Toxumçuluğun inkişafı ilə bağlı müşavirə keçirilib
Müşavirədə çıxış edən nazir müavini İlham Quliyev toxumçuluğun inkişafının daim ölkə rəhbərinin diqqətində olduğunu və bu sahənin inkişafı ilə bağlı müvafiq sərəncam və qərarların qəbul olunduğunu nəzərə çatdırıb. O qeyd edib ki, prezidentin müvafiq sərəncamı ilə yaradılan Dövlət Toxum Fondunun Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Cəlilabad rayonlarında 5 toxum emalı müəssisəsi istifadəyə veriləcək. Müəssisələrin istehsal gücü saatda 5 tondur. Burada toxumların saxlanılması, təmizlənməsi, dərmanlanması, qablaşdırılması prosesləri həyata keçiriləcək və fermerlər yüksək kondisiyalı toxumlarla təmin ediləcək. Eyni zamanda Dövlət Xidmətin tabeliyində 1 Respublika və 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzləri (Quba, Şamaxı, Lənkəran, Sabirabad, Bərdə, Ucar, Göygöl, Tovuz, Qax, Beyləqan, Salyan, Şəki) var ki, bunların bir neçəsi artıq fəaliyyətə başlayıb. Laboratoriyaların 9-u müasir cihaz və avadanlıqlarla təchiz olunub, qalan 3 mərkəz (Bərdə, Beyləqan və Ucar rayonları) üçün isə laboratoriya avadanlıqlarının alınmasına başlanılıb. Həmçinin Nazir müavini toxumçuluğun inkişafinda yeni yanaşmaları və innovativ texnologiyaların tətbiqini, sort-sınaq işlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsini, maddi-texnika bazasını möhkəmləndirməklə ölkənin yüksək keyfiyyətli sertifikatlı toxumla təmin olunmasını əsas hədəf kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.
Müşavirədə Bitki Sortlarının Qeydiyyatı, Toxum üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi İmran Cümşüdov Xidmətin əsas fəaliyyət istiqamətləri, görülmüş işlər, problemlər və qarşıda duran vəzifələrə dair təqdimatla çıxış edərək, toxumçuluğun kənd təsərrüfatının strateji sahələrdən bir olduğunu və Azərbaycanda toxumçuluğun və tingçiliyin inkişaf etdirilməsinə dair Dövlət Proqramının layihəsi hazırlanmasını və bu proqram təsdiq olunduqdan sonra toxumçuluq sahəsi elmi yanaşma ilə innovasiya əsasında inkişaf etdirilməsini qeyd edib.
Tədbirdə toxumçu fermer Rəcəb Orucov “Özəl toxumçuluq təsərrüfatının inkişafı, mövcud problemlər və toxum istehsalında innovativ texnologiyaların tətbiqi”, tingçi fermer, “Red Walley” MMC-nin direktoru Rəşad Şirinov “Yeni yaradılmış nar sortunun dünyada tanıdılması” mövzularında çıxışlar edərək bu sahənin inkişafı ilə bağlı müvafiq təkliflərini veriblər.
Müşavirədə Regional Toxum Sertifikatlaşdırma Mərkələrinin hər bir rayon üzrə baş aqronomunun və sort-sınaq məntəqələrinin rəhbərləri fəaliyyətlərinə dair çıxışları dinlənilib.
Müşavirənin sonunda nazir müavini İlham Quliyev bu sahənin inkişafında dönüş yaradılması, mövcud çatışmazlıqların qısa zamanda aradan qaldırıması istiqamətində tövsiyə və tapşırıqlarını verib.
AzVision.az
Teqlər: KTN