"Son 20 ildə iş dünyasında qadınların rolu və çəkisi artıb"

   "Son 20 ildə iş dünyasında qadınların rolu və çəkisi artıb"
  19 Oktyabr 2023    Oxunub:1338
"Bu gün Azərbaycanda həyata keçirilən gender siyasəti tarixi ənənələr və müasir dövrün tələbləri ilə uzlaşır. Hazırda müəyyən sahələrdə gender balansına nail olunması istiqamətində müsbət tendensiya mövcuddur".
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib. O qeyd edib ki, qadınlarımız dövlət idarəçiliyi və qanunverici orqanda, qərarqəbuletmə səviyyəsində təmsil olunur.

“Diplomatiya aləmi yerli idarəetmə və iş dünyasında, mədəniyyət, elm, təhsil və səhiyyədə öz sözünü deyir. Bunu şərtləndirən önəmli səbəblərdən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam dövlət tərəfindən həyata keçirilən gender bərabərliyi, qadın inkişafına və iştirakçılığına yönəlmiş siyasətlə əlaqəlidir.

Bu gün ölkənin Birinci vitse-prezidenti yüksək inam, böyük bacarıq və siyasi səriştə ilə vəzifəsini məsuliyyətlə daşıyır. Həmçinin Parlament diplomatiyası və qanunverici orqana rəhbərliyin qadına həvalə olunması, ümumiyyətlə, belə yüksək postlara qadınların təyin edilməsi onların ictimai-siyasi həyatda fəal iştirakına dövlət səviyyəsində verilən əhəmiyyətin göstəricisidir.

Bu isə ölkənin ahəngdar inkişafına təsir göstərən amil kimi çıxış etməklə yanaşı, Azərbaycan xalqının beynəlxalq arenada yerini daha da mökəmləndirir”.

B.Muradova qeyd edib ki, bu gün Azərbaycan qadını hüdudlarımızdan kənarda da öz ölkəsini layiqincə təmsil edir, Avropanın, Asiyanın parlament ittifaqlarından, beynəlxalq təşkilatların ən yüksək tribunalarından səsimizi bütün dünyaya çatdırır, beynəlxalq miqyasda nüfuzlu rəhbər vəzifələrə seçilir.

“Son 20 ildə iş dünyasında qadınların rolu və çəkisinin intensiv artdığı göz önündədir. İqtisadiyyat, biznes mühitində qadınların öz hüquqlarından yararlana bilməsi onların cəmiyyətin iqtisadi sütunlarının möhkəmlənməsində rolunu artırır. Bütün bunlar isə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə tam uyğundur”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti