Deputat Şaxtaxtinskidən yazdı : `Ona haqsızlıq etdilər`
“AŞPA-nın Sosial İşlər Komitəsinin toplantısında iştirak etmək üçün gəldiyimiz Parisdə iclasdan öncə qatıldığımız tədbirlərdən birində ATƏT-in Azərbaycandakı ofisinə rəhbərliyi dövründə bir çox tədbirlərdə birlikdə çıxış etdiyimiz, dəyərli insan, dost Aleksis Şaxtaxtinski ilə qarşılaşdıq və söhbət etdik, geniş fikir mübadiləsi oldu. ATƏT Şaxtaxtinskiyə qarşı böyük haqsızlıq etdi. O, ATƏT-in Azərbaycandakı ofisinə ən yaxşı rəhbərlik etmiş savadlı və peşəkar bir diplomat idi. Amma onun ədalətli fəaliyyəti Azərbaycan əlehinə olan bəzi qərb dairələrini qane etmədi və ədalətsiz bir şəkildə onun işindən uzaqlaşdırılmasına nail oldular. Ona qarşı bu haqsızlığın aradan qaldırılması çox vacibdir”.
Deputat prezident İlham Əliyevin ötən gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşündən söz açıb.
“Avropa Birliyi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin təmsilçiləriylə görüşündə bu məsələ ilə bağlı çox ciddi fikirlər səsləndirən cənab Prezident məsələnin əsl mahiyyətini açıq şəkildə ifadə etdi və prinsipal mövqeyini bir daha səsləndirdi. Cənab Prezidentin fikirlərini tamamilə dəstəkləyirik. Bir sıra beynəlxalq təşkilatlar anlamalıdırlar ki onların Bakıdakı ofislərinin vəzifəsi Azərbaycan əlehinə çalışmaq deyil, Azərbaycanla əməkdaşlıq şəraitində işlər görməkdir”.
Hafiz Əhmədov
AzVision.az