Zamanda səyahət paradoksları - Elmi baxış

Zamanda səyahət paradoksları - Elmi baxış
  25 Fevral 2013    Oxunub:14157
Davamı. Əvvəli burada

Asif Eminov

Gəlin, indi də zamanla səyahət zamanı ortaya çıxan paradokslara diqqət yetirək. Yəni alimlərin ortaya atdığı paradokslara. Alimlər özləri də qeyd edir ki, bu paradokslar həllini tapmasa, zamanla səyahət sual altında olmuş olur.
Zamanla səyahət zamanı ortaya çıxan paradokslar bunlardr:
1. Səbəb-nəticə əlaqəsinin pozulması
2. “Öldürülmüş baba” paradoksu və buna oxşar fikri eksperimentlər (keçmişə səyahət zamanı).
3. Əgər zamanla səyahət mövcud olsaydı, onda bu gün gələcəkdən gələnlər mövcud olmalı idi. Amma bunu təsdiq edən heç bir informasiya yoxdur.
Məsələn: Təsəvvür edin ki, zaman maşını kəşf olunub və siz keçmişə səyahət edib, babanınızı elə beşikdəcə öldürürsünüz. Bu zaman siz mövcud olacaqsınızmı? Axı, sizin mövcud olmanız üçün atanızın mövcud olmasına ehtiyac var. Atanızın mövcud olması üçün isə babanıza…
Gördüyünüz kimi, burda səbəb-nəticə prinsipi də orataya atılır. Yəni insan keçmişə gedib, sizin mövcud olmanıza səbəb olan hadisələrdə dəyişiklik yaradanda gələcəkdə nəticələr (olacaq hadisələr) hansı səmtə yönələcək?
Həmçinin əgər zamanla səyahət, belə bir maşın hipotez olaraq doğrudursa, onda nəyə görə bizim dünyada gələcəkdən səyahət edən hər hansı adam yoxdur? Əgər zamanla səyahət real olsaydı, onda bizim içimizdə çoxlu sayda gələcəkdən gələn turistlər mövcud olmalı idi. Amma gördüyümüz kimi, yoxdur!
Bu gün alimlər paradokslardan çıxış yolu kimi ən doğru variantı paralel dünyaları görürlər. Çünki paralel dünyaları ortaya atınca zamanla səyahət zamanı ortaya çıxa biləcək bütün paradokslar həll olunmuş olur.

Paralel dünyalar vasitəsilə paradoksların həll olunmasını irəli sürən amerikalı fizik Hugh Everett iddia edir ki, kvant mexanikasında çoxdünyalı (multidünyalar) interpritasiyaya (Many World Interpretation) görə, baş verəcək hadisələrin bir-birindən fərqli tarixçələri ola bilər. Və keçmişə səyahət zamanı paralel dünyaya düşən səyyah alternativ, paralel tarix cızır. Keçmişdə baş verən dəyişiklik paralel dünyadakı hadisələri dəyişmiş olur. Baba misalı ilə izah etsək, mən keçmişə gedib beşikdə babamı öldürürəmsə, mənim dünyamdakı babamı deyil, onun paralel dünyadakı oxşarını öldürmüş oluram, beləcə mənim oxşarım və yaxud paralel dünyada olacaq əkizim mövcud olmur.
Həmçinin gələcəkdən gələn adamların olmamasını da paralel dünyalarla çözməyə çalışırlar. Buna görə də səbəb-nəticə əlaqəsi pozulmur. Nəzəri fizik David Deutsch isə qeyd edir ki, əgər zamanla səyahət mümkündürsə, onda MWI (paralel dünyalar) də doğrudur. Stiven Hokinqin isə bu məsələyə yaxşı bir cavabı var. Hokinqə görə, əgər MWI doğrudursa, ardıcıl hadisələrdən birini yaşamaq üçün zamanla səyahət edənlərdən birini gözləməliyik. Buna görə də zamanla səyahət edən öz dünyasında qalır, daha hansısa başqa dünyaya getmir.
“Novikovun ardıcıllıq prinsipi” isə rus astrofizik-nəzəriyyəçisi, kosmoloq Novikov tərəfindən irəli sürülüb və əsas məqsəd zamanla səyahət zamanı yarana biləcək paradoksları aradan qaldırmaqdır. Bu prinsipə əsasən, keçmişə səyahət edən səyyahın gələcəkdə baş verənləri dəyişmək üçün atdığı hər bir addım boşa çıxır və yaxud bu ehtimal sıfıra bərabədir. Əgər “12 meymun” filminə baxmısınızsa, bu prinsipi orada daha vizual görmək olar. Baş qəhrəman gələcəkdə baş verən pandemiyanın qarşısını almaq üçün keçmişə səyahət edir və hadisələrin inkişaf xəttini dəyişməklə gələcəkdə baş verəcək pandemiyanın qarşısını almağa çalışır. Lakin hər dəfə müxtəlif maneələrə rast gəlir və beləliklə, eyni hadisə müxtəlif süjet xətti ilə yenə də baş verir.
Və yaxud “Behold the Man” əsərində baş qəhrəman İsa peyğəmbəri qarşılamaq üçün eradan əvvəl 28-ci ilə səyahət edir. Lakin hadisələr elə səmtə yönəlir ki, sonda İsa peyğəmbər özü olur. Hadisələr Bibliyadakı kimi təkrarlanır.
Sevdiyim filmlərdən biri olan “Andormeda ştammı” filmində gələcəkdən ölümcül virus göndərilir. Alimlər həmin virusu deşifrə edəndə onu neytrallaşdıra bilən bakteriyanın adını da tapmış olurlar, bundan əlavə, ayrıca simvol və kod da. Lakin kodun və simvolun mənasını açıqlaya bilmədikləri üçün, bu virusun gələcəkdən kimlər tərəfindən göndərildiyini də anlaya bilmirlər. Zərərsizləşdirilən virusun tam məhvinə əmin olsalar da, Rusiya dövləti gizlincə virusun bir nüsxəsini oğurlayaraq, MİR kosmik stansiyasında eyni nömrəli kod və simvolla saxlayır. Bu isə bir daha “Novikovun ardıcıllıq prinspi”nə işarədir. Yəni gələcəkdən göndərilən bu virus elə gələcəkdəki insanlar tərəfindən göndərilib, hansı ki, gələcəyə nəzərən keçmişdə MİR kosmik stansiyasında onun emblemi, saxlanılan qutunun kodu və onu zərərsizləşdirən bakteriya haqqında informasiya qeyd olunmuşdu.
İndi isə paralel dünyaların mövcudluğunun nəyə görə yanlış olduğunu izah etməyə çalışım.
Əgər paralel dünyaların mövcudluğunu qəbul etsək, ortada bir problem yenə də açıq olaraq qalır. Əgər MWİ doğrudursa, deməli, keçmişə səyahət edən səyyah paralel dünyada öz dünyasındakı hadisələri görə bilməz! Çünki bunun özü səbəb-nəticə əlaqələrinin pozulması deməkdir. Əgər paralel dünyalar mövcuddursa, deməli, sonsuz sayda paralel dünyaların bəzilərində heç “insan” adlı məxluq mövcud olmamalıdır! Və paralel dünyaya düşən səyyah gedib orada babasını görməməməli və bu səbəbdən öldürə bilməməlidir! Çünki hər bir paralel dünyanın yarandığı andan öz fiziki qanunlarının, xaosun sayəsində öz tarixcəsi olmalıdır. Kainatda hər şey xaos üzərində qurulub. İnsanın dəyərləndirə bilmədiyi ən kiçik hadisənin belə, böyük nəticələr gətirib çıxara bildiyi bu kainatda, paralel dünyada gedib öz babasını görmək və yaxud Yer kürəsini görmək, öz küçəsini, öz evini görmək, həmin dünyalarda da eyni “mən”i görmək məntiqə sığmır. Kiçik bir səbəbin böyük nəticələr yaratdığı qanunlarn mövcud olan kainatda səyyahn paralel dünyaya gedib, bu dünyada gördüyü her şeyi eynilə görəcəyi mümkün deyil.
Ortaya paralel dünyaların mövcudluğunu sual altına salan yeni bir paradoks da çıxır. Əgər bütün ardıcıllıq olduğu kimi təkrarlanırsa, onda bu səyyah gedib babasini öldürə bilməməlidir! Çünki bütün ardıcıllıq olduğu kimidirsə (absurd və heç bir məntiqi əsası olmayan fikir), səyyahın babası öləndən sonra belə hadisələr eyni xətt üzrə hərəkət etməlidir. Bir halda ki, babaya qədər hər şey sinxron gedib, babann öümü bu sinxronluğu niyə pozsun ki?.. Əgər sonsuz sayda bütün paralel dünyalarda hər şey eynilə təkrarlanırsa, mən zaman maşınına minib paralel dünyaya səyahət edirəmsə, onda paralel dünyalarda olan sonsuz “mən”lər də zaman maşınına minib paralel dünyalara getməli və beləcə, paralel dünyalardakı babalarının oxşarlarını öldürməsi mütləq olmalıdır. Hətta bizim paralel dünyalardakı əkizimizin başqa ixtisas sahibi ola, başqa ünvanda yaşaya biləcəyi kimi fikirlər də irəli sürür.
Ortaya başqa suallar da çıxır. Məsələn: Əgər mən zamanla səyahət edib, paralel dünyanın keçmişinə qayıtmışamsa, babamı öldürməmişdən əvvəl mağazaya girib bir şərab alıramsa, bu, artıq başqasının alacağı şərabı almağım və beləcə, hadisələr səmtini dəyişməyim deməkdir.
Və yaxud paralel dünyaya gedərkən həmin dünyadakı hər hansı bir adamın mənə baxması artıq yeni hadisələr tarixcəsi cızmış olur. Tutaq ki, biri yolun ortasinda dayanıb mənə baxır və beləcə, az da olsa zamanını mənə ayırmış olur, hansı ki, bu zaman ərzində yolu keçə bilərdi, buna görə də evə tez çata bilərdi, evə vaxtından tez çatdığı üçün uşağına dərmanı bir az tez verə bilərdi, beləliklə, uşaq sağ qala bilərdi... İstənilən misal çəkmək olar. Bir sözlə, “kəpənək effetki” hər yerdə mövcuddur. “Və ildırım çaxdı” filmini izləməyinizi məsləhət görərdim. Filmdə keçmişə qayıdaraq, adi kəpənəyi tapdalayıb öldürməyin gələcəyi nə qədər dəyişəcəyi çox yaxşı izah edilir.
Paralel dünyalar izahı ilə bağlı digər problem budur ki, onlar doğru olarsa, keçmişə səyahət edən səyyah geri qayıda bilməyəcək. Çünki başqa paralel dünyanın gələcəyinə düşmək ehtimalı daha çoxdur. Əgər paralel dünyalar mövcuddursa, deməli, onların sayı sonsuz olmalıdır. Buna uyğun olaraq, səyyahın təzədən öz dünyasına qayıtmaq şansı sıfıra enir.
İndi isə “Novikovun ardıcıllıq prinsipi”nin nəyə görə yalnış olduğunu və buna görə də paradoksu həll etmədiyini izah etməyə çalışım. Tutaq ki, keçmişə səyahət mövcuddur və “12 meymun”dakı kimi, səyyah keçmişə qayıdıb, ölümcül virusun yayılmasının qarşısını almaq istəyir. Ortaya sual çıxır: nəyə görə səyyah müxtəlif variantlarla virusun yayılmasının qarşısını almaq istəsə də, uğursuzluğa düçar olur? Buna səbəb olan o qaranlıq qüvvə nədir ki, hadisələr müxtəlif xətt üzrə hərəkət etsə də, sonda bütün xəttlər birləşir və bir nəticəyə aparır? Niyə?
“Novikovun ardıcıllıq prinsipi” bu suala cavab verməmiş özü sual altına düşür. Çünki səyyah həqiqtən eyni dünyada keçmişinə qayıdıb virusun yayılmasının qarşısını almaq imkanına malikdirsə və buna görə də əvvəlkindən fərqli tarixcə cızırsa, deməli, bu, artıq virusa qarşı qalibiyyətdir, yəni çox böyük ehtimalla, virusun yayılmasının qarşısını ala biləcək. Çünki səyyah bu səfər planlı tərpənəcək. Bu yolla da müxtəlif tarixcəli hadisələrin təzədən sonda birləşib eyni hadisəni törətmə ehtimalı sıfıra enir. Demək olar ki, mümkün olmur… Əvəzində başqa sual ortaya çıxır. Eyni dünyada kecmişə qayıdaraq hadisələri dəyişən səyyahın gəldiyi dövrdə hadisələr necə dəyişə bilər? Ümumiyyətlə, dəyişməyəcək! Axı, səyyahın gəldiyi indiki (gələcək) zamanda olan olub, hadisələr virusun yayılmasından sonrakı kimi öz cığırı ilə gedir. Səyyahın keçmişə qayıtmasının səbəbkarı pandemiyadır. Və bu paralel dünya olmadığı üçün, yəni öz dünyasının keçmişinə qayıtdığı üçün, deməli, səyyah kecmişə qayıdıb hadisələri dəyişə bilməz! Deməli, səyyah öz dünyasında keçmişə səyahət edə bilməməlidir!

Yuxarıda alimlərin ortaya atdığı iddiaların paradoksları həll etmədiyini, hətta bu iddiaların özlərinin sual altında olduğunu, paradoksal olduğunu göstərdim. İndi isə keçək izahlarımla zamanla bağlı paradoksların həllinə.
Yuxarıdakı izahlarımdan hər kəsə zamanla bağlı paradoksların həlli üçün ortaya atılan hipotezlərin özünün sual altında olduğu bəlli oldu. Lakin biz zaman anlayışına başqa prizmadan baxıb, keçmiş, indiki və gələcək zamanın eyni anda mövcud ola bilməsini qəbul edərsək, heç bir paradoksa ehtiyac qalmır. Bu isə zamanla bağlı paradoksların həlli deməkdir.

Məkan-zamana görə zaman bir ölçü kimi qəbul edilir. Əgər biz yuxarıda irəli sürülən hipotezlər, fikri eksperimentlərdəki kimi keçmişə qayıdıb, nənəmizi, babamızı və s. görə biliriksə, bununla artıq zamanın bir ölçü kimi qəbul olunmasına qarşı çıxırıq. Çünki biz zamana bir ölçü kimi baxsaq (nisbilik nəzəriyyəsində zamana bir ölçü kimi baxılır), bu zaman kecmişə qayıdan səyyah babasını görməməlidir. Ümumiyyətlə, yuxarıda alimlərin izah etdiyi keçmişdən söhbət gedə bilməz. Baxın! Ən böyük problemlər də burdan başlayır - bizim “keçmişə səyahət” deyərkən, keçmişə qayıdıb uşaqlığımızı görə biləcəyimizdən!
Biz keçmişimizi onun içindən yox, ancaq qıraqdan müşahidə edə bilərik. Və bizim özümüzə nəzərən keçmişimizi dəyişə bilmərik. Yəni biz bu keçmiş anlayışına başqa prizmadan baxsaq, onda bu paradokslara da ehtiyac qalmır, hansısa gələcəkdən gələn turistlərə də.
Bildiyimiz kimi, insan ətraf aləmi öz duyğu orqanları ilə qəbul (dərk) edir. Eşitmə, görmə, qoxu, dad, toxunma, 6-cı hiss və s. Və bizim gözümüz bir organ olaraq ətraf mühitdən elektromaqnit şüalanmasının görünən uzunluqlarını (işıq) qəbul edib, beynə ötürür, beyin isə öz növbəsində bu dalğa uzunluqlarını analiz və dərk edir. Görmənin zamanın dərk olunmasında böyük rolu var. Mən uzaqdan kimisə görürəmsə, bu həmin anda gördüyüm həmin adam deyil. Onun bir neçə mikrosaniyə keçmişdəki vəziyyətidir. Yəni işıq düşür həmin insanın üzərinə, onlardan bəziləri əks olunur, əks olunan dalğa uzunluğu gözümə düşür, gözüm informasiyanı (obyektdən əks olunan elektromaqnit şüalanmasını) beyinə ötürür, beyin analiz edir və bu zaman mən həmin insanın orda güləriz dayandığını, mənə baxdığını dərk etmiş (görmüş) oluram. Amma bu dərk üçün keçilən mikrosaniyələr ərzində artıq ikinci kadr gəlir. Və bu ikinci kadrı birinci kadr dərk olunandan bir neçə mikrosaniyə sonra görmüş olacam. Çox güman ki, aradakı interval maksium Plant vaxtı qədər qısaldıla bilər. Bizim ətraf mühiti dərk etməmizdə ən böyük rolu işıq (elektromaqnit şüalanması) oynayır. Gördüyünüz kimi, mən onun keçmişini dərk edə-edə (görərək) onun ikinci kadrı (sonrakı vəziyyəti, görüntüsü) ilə eyni anda mövcud olmuş oluram. Yəni mən onunla indiki zamanda mövcud olan anda yalnız onun keçmişini görə, hiss edə, dərk edə bilirəm.
Bu, bir növ kainatın, ətrafın bütünlüklə şəkilli dünyadan təşkil olunduğunu göstərir. Bir növ bizlər bu an keçmişin içində mövcuduq. Saniyədə 24 kadrdan ibarət videomaterialı da misal çəkmək olar. Biz videonu hərəkətli görsək də, videoda canlanan görüntü bir saniyədə 24 fotokadrın sıralanmasından ibarətdir.
Başqa bir misal çəkim. Biz ulduzlara baxırıq. Səmada gördüyümüz ulduzlardan, planetlərdən işıq müəyyən müddət yol gəlir. Adicə Günəş işığı Yer planetinə 8 dəqiqə 19 saniyəyə gəlib çatır. Bu isə o deməkdir ki, biz Günəşlə bir yerdə indi, bu an mövcud ola-ola günəşin 8 dəqiqə 19 saniyə əvvəlki vəziyyətini (keçmişini) görmüş oluruq. Bu an Günəşlə bir yerdə mövcud ola-ola, onda baş verənləri günəşə nəzərən 8 dəqiqə 19 saniyə sonra görmüş olacayıq.
Göz bizim duyğu orqanlarından biri olaraq obyekti, ətraf aləmi dərk etməkdə böyük rola malikdir. Görüntünü yaradan fotonlardır. Fotonlar ayrı-ayrı kvant hissəcikləri olmaqla yanaşı, informasiya daşıyıcısıdırlar. Biz obyekti görürüksə, deməli, beynimiz onu dərk etdiyi üçün görürük.
Tutaq ki, bizim səmada gördüyümüz ulduz 40 işıq ili uzaqdadır. Gördüyümüz ulduzun işığı əslində həmin ulduzun 40 il əvvəlki vəziyyəti olduğu üçün, bu an həmin ulduzda baş verənləri 40 ildən sonra görmüş olacağıq.
Baxın, biz ulduzun 40 illik keçmişini görürük, həmçinin bu an o ulduzda nələrsə baş verir. Deməli, ulduzun kecmişi və indiki zamanı eyni anda mövcud olması dərk olunur.
Tutaq ki, mənim “köstəbək dəlikləri” ilə işləyən zaman maşınım var və mən öz zaman maşınıma minib, 31 dekabr 2012-cü il 16:00 tarixində “köstəbək dəliyi” ilə 3 dəqiqəyə düz həmin ulduzun yanından çıxıram (16:03). Yerdə müşahidəçi olan qardaşımın isə superteleskopu var. Mən dəliyə daxil olandan 3 dəqiqə sonra qardaşım həmin ulduza baxır, lakin məni görmür. Bu an, yəni 16:03-də qardaşım teleskopdan baxan zaman mən həmin ulduzun yanındayam və kosmik gəmimdəki kompüterimdə də tarix 31 dekabr 2012-cü 16:03-ü göstərir. Amma həmin ulduzdan gələn informasiyanın (işığın) qardaşımın teleskopuna çatması üçün 40 il vaxt keçməlidir deyə, qardaşım teleskopla məni 40 ildən sonra görə bilər.
Deməli, qardaşım A nötqəsində (Yer kürəsi) teleskopu ilə B nöqtəsinə (ulduz) baxır və məni görmür, halbuki mən B nöqtəsindəyəm. Hər ikimizin kompüteri də 31 dekabr 2012-ci il 16:03 tarixini göstərir. Yəni hər ikimiz eyni zamanda mövcuduq (indiki zaman). Lakin B nöqtəsinə (ulduzun yanında olan mənə) nəzərən A nöqtəsi (qardaşım) 40 il gələcəkdə mövcud olmuş olur. Çünki məni 40 ildən sonra ulduza baxanda görə biləcək. Həmçinin mən B nöqtəsindən A nöqtəsinə baxanda A nöqtəsinin, yəni Yerin 40 il əvvəlki vəziyyətini görmüş olacam. Yəni mənim güclü superteleskopum olsa, mən 1972-ci ildəki hadisələri çox asanlıqla bir film kimi izləyə bilərəm. Və yaxud A nöqtəsindən B nöqtəsinə gələn mən (səyyah) B nöqtəsi üçün gələcəkdən gəlmiş sayılıram. Mən gəldiyim dövrə (qardaşıma nəzərən indiki zaman) qayıtmış olsam, ulduza nəzərən 40 il gələcəyə getmiş (əslində qayıtmış) oluram. Və təzədən 31 dekabr 2012-ci il 16:06 tarixində qardaşımla bir yerdə gedib-gəldiyim ulduza baxsam, özümü görməyəcəyəm. Amma bu hadisənin üstündən 40 il keçdikdən sonra, yəni 31 dekabr 2052-ci il 16:03-də teleskopla həmin ulduza baxanda özümü görəcəyəm. Özü də 40 il əvvəlki vəziyyətimi, yəni cavanlığımı. Kosmik gəmimdəki kompüterdə isə 31 dekabr 2012-ci il 16:03 yazılıb və saniyələr öz axarı ilə irəli gedir. Gördüyünüz kimi, indiki zamana görə (31 dekabr 2052-ci il) 40 il əvvəlki hadisəni (keçmişi) indiki zamanda müşahidə etmiş olacağam.
Buna oxşar hadisəni “Kontakt” filmində görmək olar. 26 işıq ili uzaqda olan Vega ulduzundan siqnal qəbul olunur və siqnal deşifrə olununca Hitlerin ilk radioçıxışı olduğunu görürlər. Halbuki, bu çıxışın üstündən 52 il keçib. Yəni siqnal Yer kürəsindən 26 işıq ili yol qət edərək Veqaya çatıb, oradan təzədən geriyə göndərilib. Və siqnalın təzədən bizə çatması üçün 26 il vaxt keçib.

Nəticə: Zamana bu prizmadan yanaşanda yuxarıda alimlərin ortaya atdığı heç bir paradoksa ehtiyac qalmır. Zamanla səyahət bu formada baş verəndə səbəb-nəticə ardıcıllığı da pozulmur. Hadisələr geriyə dönən xətt üzrə inkişaf edə bilməz! Hər bir hadisənin bir başlanğıcı və bir sonu var. Mən keçmişə qayıdıb babamı, nənəmi və yaxud uşaqlığımı görə bilmərəm, çünki o, başqa hadisədir, mənim yaradacağım isə başqa hadisə oldu. Gördüyünüz kimi, gələcəkdən keçmişə gedən səyyah olsa belə, o, insanları görməyəcək, baş vermiş hadisələrin tarixcəsinə düşməyəcək. O, keçmişi bir video kimi izləyə bilər.


Teqlər:





Xəbər lenti