Dunya Miyatovic azərbaycanlı qaçqınlarla görüşdü
İcma nümayəndələri bildiriblər ki, Qərbi Azərbaycan İcması məsələnin sülh və ədalətli həlli üçün Ermənistan hökuməti ilə dialoqa hazırdır. İcma xanım Miyatoviçi Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına dəstək verməyə, o cümlədən baş vermiş pozuntularla bağlı qərəzsiz araşdırma aparmağa, Ermənistana tematik səfərlər təşkil etməyə və bu dövlətə təzyiq göstərməyə çağırıb.
Daha sonra Miyatovic Ermənistandan olan bir qrup azərbaycanlı qaçqın ilə görüş keçirib. Qaçqınlar Ermənistandan zorla çıxarılma ilə bağlı xatirələrini bölüşüb, orada azərbaycanlılara məxsus qəbiristanlıqların, tarixi abidələrin dağıdılması, deportasiya zamanı 200-dən artıq azərbaycanlının öldürülməsi kimi faktları diqqətə çatdırıblar. Vedi rayonundan olan professor Gülçöhrə Məmmədova, Böyük Qarakilsədən olan Əli Eyvazov və digərləri azərbaycanlılara qarşı törədilmiş müsibətlər haqqında ətraflı məlumat veriblər.
Basarkeçər rayonundan olan İcmanın Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov bildirib ki, Ermənistandan qovulmuş azərbaycanlılar 35 ildir qayıdışı gözləyirlər. Vətənsiz keçən hər bir günün qaçqınların iztirablarını daha da artırdığını qeyd edən natiq Ermənistandan azərbaycanlıların qovulmasının üstündən xeyli vaxt keçib deyərək, bu məsələni ikinci plana keçirməyin qəbuledilməz olduğunu vurğulayıb.
Xanım Miyatoviç qaçqınların, o cümlədən Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun əhəmiyyətini başa düşdüyünü qeyd edərək, bu məsələnin həllinin siyasi iradə tələb etdiyini bildirib. O, öz mandatı və regiona səfərinin məqsədləri barədə məlumat verib. Həmçinin qaldırılan məsələlərlə öz səlahiyyətləri çərçivəsində məşğul olacağını qeyd edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


