Gəncədə “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirilib - FOTOLAR

   Gəncədə “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirilib -    FOTOLAR
  08 May 2025    Oxunub:300
“Konstitusiya və Suverenlik İli” çərçivəsində mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasında “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və digər rəsmi qonaqlar iştirak ediblər.

Konfransdan əvvəl iştirakçılar Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binası ilə tanış olublar. Qonaqlara binada yaradılmış müasir iş şəraiti, texniki təminat və hüquqi xidmət imkanları barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçılar inzibati binada ARVK-nın üzvü, “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan, dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi və atributların sərgisi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Liderin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ARVK-nın 2024-cü ildəki fəaliyyəti barədə, o cümlədən Gəncə Regional Vəkil Bürosunun inzibati binasının təmir-bərpa prosesi ilə bağlı hazırlanan videoçarx nümayiş etdirilib.

Mərasimdə açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb, Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğunda və hüquqi islahatların təşəkkülündə oynadığı mühüm roldan bəhs edib.

Sədr söyləyib ki, Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılışı və “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu konfrans ölkəmizin hüquq sisteminin inkişafı və dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsibaxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusi olaraq vurğulanıb ki, tədbir müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin 102-ci doğum günü ərəfəsində keçirilir. Bu, təkcə simvolik yox, həm də ideoloji və mənəvi baxımdan olduqca mühümdür. Çünki bugünkü uğurlarımızın, hüquqi dövlət quruculuğunun təməlində məhz Ümummilli Liderin düşünülmüş və uzaqgörən siyasəti dayanır.

Heydər Əliyevin xalqın qətiyyətli təkidi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində müstəqillik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsası qoyulub, ölkəmizdə insan hüquq və azadlıqlarının təmini, onların inkişafı və müdafiəsi sahəsində bir sıra mühüm addımlar atılıb.

1995-ci ildə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyanın qəbul olunduğunudiqqətə çatdıran Anar Bağırov bildirib ki, vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququ ana qanunumuzda öz əksini tapmışdır.

Sədr qeyd edib ki, Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ümummilli Liderin adı ilə bağlı olması danılmaz faktdır. Belə ki, hələ SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapmışdır. Bununla da vəkilliyə yüksək konstitusion status verilib. Bütün bu fəaliyyətin məntiqi davamı olaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanıb, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb və həmin dövrdə qəbul olunan prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrilib. Heydər Əliyevin əsas olaraq müəyyən etdiyi fəaliyyət istiqamətləri Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən daha da sürətləndirilib, beynəlxalq münasibətlərin inkişafı tam təmin edilib. Qeyd olunduğu kimi, məhkəmə-hüquq sahəsində də əsası Heydər Əliyev tərəfindən qoyulan mütərəqqi islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Anar Bağırov bildirib ki, bu islahatların dərinləşməsi, o cümlədən vəkillik təsisatının gücləndirilməsi ölkə rəhbərliyinin Azərbaycan vəkilliyinə diqqət və qayğısının bariz nümunəsidir. Belə ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il fevralın 22-də imzaladığı Sərəncam bu sahədə atılan vacib addımlardan biridir. Sərəncamın icrası məqsədilə Gəncə şəhərində vəkil qurumunun fəaliyyətinin təmin edilməsi məqsədilə ARVK-nınbalansına tarixi inzibati bina ayrılıb. Bu, dövlətin vəkillik institutuna olan diqqət və etimadının bariz nümunəsidir.

Gəncə Regional Vəkil Bürosunun sayca 5-ci regional vəkil qurumu olduğunu deyən sədr söyləyib ki, ARVK tərəfindən həmin bina tarixiliyi tam qorunub saxlanılmaqla əsaslı təmir edilib, Kollegiyanın tam maddi vəsaiti hesabına müasir standartlara uyğun şəkildə yenilənib, habelə zəruri texniki avadanlıqlarla təmin olunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze isə qeyd edib ki, Azərbaycanın xalqının Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış Konstitusiya Azərbaycanda dünyəvi, hüquqi dövlət quruculuğu prosesinin hüquqi əsasını təşkil edib.

O bildirib ki, Ulu Öndərin başladığı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bütün sahələrdə böyük uğurlar əldə olunmuş, ən əsası Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın suverenliyi tam bərpa edilib. Azərbaycanda hüquq təsisatlarının, o cümlədən vəkillik təsisatının inkişafı və möhkəmləndirməsi də bu siyasətin nəticələrindən biridir. Sözsüz ki, Vəkillər Kollegiyasının rəhbərliyinin, vəkillərin səmərəli fəaliyyəti də qeyd olunmalıdır.

Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli isə çıxışında bildirib ki, ölkəmizin bütün istiqamətlərdə, o cümlədən hüquqi dövlət quruculuğu istiqamətində inkişaf strategiyasının təməlini qoyan Ümummilli Lider Heydər Əliyev həmin prosesin əsas tərkib hissəsi kimi hüquqi sahədə geniş islahatlar prosesini başladıb.

O qeyd edib ki, müstəqilliyini yeni bərpa etmiş bir dövlət üçün hüquqi islahatların aparılması nə qədər vacib idisə, həmin islahatları şərtləndirən, onların təməl prinsiplərini özündə əks etdirən və ümumilikdə islahat prosesinin gələcək yol xəritəsini müəyyənləşdirən Konstitusiyanın qəbulu da, bir o qədər vacib idi. Bu prinsipi rəhbər tutan Ulu Öndər bütün çətinliklərə və maneələrə baxmayaraq müstəqil Azərbaycanın tarixində ilk Konstitusiyanın qəbul edilməsi kimi, çox mürəkkəb və bir o qədər də əhəmiyyətli prosesi 1995-ci ildə uğurla başa çatdırdı.

Məhkəmə sədri vurğulayıb ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə hüquq sisteminın təkmilləşdirilməsi prosesi bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməkdədir.

Sonra mərasimdə Gəncə şəhər prokuroru Rauf Gözəlov çıxış edərək söyləyib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilib. O diqqətə çatdırıb ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının - azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk Konstitusiyanın da banisi hesab olunur.

Şəhər prokuroru əlavə edib ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də Ümummilli Liderin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi bir sənəddir.

Rauf Gözəlov eyni zamanda qeyd edib ki, Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən effektiv dövlət idarəçiliyi, həmçinin təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində görülən tədbirlər, ümumilikdə müstəqilliyimizin daha da möhkəmləndirilməsini təmin edib. Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki təkcə Azərbaycanın, eyni zamanda regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir.

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev isə çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olub. Məhz 1994-cü ildə Ulu Öndərin sədrliyi ilə Konstitusiya komissiyası işə başlayıb və layihə ümumxalq müzakirəsinə verilib. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. Konstitusiyanın qəbulu Azərbaycanın müstəqillik tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

İdarə rəisi bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun müvəffəqiyyətlə inkişaf etdirilməsinin və aparılan məqsədyönlü islahatların məntiqi nəticəsi olaraq daxili işlər orqanlarının və Daxili Qoşunların əməliyyat-xidməti fəaliyyəti daha da təkmilləşib, maddi-texniki bazası modernlənib, möhkəm nizam-intizama malik şəxsi heyət üzərinə düşən bütün vəzifələrin öhdəsindən gəlib.

Həmçinin Teymur Hacıyev xatırladıb ki, ARVK ilə daxili işlar orqanları arasında olan münasibətlər çox yüksək səviyyədə təşkil olunub, DİN-in Polis Akademiyası ilə Kollegiya arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Mərasimdə Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şəhər İdarəsinin rəisi Rəşad İsrafilzadə çıxışı zamanı vurğulayıb ki, dünyada insan üçün azadlıqdan, dövlət üçün isə müstəqillikdən dəyərli heç nə yoxdur. Müstəqil dövlətin azad vətəndaşı olmaq isə heç də bütün insanlara qismət olmayan ən böyük xoşbəxtlikdir. Xalqın ən ali hüququ isə suverenlik hüquqdur. Bu hüquq xalqa verilmir, xalq özü onu mübarizələrin və bu yolda verdiyi qurbanların sayəsində əldə edir. Xalq öz suveren hüququndan istifadə edərək öz taleyinə sahib çıxır. Xalqımıza bəxş olunan bu xoşbəxtliyin müəllifi tariximizin Ümummilli Lideri Heydər Əliyevdir.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyev daim xalqının mənafeyi naminə çalışıb, milli ruhlu, vətənpərvər insanları repressiyalardan qoruyub, təhlükəsizlik orqanlarının milliləşdirilməsinə çalışıb.



O nəzərə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev təhlükəsizlik orqanlarında xidmət etdiyi müddətdə yüksək professionallığı, fenomenal idarəçilik və təşkilatçılıq qabiliyyəti, cəsarəti, qeyri-adi yaddaşı ilə bütün rəhbər və sıravi əməliyyat heyətinin dərin rəğbətini qazanmışdır. Ümummilli Lider DTK-da yüksək vəzifələrdə olduğu illər ərzində də əməliyyat tədbirlərinin, çoxgedişli əməliyyat oyunlarının və kombinasiyalarının işlənib hazırlanmasında, həyata keçirilməsində şəxsən iştirak edib.

Tədbirdə Ədliyyə Nazirliyinin Gəncə regional ədliyyə idarəsinin rəisi İlkin Nəcəfov isə çıxışında bildirib ki, bu il həm də dövlət başçısının imzaladığı Sərəncama əsasən “Konstitusiya və Suverenlik İli” çərçivəsində həm Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünü, həm də Vətən müharibəsində qələbənin 5-ci ildönümü qeyd edilir.

İdarə rəisi söyləyib ki, cənab Prezidentin imzaladığı Sərəncamda vurğulandığı kimi, Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib.

İlkin Nəcəfov nəzərə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün olub. Bu məqsədlə Ulu Öndərin bilavasitə sədrliyi ilə yaratdığı Konstitusiya layihəsini hazırlayan Komissiyanın o dövrdə gördüyü işlərə, gərgin fəaliyyətinə nəzər yetirəndə bir daha şahidi oluruq ki, Ümummilli Lider konstitusiya layihəsinin hazırlanmas ilə nə dərəcədə ciddi və məsuliyyətlə məşğul olub, onun hər bir müddəasını şəxsən nəzərdən keçirib.

İlkin Nəcəfov qeyd edib ki, Konstitusiyanın qəbulundan sonra həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində onun ayrılmaz tərkib hissəsi olan və konstitusion prinsiplərə söykənən vəkillik institutu da yeni keyfiyyətdə inkişaf etməyə başlayıb. Belə ki, vəkillik institutu demokratik əsaslarla yenidən qurulub, bəzi ölkələrdə hələ də dövlət orqanlarının tərkibində və ya nəzarəti altında fəaliyyət göstərən vəkillik xidməti tam müstəqil təsisata çevrilib.

O çıxışının davamında vurğulayıb ki, Vəkillər Kollegiyasının fəaliyyətinin və infrastrukturunun günbəgün müasirləşməsi, o cümlədən regional vəkil bürolarının yaradılması, hüquqi yardımın təşkili üçün digər mütərəqqi addımlar olduqca sevindiricidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən və dövlətin mühüm öhdəliyi olan yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi kimi şərəfli missiya məhz Vəkillər Kollegiyası tərəfindən uğurla həyata keçirilir.

Mərasimdə ARVK-nın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar diləyib. Tədbirin mövzusunun dərin mənəvi və hüquqi əhəmiyyətini vurğulayan əməkdar hüquqşünas uzunillik peşə fəaliyyəti dövründə qazandığı zəngin təcrübədən bəhs edərək tövsiyələrini, habelə xatirələrini bölüşüb.

O, hüquqşünas adının daşıdığı məsuliyyətin böyüklüyünü, qanunun aliliyinin və vətəndaşların hüquqlarının müdafiəsinin hər bir vəkilin başlıca vəzifəsi olduğunu qeyd edib. Eyni zamanda İkram Kərimov vəkilliyin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının əhəmiyyətini xüsusi vurğulayıb. Respublikanın əməkdar hüquqşünasının sözlərinə görə, xoşbəxt adamam ki, onun Prezident cənab İlham Əliyev kimi bir lideri var.

Eyni zamanda mərasim çərçivəsində ARVK-nın rəhbərliyi Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin Gəncə şəhərində yerləşən ev-muzeyini ziyarət edib. Burada görkəmli ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Qalereya




Teqlər:





Xəbər lenti