Şəxsi həyata son – Britaniyada kütləvi izlənmə qanuniləşdi

Şəxsi həyata son – Britaniyada kütləvi izlənmə qanuniləşdi
  23 Noyabr 2016    Oxunub:7875
Böyük Britaniya kibertəhlükəsizlik haqqında yeni qanun qəbul edib. Noyabrın 21-də Birləşmiş Krallığın qanunverici palatası tərəfindən qəbul edilən sənəd Qərb Demokratiyasının tarixində kibertəhlükəsizlik haqqında ən sərt qanun hesab olunur.

Yeni qanun müvafiq hökumət orqanlarına bütün vətəndaşların, hətta rəsmi istintaqa cəlb olunmayan şəxslərin internet və telefon məlumatlarını əldə etmək səlahiyyəti verir. `Araşdırma Səlahiyyətləri haqqında` qanun bu ilin sonunadək imzalanacaq

Snuper (Casus) Xartiyası-2 və ya `Araşdırma Səlahiyyətləri haqqında` qanun, indiyə qədər qüvvədə olan “Araşdırma Səlahiyyətləri haqqında Aktın Tənzimlənməsi” sənədini əvəz edir. Başqa sözlə desək, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti ölkədə Edvard Snoudenin məlum açıqlamalarının ardından vətəndaşların şəxsi məlumatlarının toplanılması əleyhinə keçirdikləri etirazlardan sonra Araşdırma Səlahiyyətləri haqqında Aktın Tənzimlənməsi sənədinin əvəzinə `Araşdırma Səlahiyyətləri haqqında` qanun hazırlamağı qərara aldı.



Lakin, yeni qanun əvvəlkindən xeyli sərtdir. Belə ki, yeni qanuna əsasən:

- İnternet provayderləri hər bir istifadəçinin axtarış tarixçəsini bir il müddətinə qeydə almalıdırlar;
- Polis və digər hüquq-mühafizə qurumları xüsusi interfeys vasitəsilə bu məlumatları əldə edə və şübhəli olan, eləcə də olmayan səxslərin profilləri üzrə axtarış apara bilərlər;
- Təhlükəsizlik xidmətləri ictimai və şəxsi məlumat bazalarına daxil olaraq araşdırma apara bilərlər;
- Hökümət orqanları Araşdırma Səlahiyyətləri haqqında Aktın tənzimlənməsində olduğu kimi kommunikasiya məlumatlarını toplu şəkildə əldə edə bilərlər;
- Polis və digər səlahiyyətili orqanlar bu şərtlər daxilində istifadəçilərin şəxsi məlumatlarını əldə edə bilərlər;
- Kommunikasiya operatorları öz şifrələmələrini silməli və məlumatları əldə etmək üçün dövlət qurumlarına yardım etməlidir.

İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan qruplar, texnologiya şirkətləri, siyasətçilər və Birləşmiş Krallığın siravi vətəndaşları yeni qanunu sürəkli tənqid edirlər. Onların arasında `Amnesty İnternational`, `Open Democracy`, `Open Rights Group` və `Privacy İnternational` kimi nüfuzlu təşkilatlar da var. `Facebook`, `Google`, `Microsoft`, `Twitter` və `Yahoo` kimi şirkətlər də bu qanunun qəbul edilməməsi ilə bağlı Birləşmiş Krallıq hökümətinə müraciət ediblər.
Lakin hökümət tənqidlərə məhəl qoymayıb və məsələ ilə bağlı irəli sürülən təklifləri rədd edib.



Mərkəzi Kəşfiyyat Agentliyində təhlükəsizlik məsələləri üzrə mütəxəssis kimi çalışmış Edvard Snouden `Twitter` sosial şəbəkəsində bu qərarı `Qərb demokratiyası tarixində qəbul edilmiş ən kəskin qanun` adlandırıb. O, əlavə edib ki, `Araşdırma Səlahiyyətləri haqqında` qanunun qəbul edilməsi bir sıra avtokratik cəmiyyətlərdə olduğundan daha kəskin addımdır.

Qeyd edək ki, `Araşdırma Səlahiyyətləri haqqında` qanun dünyanın bir çox ölkələrində hökümət tərəfindən edilən kütləvi izləmələri legitimləşdirən qanunlardan yalnız biridir.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti