“Bərabərlik hüququnun təmini, təbliği və ayrı-seçkiliyin qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri keçirilib

   “Bərabərlik hüququnun təmini, təbliği və ayrı-seçkiliyin qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri keçirilib
  25 Aprel 2025    Oxunub:349
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında “Bərabərlik hüququnun təmini, təbliği və ayrı-seçkiliyin qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
AzVision.az xəbər verir ki, tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı giriş nitqi ilə çıxış edərək, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, yeni səmərəli hüquq müdafiə mexanizmlərinin yaradılması, qanunvericilikdə bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin aradan qaldırılması sahəsində mövcud normalar, Ombudsmanın bu sahədə malik olduğu mandat və həyata keçirdiyi fəaliyyət barədə məlumat verərək bu istiqəmətdə birgə əməkdaşlığın önəm daşıdığını bildirib.

Aparat rəhbəri Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklər barədə məlumat verib, bərabərlik hüququnun təmini, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə Müvəkkilin mandatının genişləndiyini diqqətə çatdırıb. O, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması məqsədilə Ombudsman Aparatında müvafiq struktur bölmə və monitorinq qrupunun yaradıldığını, bu tədbirlərin inklüziv cəmiyyətin təşviqinə yönəldiyini və ayrı-seçkilik hallarının qarşısının alınmasında mühüm rol oynadığını qeyd edib.



Tədbirdə, həmçinin Ombudsman Aparatının Bərabərlik hüququnun təmin edilməsi sektorunun müdiri Cavidan Qorçiyev “Bərabərlik hüququ və ayrı-seçkiliyin qarşısının alınması: İnsan hüquqları kontekstində əsas prinsiplər” mövzusunda təqdimatla çıxış edib. O, bərabərlik hüququnun hüquqi əsasları, tətbiq mexanizmləri və qarşıda duran əsas məsələlər barədə geniş məlumat verərək, bu istiqamətdə aparılan işlər və gələcək perspektivlərə toxunub.



Daha sonra Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə “Bərabərlik hüququnun təmini” mövzusunda hazırlanmış maariflədirici videoçarx nümayiş etdirilib.

Yekunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, aktual problemlər, onların həlli yolları, həmçinin qurumlar arasında, eləcə də vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

AzVision.az




Teqlər:





Xəbər lenti