DSX-nın yeni sərhəd zastavası istifadəyə verilib - FOTOLAR
1992-ci ilin iyun ayının 16-da əsası qoyulmuş və yaradılarkən heç bir sərhəd infrastukturuna malik olmayan “Xudat” sərhəd dəstəsi ötən dövr ərzində şərəfli inkişaf yolu keçərək Dövlət Sərhəd Xidmətinin qabaqcıl hərbi hissələrindən birinə çevrilib, Respublikamızın şimal sərhədlərinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiyyətlər əldə edib.
Mərasimdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Xudat” sərhəd dəstəsinə 4 dəfə səfər etməsinin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratması, hər bir sərhədçiyə qürur və şərəfli anlar yaşatması xüsusi vurğulanıb.
Ötən əsrin 90-cı illərin əvvəllərində heç bir sərhəd infrastrukturu olmayan ərazidə xidmətə başlayan sərhədçilərə Qusar rayon sakinlərinin ciddi köməklik göstərmələrini xatırlayan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhəd mühafizəsinin təşkilinə verilən böyük dəstəyə görə yerli sakinlərə minnətdarlığını bildirib.
Tədbirdə xidməti fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.
Müasir tələblərə cavab verən sərhəd zastavasında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət və xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün inşa olunmuş, mebel və avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər sərhədçilərin istifadəsinə verilib.
AzVision.az