Fazil Mustafa yeni kitablardan yazdı

Fazil Mustafa yeni kitablardan yazdı
  03 Avqust 2013    Oxunub:1110
Millət vəkili Facebook hesabından yeni kitablar, tərcümənin problemləri, çatışan və çatışmayan tərəflərindən yazıb.
MÜŞAHİDƏ

Bu gün bir neçə kitab mağazasına baş çəkdim və yeni çıxan kitablarla maraqlandım. Təəccübümə səbəb olan bi müşahidəmi qeyd etmək istəyirəm. Xeyli sayda oxunması vacib olan xarici ədəbiyyat nümunələrinin dilimizə tərcüməsinə rast gəldim. Tərcümənin keyfiyyəti barədə irəlicədən bir şey söyləmək istəməzdim. Bunu yalnız oxuduqdan sonra müəyyənləşdirmək doğru olar. Məsələn, Stefan Svayqın Seçilmiş əsərlərini tərcümə dili xeyli zəngindir. Xüsusilə də terminoloji baxımdan çətin tərcümə olunan "Rotterdamlı Erazmın Zəfər təntənəsi və faciəsi" Çərkəz Qurbanlının tərcüməsində birnəfəsə oxudum. (Bu əsər barədə sonra xüsusi paylaşımım olacaq, Svayqın ən mükəmməl əsərlərindən biridir).

Prezidentin sərəncamı ilə Tərcümə məsələləri ilə məşğul olan xüsusi qurum yaradılsa da, adətən bu cür qurumlar bürokratik quruluşa sahib olduğundan, nəyin daha vacib olduğu üzərində doğru seçim edə bilmirlər. Nəşriyyatlar bu işi daha rahat və bazarın tələbatına uyğun edə bilirlər. Ancaq nəşriyyatların da maddi bazası zəif olduğundan, ƏDV-dən azad olmadıqlarından, peşəkar tərcüməçilər şəbəkəsi yarada bilmədiklərindən bu işi sistemə sala bilmirlər.

Hər halda aldığım kitablar içində əl-Qəzalinin "Kimyayi-səadət"in iki cildi, Sartrın "Ürəkbulanma", "Sözlər", Markesin romanları və başqa tərcümə əsərləri gələcəyə yönəlik bir ümid yaratdı. Tərcümə dilin zənginləşməsinin ən əsas vasitələrindən biridir, buraya xüsusi diqqət, həm də pul ayrılmalıdır.


Teqlər:





Xəbər lenti