla dini kitabları kəndin ortasındaca qalaqlayıb, yandırırdılar. Bəzi mömin bəndələr bu müqəddəs kitabların bir qismini evdəki taxçalara yığıb, üstünü suvaqlayırdılar. Seyid İlyas da iki taxçanı, bir buxarını kitabla doldurub üstünü suvaqlamışdı.

Yurd-yuvasından qoparılaraq aparılan Seyid İlyas haqqında həmin gecədən sonra soraq verən olmadı. Həmin dövrdə cəlladların zirzəmilərində neçə-neçə el ağsaqqalı can qoydu, neçəsini isə Sibirə sürgün etdilər.

Bütün var-dövlət talanıb kolxoza verilmiş, ailə başçısı zindana salınmışdı. Anası, üç bacısı və kiçik qardaşı elə bil bir ayın içindəcə yarıbayarı geri getmişdilər, arıqlamışdılar, gözlərində qorxu, qəlblərində təlaş vardı.

- Ana, mən Bakıya gedim, atam haqqında xəbər bilim... - deyərək Ağayar evdən çıxır.
15 yaşlı uşaq başa düşürdü ki, evin böyüklüyünü etməlidir. Bacılarına, kiçik qardaşı Ağabəyə, anasına azuqə tapmaq onun borcudur.

Xıdırzində pirinə gəlir Ağayar. Yurd ziyarətgahında dizləri üstə düşərək daşlara dönmüş beş qardaşdan birini - Xızır İlyası qucaqlayaraq göz yaşı tökə-tökə dua edir. Ayağa qalxanda artıq onun gözlərindəki məsumluqdan əsər-əlamət qalmamışdı. İndi orada kin-küdurət, quruluşa nifrət, jəmiyyətə üsyan parlayırdı.

İki gün bütün milis şöbələrini gəzib atasını soraqladı... İzsiz-tozsuz qeyb olmuşdu Seyid İlyas.

İki gecə "Təzəpir" məscidinin həyətində sübhü açdı uşaq. Səhər-səhər gözlərini məscidin divarlarında yazılmış ayələrə dikərək dua edib, şəhərə yollanardı. Aclıq, səfalət içindəydi camaat. Hamı bir-birindən qorxurdu...

Şəhərin mərkəzində meşin gödəkçələrdə qürurla gəzən milis işçiləri, hərbiçilər isə hamıya yuxarıdan-aşağı baxır, bir söz soruşanda da heç cavab vermir, ya da lağla başdan edilən bir atmaca söyləyirdilər.

Ağayar yenə o vaxtlar “Quba meydanı” adlanan yerə gəldi. Dünən də burada öz həmkəndlilərilə rastlaşmışdı... Burada milis şöbəsinin harada olduğunu soruşduqda ayaqlarını zorla sürüyən qoca kişi əli ilə şimal tərəfi göstərib:
- Qazamatın yanında, - cavabını pıçıldamışdı.

Milis şöbəsi yanında durub ətrafa baxırdı ki, qapıdan zərli poqonları olan bir kişi çıxıb yanda dayanmış çox nəfis geyimli birisini fit çalaraq, həm də barmağı ilə yaxınına çağırdı. Tən yarı bölünmüş alma kimi bir-birinə oxşayırdılar. Yəqin ki, qardaşlar idilər. Zər poqonlusu əlindəki kağız torbanı silkələyərək qardaşına acıqlanır: "Məni axırda müflis edəcəksən. Axı nəyə xərcləyirsən bu pulları?" deyib, dişlərini qıcırdırdı.
- Di yaxşı, al, - deyərək, əlini torbanın içinə saldı, bir bağlama pul çıxarıb, qardaşına verdi, lap yavaşdan nə isə pıçıldadı və torbanı bürmələyərək onun qoltuğu altına dürtüşdürdü.

Paqonlu ancaq indi ətrafa baxındı və büzüşərək dayanmış Ağayarı görcək:
- Sən kimi gözləyirsən? - deyə qeyzlə acıqlandı.
- Atam haqqında soruşmaq istəyirdim. İstəyirdim biləm ki...
- Sürüş buradan! Bura milis idarəsidir, məlumat bürosu deyil. Get, get, rədd ol! Nöş gözlərivü ağardırsan? Sürüş demədim?!..


Ağayar bir söz deməmək, cavab qaytarmamaq üçün dişləri ilə dodaqlarını sıxıb, uzaqlaşdı. Fikirli-fikirli addımlamağa başladı. "Kömür meydanı" bazarına nə vaxt çatdığını hiss etmədi. Səhər erkən olmasına baxmayaraq, qaynayırdı bazar.

Həmkəndlisinə rast gələcəyi ümidi ilə göyərti dəstələri, pendir-şor qabları, mermeyvə topaları qarşısından keçdi... və bayaq zər poqonlunun torba verdiyi kişini gördü. Qoz-fındıq ləpəsi satanla mübahisə edirdi. Torbasını piştaxtanın üstünə, qoz ləpələri topasının yanına qoyub, əlini silkələyə-silkələyə danışır, satıcını fırıldaqçılıqda günahlandırırdı...

Birdən Ağayarı sanki tutub silkələdilər. Beynindən keçən fikir titrətmişdi onu. Bir neçə dəfə ürəyində "əstəğfürullah" deyib, keçərək getdi. Çox cəld keçdi oradan. Əlindəki torba kişinin pencəyinə sürtünüb, dəhşətli səslə xışıldadı... Və yalnız bazarın yuxarı qapısından çıxanda hiss etdi ki, həmişəki yerişlə yeriyir, ayaqları əsmir, ürəyi də çırpınaraq sinəsini dağıtmır, özü də çox sakitdir. Sola burularaq bir neçə addım atdıqdan sonra üzüyuxarı küçəyə döndü və Şamaxinkaya doğru addımladı.

Ağayar fikirlifikirli Şamaxinkaya doğru irəliləyir və ona elə gəlirdi ki, qoltuğunda tutduğu kağız torba onun həmin tərəfini aşağı əyir, qolunu incidir. Kepkasının günlüyü altında görünən üzündə bir məmnunluq ifadəsi cilvələnsə də, uzun zaman çəkdiyi əzabın qəmli kölgəsi yenə də sifətindən əriyib getməmişdi. Onun mərd, mətanətli və həm də qəmli görkəmi vardı. İlk baxışda məsum sifətində itaətkar, ünsiyyətcil görünsə də, gözlərində qəzəb qığılcımları parlayırdı. Dodaqlarını tərpədə-tərpədə iri addımlarla üzüyuxarı gedirdi.

Küçənin hər iki tərəfində qoşqular dayanmışdı. Dördçarxlı arabalar, on yerlik faytonlar da vardı. Faytonlar ikiqat baha aparırdı. Nə ilə getmək qərarı-nı verə bilməyərək gah arabaya, gah da faytona göz-lərini dikərək dayanmışdı ki, qoluna kiminsə toxun-duğunu hiss edib çevrildi. Şahmurad idi, qayış kimi möhkəm, daş kimi soyuq, biganə baxışlı oğlan...
- Xızıya gedirsən? Burada bir araba var...
- Bilirsən Çahqədəş, iki gündür dilimə heç nə dəy-məyib, gəl əvvəlcə toqqanın altını bərkidək, sonra araba, yaxud fayton haqqında fikirləşərik... - deyən Ağayar ilk dəfə qoltuğundakı torbanın ağzını açdı, gözucu içəri boylanıb bir bağlama pul çıxararaq cibinə qoydu. Birmərtəbəli, tezbazar quraşdırılmış aşxanaya girdilər. Kiçik pəncərədən içəri demək olar ki, qaranlıq görünürdü. Küftə-bozbaşın, toyuq şorabasının, yarpaq dolmasının ətrindən onun burnu qıcıqlandı. Ağayar Şahmuradın söhbətlərinə qulaq asa-asa düz dörd kasa küftə-bozbaş yedi...

...Çox mürəkkəb dövr idi həmin vaxtlar. Azərbaycanda misli görünməmiş xaos vardı. Kommunist hərəkatı, kolxoz quruluşu ölkəni elə sarsıtmışdı ki, kəndlərdən ailələr hər şeylərini ataraq Bakıya üz tuturdular. Dövlət başında oturan Mircəfər Bağırovun etimadını qazananlar, milis sistemində işləyənlər, idarə başçıları üçün isə toy-bayram idi. Kütlə, çoxluq göz görə-görə qırılırdı...

Ağayar yenə Bakıdaydı. Hər gün Quba meydanına gəlir, dostları Şahmurad, Koroğlu Mirzəağa ilə görüşürdü.

Həmin gün meydanda fəhlə toplantısı keçirilirdi. Uca boylu, gur saçlarını yağlayaraq geri daramış bir kişi izdihamın ortasında dayanaraq Bakı İcraiyyə Komitəsinin yaxın gələcəkdəki tədbirlərindən danışırdı. Fabrik və zavodların fəhlələrə, torpağın kəndli-lərə verildiyindən odlu-odlu danışan natiq səkkiz saatlıq iş günündən, sülh, dostluq və qardaşlıqdan dəm vururdu. Ətrafa toplaşanlar onu fitə basır, hay-küy qaldırırdı. Sonra bir başqası çaxır çəlləyinin üstünə qalxıb danışmağa başladı. Onun da avazı elə birincinin təkrarı olduğundan Ağayarla Şahmurad Basin küçəsi ilə Sabunçu vağzalına tərəf üz qoydular. Axşam Şahmuradın planı ilə "işə" getməli idilər.

1939-cu ilin martında Ağayarı tutmuşdular. Bakı-Xudat qatarında ümumi "oblava" zamanı iyirmi-iyirmi beş nəfəri bir kupeyə yığıb Quba şəhərindəki milis şöbəsinə gətirmişdilər. Onun podelniki "Koroğlu" Mirzəağa sivişib aradan çıxmışdı. O vaxtlar tez-tez qatarlarda "oblavalar" təşkil edirdilər. Sənəd yoxlanılması zamanı repressiyaya uğradılmış şəxsiyyətlərin qohum-əqrəbalarını tutub saxlayır, bəzilərini isə birbaşa KPZ-yə salırdılar.

Tutulanların əksəriyyətini sorğu-sualdan sonra buraxdılar. Bir nəfər rus millətindən olan kişi otaqdan çıxmayaraq Moskvaya getdiyini deyirdisə də, ona fikir verən yox idi.
- Yoldaş, axı mən Moskvaya getməli idim. Düşürdünüz məni, bəs mən indi nə etməliyəm? - deyə baş leytenantın qolundan tutmaq, onu saxlayıb sualına cavab almaq istəyirdi.
- Çıx get! Mane olma! Yoxsa tutub qoduqluğa basaram, - zabit əsəbi halda qolunu onun əlindən dartıb çıxardı.
- Yoldaş, axı mən sizə hələ vaqonda dedim ki, ezamiyyətə gəlmişəm. Ezamiyyə vərəqəmi də təqdim etmişdim sizə. Nə üçün məni qatardan düşürdünüz? - deyərək yenə baş leytenantın kitelinin ətəyindən tutdu.


Otaqda növbətçi serjant, Ağayar və başına tor şlyapa örtmüş arıq, sısqa bir kişi qalmışdı. Ağayarın üstün-də sənədi olmadığına görə saxlamışdılar.
- Ayə, səninləyəm, yaxın gəl görək. Adun nədir?
- Paşadır adım, yoldaş leytenant.
- Ə...ə, gözlərivi geniş aç, yaxşı-yaxşı bax mənim vorotnikimə. Mən baş leytenantam. Familiyan necədir? - deyə zabit qarşısındakı vərəqəyə yazmağa başladı.
- Axundovdur. Məni Qubada hamı tanıyır. Məktəbdə müəllim işləyirəm. Ədəbiyyat dərsi deyirəm.
- Axundov? Ə...ə, sən o Ruhulla Axundovun qohumu dögülsənmi?
- Xeyir, yoldaş leytenant.
- Ayə, köpək oğlu, sənə demədimmi mənim rütbəm baş leytenantdır?.. Sən necə müəllimsən, ayə? Sən əgər indicə dediyim sözləri yadında saxlaya bilmir-sənsə, yoldaş Bağırovun, Stalinin, Leninin sözlərini necə öyrədə bilirsən uşaqlarımıza? Ayə, serjant, apar bunu sal qoduqluğa, rəis gələr, özü ayırd eliyər.
- Yoldaş, bəs mənim işim necə olsun? Axı qatar getdi... - ezamiyyətə gələn rus oğlan zabitə yaxınlaşdı.
- Kakoy je tı balvan?.. Razve tebe ne skazali uydi otsyuda? İşşak nesçastnıy! - baş leytenant ayağa qalxıb oğlanı vurmaq üçün qolaylandı və qolu sanki havadaca quruyub qaldı.
Rus oğlan onun gözləri qarşısında qırmızı vəsiqə tutmuşdu.
- Hanı rəis? Haradadır rəisiniz? Tapın, bu dəqiqə tapın! Sənin poqonlarını qoparacaqlar, it balası!
Baş leytenant bir neçə dəfə "serjant" deyərək bağırdı. Serjant qolları çirmələnmiş, pörtmüş halda tələsik içəri girdi.
- Ayə, haradasan bayaqdan? Səni göndərdim ki, müəllimi otağa salasan.
- Müəllimi "obrabotka" edirdim, yoldaş baş leytenant. Bir az da bərk girişsəydim, Ruhulla Axundovun qohumu olduğunu boynuna alacaqdı, - serjant sağ biləyini gicgahına qaldırdı. - Rəis gələnə qədər onu izahat verməyə hazırlamaq istəyirdim.
- Sən bilirsənmi, rəis haradadır? Bu yoldaş Moskvadan, NKVD-dən gəlib, ezamiyyətə. Bizim əfəllər isə onu "oblava"da şübhəlilərin tərkibində qatardan düşürüblər. İndi dədəmizi dalımıza səriyəcəklər. Cum, gör rəis haradadır, tap, deginən ki, Moskvdan qonağımız var. Cəld ol!
Rus balası bu arada bir kənarda oturub, kinayə ilə olaylara tamaşa edən Ağayarla söhbət edirdi.
- Bəs sizi nə üçün saxlayıblar?
- Bilmirəm. Məndən sənəd istədilər. Təqdim etdim, amma yenə saxladılar.
- Haraya gedirdiniz? Dərbəndə?
- Yox, mən Siyəzən stansiyasında düşməli idim.
- Siz təmiz danışırdınız rus dilində. Rus məktəbində oxumusunuz?
- Yox, atam öyrədib.
Baş leytenant növbətçinin yerində oturub matdım-matdım rus balasına baxırdı. Telefon zəng vurdu.

- Növbətçi... Bəli, bəli, yoldaş Gevorkyan, buradadır. Oturub gözləyir. Yoldaş, - zabit əlindəki dəstəyi rus balasına tərəf uzadaraq: - osobıy otdelin rəisi, kapitan Gevorkyan sizinlə danışmaq istəyir.

Rus balası gözlərini qıyaraq, ancaq "da", "net" - deyə cavab verirdi. Səsindən xəttin o başındakı kapitanın sözlərinə biganəliklə cavab verdiyi duyulurdu. Sonra o, saymazyana hərəkətlə dəstəyi baş leytenanta uzadıb, kinayə ilə gülümsədi.

Az sonra milis şöbəsinin qarşısında "M" markalı, qara rəngli maşın dayandı. Milis rəisi İsayev, xüsusi şöbənin rəisi Gevorkyan, əməkdaşları Ələsgərov və Hacıyev tələsik maşından düşüb, növbətçi otağına doluşdular. Gevorkyan irəli yeriyib, rus balası ilə görüşdükdən sonra onun yanında oturmuş Ağayara:
- Sən kimsən? Səni nə üçün gətiriblər? - deyə Azərbaycan dilində soruşdu.
- Ponyatie ne imeyu... - Ağayar saymazyana cavab verdi.
- Otpustite çeloveka. Nə qədər ki, sizin idarədə belə kötüklər işləyəcək, həmişə işləri baş-ayaq yerinə yetirəcəksiniz. Bu yaramaz hətta məni təhqir edib. – Rus balası qəfildən baş leytenantın üzünə elə güclü şapalaq vurdu ki, o, kökündən baltalanmış ağac kimi döşəməyə yıxıldı. - Bu oğlanı isə buraxın.
- Get... Çıx get, oğlan, - deyə mayor İsayev əli ilə qapını Ağayara göstərdi.
- Orada heç bir günahı olmayan müəllim saxlayıblar, - Ağayar sakitcə rus balasına müraciət etdi. - Göstəriş verin, onu da azad etsinlər.
- Gətirin görüm kimdir o? - deyə İsayev əsəbi halda baş leytenanta acıqlandı. - Marş, marş, tez elə.
Sir-sifəti göyərmiş, panaması toz-torpağa bulaşmış müəllimi içəri gətirdilər.
- Ayə, bu ki Paşa müəllimdir. Mənim uşaqlarıma da dərs deyir. Bütün Quba tanıyır onu. Axmaq! Öküz! Kim salıb, ayə, onu bu kökə? Ay sizin ... - İsayev yağlı bir söyüş işlədərək, baş leytenantın böyrünə dürtmək vurdu.
- Yoldaş rəis, bu, Ruhulla Axundovun qohumudur. Bunun da familiyası Axundovdur, yoldaş...

- Zəhrimar yoldaş, çor yoldaş. Ayə, bu cavan oğlan deməsəydi, hələ iki gün də şəhərimizin ən hörmətli müəllimi qoduqluqda qalacaqdı. Nə yarıtmaz adamsan sən?.. Həmişə başımı aşağı edirsən. Sən mənə qardaş oğlu deyil, irinli çiban oldun, yaramaz. İtil burdan! - İsayev ehmalca baş leytenantı qapıya tərəf itələdi.

Ağayar Paşa müəllimin qolundan tutaraq, bayıra çıxanda baş leytenant həyətdəki uzun taxta kürsüdə başını qucaqlayaraq oturmuşdu.

- Sən mənim qanımı satın aldın, qardaş. Mən həqiqətən Ruhulla Axundovun uzaq qohumuyam. Gərək günü sabah uşaqları da götürüb çıxım aradan. Bu Gevorkyan ki var, barmağını ilişdirməyə bəhanə axtarır. Onun üzümə necə şübhə ilə baxdığını hiss etdim. Dağıstana qaçmaq gərəkdir. Evdə də bir qara şahı pul yoxdur.
- Pul barədə narahat olma, müəllim.
- Onda elə bu gecə..., bu gecə. İgidlik ondur, doqquzu qaçmaq. Bu əclaflar neçə-neçə evlərin çıraqlarını söndürüblər. Bağırovun necə yaramaz olduğunu isə biz qubalılar lap yaxşı bilirik.
Ağayar da ürəyini deşən fikirlərini söyləmək, iki il əvvəl evdən aparılıb, izsiz-tozsuz qeybə çıxarılan atası haqqında danışmaq istədi. Dodaqlarını dişləri ilə sıxıb dinmədi.

(Ardı var)


Teqlər:  





Xəbər lenti