Azərbaycan `İskəndər`ə `Dəmir günbəz`lə cavab verir - ARAYIŞ
“Bu raketdən müdafiə sistemi “İsgəndər” raketlərinin yerə düşməsinə imkan verməyəcək” - Yevda Abramov vurğulayıb.
“Dəmir günbəz” nədir, hansı üstünlükləri var?
“Dəmir günbəz” raket kompleksi İsraildə istehsal olunur. Kompleks uçuş məsafəsi 4-70 kilometr olan idarəolunmayan taktiki raketlərdən müdafiə sistemidir. Əsas funksiyası hava hücumundan müdafiədir. Raket kompleksinin hər bir batareyası 150 kvadrat kilometrlik ərazini qoruyur. 2011-ci ilin martından İsrail ordusu bu raketlərdən aktiv şəkildə istifadə etməyə başlayıb. 2014-cü ilin sonuna olan məlumata görə, “Dəmir günbəz” vasitəsilə 1200 raket vurulub.
Hazırda bu, kompleksdən yalnız İsrail və Sinqapurda istefadə edilir. İndiyədək “Dəmir günbəz”in 10 bataryası istehsal olunub. Hər bir bataryanın dəyəri 50 milyon dollardır. Onun ağırlığı 90 kiloqram, uzunluğu 3 metrdir.
“Dəmir günbəz” Azərbaycana müxtəlif silah sistemlərinin satışını həyata keçirən “Rafael” və “Israel Aircraft Industries” (İAİ) şirkətləri tərəfindən yaradılıb. Azərbaycan adıçəkilən şirkətlərlə 2013-cü ildə müqavilə bağlayıb.
Hərbi ekspert Rəşad Süleymanov bildirib ki, “Dəmir günbəz” kompleksinə aid olan “EL/M-2080 Green Pine” AESA radarı 500-800 km məsafədən 3000 metr/saniyə sürətlə hərəkət edən hədəfləri deteksiya etməyə imkan verir və “Arrow”, “Barak-8” raketi ilə təchiz edilib.
O qeyd edib ki, “Dəmir günbəz” hava hücumundan müdafiə məqsədilə yaradılıb. Bu sistemin yaradılmasına 2010-2011-ci illərdə başlanılıb. İlk dəfə silahlanmaya qəbul edildiyi vaxt sınaq məqsədilə atılan 10 raketdən 8-ni məhv edib: “Onlar çox kiçik ölçülü və aşağı hündürlükdən uçan raketlər olub. Aşağı hündürlükdən uçan raketləri vurmaq olduqca çətindir”.
Hərb ekspertin sözlərinə görə, “İskəndər-M” raketləri aşağı hündürlükdən uçur və ziq-zaq hərəkətlərə malikdir. Bu baxımdan “Dəmir günbəz” kompleksi “İskəndər-M” raketlərini zərərsizləşdirmək iqtidarındadır.
“Sistemin komponetləri ən kiçik hədəfləri müəyyənləşdirən radarlardan ibarətdir. Radarlar hədəfin uçuş trayektoriyasını izləyir və qeydə alır. Ondan sonra avtomatik komanda ilə raket işə düşərək mədəfi məhv edir. Sistem bir neçə raketdən istifadə olunur. Bunlardan biri də “Barak-8” raketidir.
Azərbaycan Hava Qüvvələrinin komandanı Ramiz Tahirov bu ilin əvvəlində mətbuata müsahibəsində qeyd etmişdi ki, Azərbaycan “Barak-8” raketlərini yaxın dönəmdə silahlanmaya qəbul edəcək”.
R.Süleymanov qeyd edib ki, “Dəmir günbəz” sistemi “İskəndər-M” komplekslərinə qarşı öz effektivliyini göstərə bilər: ““Dəmir günbəz” bu gün dünyada öz imkanlarına görə analoqu olmayan sistemdir. Azərbaycanın bu kompleksi İsraildən almasına dair danışıqların 2011-ci ildən getdiyi deyilir. Məlumata görə İsrail Azərbaycana ən mükəmməl kompleksi təklif edir. Bunların müəyyən komponentləri ölkəmizdə mövcuddur, amma tam şəkildə sistemin qurulması və tədarükü başa çatmayıb. Orada yer alacaq müəyyən raket sistemləri alınıb. 24 saat bütün hava şəraitində hədəfləri məhv etməyə imkan verən raket sistemləri var. Bu sistemdə yuxarı hündürlükdən gələn raketlərə qarşı “Arrow” raketlərində istifadə olunur. Burada eyni zamanda “Barak-8” raketindən də istifadə edilir. Kompleksin mühüm üstünlüyü ondan ibarətdir ki, aşağı hündürlükdən gələn raketləri məhv edə bilir. “İskəndər-M” yer səthindən 50-60 metr hündürlüklə uçduğu üçün mövcud radarlar onu təyin edə bilmir. “Dəmir Günbəz” isə bu raketlərin hər birini aşkarlamağa və onu məhv etməyə qadirdir”.
Xatırladaq ki, Ermənistan sentyabrın 21-də İrəvanda keçirilən hərbi paradda Rusiyadan aldığı “İsgəndər” operativ-taktiki raket komplekslərini nümayiş etdirib. Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi həmin gün prezidentin göstərişi ilə xidməti müşavirəyə toplaşaraq regionda yaranmış hərbi-siyasi vəziyyəti müzakirə edib, bu vəziyyətə uyğun cavab tədbirlərini müəyyənləşdirib.
Anar Kəlbiyev
Eldar Tanrıverdiyev
AzVision.az