`Dövlət xəstəxanaları pullu ola bilər, amma...`

`Dövlət xəstəxanaları pullu ola bilər, amma...`
  26 Oktyabr 2016    Oxunub:1975
“Nazirlər Kabinetinin dövlət və bələdiyyə xəstəxanalarının statusunun dəyişməsi ilə bağlı qərarı pullu tibbi xidmətə keçirilməsi istiqamətdə işlərin planlaşdırılmasından xəbər verir”.
Bunu AzVision.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Həkim-ekspert hesab edir ki, indiki vaxtda tibbi xidmətin pullu olması problem yaradacaq.

Ekspert qeyd edib: “Qərarda dövlət və bələdiyyə tabeçiylində olan xəstəxanaların təsərrüfat hesablı, yəni hüquqi şəxs, pullu xidmətə keçirilməsi istiqamətdə işlər planlaşdırılır. Dövlət və bələdiyyə xəstəxanası hüquqi şəxsə, vergi ödəyicisinə çevrilirsə, özəl xəstəxanalarda olduğu kimi burada pullu xidmətdən söhbət gedir. Düşünürəm ki, əhalinin maddi durumunun pisləşdiyi dövrdə tibbi xidmətin təsərrüfat hesabına pullu xidmətə keçirilməsi vəziyyəti bir az da pisləşdirə bilər. İcbari tibbi sığrota paketinin qurulması və əhalinin aztəminatlı təbəqəsi, sosial müavinətlər alan və sosial müdafiəyə ehtiyac olan ailələr birinci növbədə sığrotalanmalıdır və mühüm tibbi xidmətlərdən pulsuz istifadə etməlidir. Əks halda aztəminatlı ailələrin indiki sosial durumda təsərrüfat hesablı xidmətdən yaralanma imkanları çox aşağıdır”.

A.Qeybulla bildirib ki, dövlət xəstəxanalarında tibbi xidmətin pullu olması fikri əvvəlki səhiyyə naziri Əli İnsanovun vaxtında olub. “Bu müddətdə pullu xidmətə keçid var idi və insanlar narazı idi. Dövlət xəstəxanalarında pullu xidmətə keçid sosialist sistemindən təzə çıxmış ölkələr arasında Azərbaycanda yeganə idi və analoqu olmayan variant olduğu üçün qəbul olunmadı”.

Professor məsələ ilə bağlı Səhiyyə Nazirliyinin açıqlamasını real vəziyyətin daha düzgün qiymətləndirməsi kimi qeyd edib. “Səhiyyə Nazirliyi real vəziyyəti daha düzgün qiymətləndirir. Onun dövlət xəstəxanalarında tibbi xidmətin pulsuz olmasının tərəfındə olma mövqeyi bu şərtlər altında daha düzgündür. Həmçinin verilən qərarın icrasının olub-olmayacağı da məlum deyil, gözləyib baxmalıyıq. Hər halda bu qərarı verənlər məsuliyyətini bilməlidirlər”.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişikliyə əsasən, Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. İndiyə qədər dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərib. Nizamnaməyə əsasən indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığı nın qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq. Səhiyyə Nazirliyindən isə bildirib ki, dövlət xəstəxanalarında tibbi xidmət pullu olmayacaq: “Əgər dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək. Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Dəyişikliklərə əsasən, bələdiyyə xəstəxanaları əsasən pullu fəaliyyət göstərəcək. Bələdiyyələr yerli idarəetmə orqanı olduğuna görə Səhiyyə Nazirliyinin onların fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti