Bakıda keçiriləcək Novruz tədbirləri açıqlandı

Bakıda keçiriləcək Novruz tədbirləri açıqlandı
  07 Mart 2018    Oxunub:3021
Mədəniyyət və Turizm Nazirliyi Novruz bayramı ilə əlaqədar Bakıda keçiriləcək tədbirləri açıqlayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata əsasən, martın 19-da Beynəlxalq Novruz Gününə həsr olunmuş ümumxalq şənliyi keçiriləcək. İçərişəhər və Bulvar ərazisində təşkil olunacaq tədbirdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehrbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəl tamaşaçılara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində martın 20-26-da keçiriləcək Novruz bayramı festivalında Azərbaycanla yanaşı, bu bayramı qeyd edən ölkələrin nümayəndələri də iştirak edəcəklər.

Festival çərçivəsində Qoşa Qala qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaq. Burada hər bir ölkənin mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənəcək.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində martın 20-21-də keçiriləcək Novruz bayramı festivalında həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu şənliklər keçiriləcək.

Martın 20-26-da Fəvvarələr meydanında keçiriləcək Novruz festivalı çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən 40-dan çox kollektivin iştirakı ilə konsert proqramı təqdim ediləcək. Sənətkarlar öz əl işlərini nümayiş etdirəcək, milli mətbəxin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcəklər.

AzVision.az


Teqlər: Nazirlik   Novruz   Bayram   Tədbir  





Xəbər lenti