Baş nazir son 20 ilin sosial və iqtisadi göstəricilərini açıqladı

   Baş nazir son 20 ilin sosial və iqtisadi göstəricilərini açıqladı
  14 Oktyabr 2023    Oxunub:1258
“Son 20 il ildə paytaxtda və regionlarda 3 630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunub”.
Bunu Baş nazir Əli Əsədov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilib: "Ötən dövrdə ölkəmizdə elm və təhsilin inkişafına böyük diqqət yetirilib. Ümummilli Liderimiz tərəfindən əsası qoyulmuş xaricdə təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Ə.Əsədov həmçinin diqqətə çatdırıb ki, 2019-cu ildən ölkədə geniş tətbiqinə başlanılan icbari tibbi sığorta bu gün xidmətlər zərfinə daxil olan 3300-dən artıq tibbi xidmət sayı ilə bütün ölkə əhalisini əhatə edir: “COVID-19 pandemiyası yayılmağa başlayan ilk gündən dövlət başçısı tərəfindən bu sahədə göstərilən çevik reaksiya və vaxtında atılan operativ addımlar ölkəmizin bu qlobal sınaqdan minimum itkilərlə çıxmasına şərait yaradıb".

Baş nazir qeyd edib ki, ölkənin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət daşıyan yol infrastrukturunun inkişaf etdirilməsi məsələləri daim diqqət mərkəzində olub, magistral yolların, şəhərlərarası və kəndlərarası, daxili yolların tikintisi, təmiri və yenidənqurulması işləri geniş vüsət alıb: “2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Çoxlu sayda körpülər və yol ötürücüləri tikilib”.

O bildirib ki, infrastruktur layihələrinin icrası olaraq ölkənin ümumi elektrik enerjisi sisteminə daxil olan yeni elektrik stansiyaları tikilərək istifadəyə verilib, mövcud yarımstansiyalar yenidən qurulub və yeniləri inşa edilib: “Hazırda ölkədə ümumi gücü 8 min MVt olan 93 elektrik stansiyası mövcuddur”.

Ə.Əsədov qeyd edib ki, məhz elektroenergetika sahəsinə göstərilən diqqət və ayrılan dövlət sərmayəsi Azərbaycana öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, elektrik enerjisi ixrac edən ölkəyə çevrilmək imkanı verib.

“2003-cü ildə ölkə üzrə qazlaşdırma səviyyəsi cəmi 40 faiz təşkil edirdisə, hazırda bu göstərici 96,3 faiz olub. Həmçinin dövlət başçısının şəxsi müdaxiləsi nəticəsində 14 illik fasilədən sonra blokadada olan Naxçıvan Muxtar Respublikasına 2005-ci ildə təbii qazın nəqli təmin edilib”, - Baş nazir vurğulayıb.

Onun sözlərinə görə, İlham Əliyev prezidentlik dövrünün 17 ilini torpaqlarımızın azad olunması məqsədilə hazırlıq işlərinə yönəldib, ordumuzu Qələbəyə hazırlayıb, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırıb: “Prezident İlham Əliyevin dünya miqyasında yüksək nüfuzu sayəsində 2011-ci ilin oktyabrında Azərbaycan gərgin mübarizə şəraitində keçən səsvermədə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzvü seçilib”.

Baş nazir vurğulayıb ki, məhz İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuş Azərbaycan artıq 2019-cu ildə bu təşkilatın sədri seçilib və uğurlu sədrliyinə görə sədrlik səlahiyyəti daha 1 il artırılıb.

O əlavə edi ki, Prezident İlham Əliyev dövlət başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirib: “Möhtəşəm Prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq”.

Baş nazir bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açıb:

“Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.

Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir. Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir və hədsiz qürur hissi doğurur".

"Azərbaycanın son 20 ildə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb" deyən Baş nazir əlavə edib: "Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb.

Dövlət başçısının rəhbərliyi altında keçən dövrdə orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artıb. Son 20 ildə orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlib”.

“Əsrin müqaviləsi”nin Azərbaycanın sosial-qitisadi inkişafındakı mühüm yerinə də toxunan Ə.Əsədov deyib: “Bu müqavilə ilə Xəzər hövzəsini xarici investorlar üçün açan, Xəzərlə Qara dəniz və Aralıq dənizini birləşdirəcək enerji infrastrukturunun əsasını qoyan Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yaranan imkanlar qarşıya qoyulan genişmiqyaslı vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün mühüm zəmin yaratdı. 2006-cı il iyulun 13-də Heydər Əliyevin adını daşıyan nəhəng Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin ilin dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi. Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu”.

Prezident İlham Əliyevin gərgin fəaliyyəti və ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyalarının yarandığını, bununla da dünyanın enerji xəritəsində yeni mənzərənin formalaşdığını deyən Baş nazir vurğulayıb ki, 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlandı. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi. Bu irimiqyaslı neft və qaz layihələri ilə yanaşı, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi.

“Son illərdə sürətlə dəyişməyə başlayan geosiyasi reallıqlar fonunda müxtəlif regionlarda nəqliyyat zəncirlərinin qırılması, yaranan enerji və iqtisadi böhran Prezident İlham Əliyevin apardığı infrastruktur quruculuğu siyasətinin və xarici siyasət strategiyasının nə qədər uzaqgörən olduğunu sübut etdi. Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaq”, - deyə Əli Əsədov əlavə edib.

AzVision.az



Teqlər:



Xəbər lenti