`Kişi nəşə çəkməz, qumar oynamaz` - Dağlı Cavanşir məclisinə gələnləri necə başa salmışdı

`Kişi nəşə çəkməz, qumar oynamaz` - Dağlı Cavanşir məclisinə gələnləri necə başa salmışdı
  09 Dekabr 2016    Oxunub:132935
Bəhram Çələbi
AzVision.az üçün

..."QAZ-21"-ə nə az, nə çox düz səkkiz nəfər doluşmuşdu. Arxa oturacaqdakı beş oğlanın dördü arıq, qayışdamar, biri isə qoğal kimi yupyumuru, qıpqırmızı idi. Dostların zarafatlarına, gülüş və atmacalarına məhəl qoymur, hərdən çətinliklə də olsa, qanrılaraq arxa şüşənin qarşısına qoyulmuş kağız torbadan bir ovuc kal ərik götürüb, ağzını marçıldada-marçıldada, iştahla yeyirdi.

Sürücünün yanındakı kresloda isə iki gənc əyləşmişdi. Qapıya söykənərək oturan Cavan sol əli ilə dayısı Azərin çiynini qucaqlamış, sağ əlindəki ağ ipək dəsmalı isə pəncərədən bayıra çıxardaraq, küləyin ixtiyarına buraxmışdı.

"Volqa" magistral şossedən Xızı yoluna burulan kimi elə bil təbiətin nəfəsi dəyişdi. Qızmar asfalt qoxusu tozlu dağ çiçəyi ətrilə əvəz olundu. Yolun sağ və solunu bəzəyən ağacların yenicə pöhrələnmiş yarpaqları günəş şüaları altında titrəyir, yavaşcadan pıçıldaşırdılar. Altıağacadək uzanan bu tozlu, daş-kəsəkli yolun kənarlarında atlas yorğan kimi yamyaşıl otlaq başlanırdı. Səma aydın və gömgöy idi. Təkcə Xızı dağlarının zirvəsinin üstündə indicə ov üzərinə atılacaqmış kimi sinən şirə bənzər sıx ağ bulud topası hərəkətsiz dayanmışdı.

Maşın Tıxçay düzənliyinə çatıb, zarıya-zarıya yuxarı dırmaşmağa başladı. Şiş ucları buludlarla oynayan dağın ətəyində "Volqa" bir neçə dəfə ləhləyib dayandı, yorulmuş araba atı kimi irəli dartındı və mühərriki söndü.

Cavanşir maşından düşüb ləzzətlə gərnəşdi, yumruğunu bir neçə dəfə sinəsinə vurub, qürurla təpəsi qarlı dağlara, qarşıdakı sıx meşəliyə, yanında qaralan dərin dərəyə baxıb:
- Xızım mənim! - deyərək, var gücü ilə qışqırdı.
Bu bağırtı elə qəfləti oldu ki, yanında dayanmış dayısı Azər səksəndi və təəccüblə çəkmələrini, corablarını çıxaran Cavanşirə baxdı.
- Ürəyimin parçası, Xızı! - Cavanşir yalın ayaqla dağın zirvəsindən başlayıb dayandıqları cığıradək uzanan şırıma doğru addımladı.



- Alə, ağlun çaşıb, nədü? - Azər bacısı oğlunun qolundan tutmağa çalışaraq, dilləndi. - Alə, daşlar bıçaq kimi ayaqlaruvu doğrayar ki!

- Xızım, doqquz il iyinə-qoxuna həsrət qalan övladın yenidən səcdənə gəlib, - Cavanşir dizləri üstə nəm torpağa düşərək, kolun dibindən bir ovuc yarpaq qarışıq qum qamarladı, onu alnına, üzünə sürtdü. - Dədəmin babalarından qalan torpaq, sənin ətrin üçün lap Dağlı çörəyi qədər ovsunmuşam. Səni harama sıxım ki, ürəyim sakitləşsin? – bağırdı.

..."Volqa" Fındığana çatanda artıq qaş qaralırdı. Kənd uşaqları Əlibala kişinin qohumu Cavanşirin gəldiyini eşidib əllərindəki çubuqları başları üzərində fırlada-fırlada: "Əmirşah dayının oğlu Cavanşir gəlib", - deyərək qışqıra-qışqıra həyətləri dolaşmağa başladılar.

Bir andaca Əlibalanın daxması qarşısında onlarla ağsaqqal, cavan, arvad-uşaq toplaşdı. Dərhal bir əmlik toğlu kəsildi, samovarlar yan-yana düzüldü. Çaşmışdı Cavanşir. Kimi qucaqladığını, kimi öpdüyünü bilmirdi. Xüsusən də pərəstiş dolu nəzərlərlə, şən təbəssümlə ona yaxınlaşıb ikiəlli onunla görüşən taytuşlarının əksəriyyətini tanımırdı.

Doqquz il öncə Riqada keçirilən yarışdan sonra da Fındığana gələndə onun şərəfinə qoyun kəsmişdilər. Kəndin bütün həmyaşıdları ittifaq miqyaslı kiçik pəhləvanın pişvazına çıxmışdı. Ağsaqqallar daxmada, cavanlar isə tut ağacının altında tezbazarı, primitiv, adi taxtalardan düzəldilmiş uzun stolun arxasında oturmuşdular.

- Cavan, həzər maşallah, lap böyük kişi olmusan, - deyə orta yaşlı bir kişi onların stoluna yaxınlaşdı, Azərin ona təklif etdiyi taburetkanı bir qədər də Cavanşirə yaxın qoyub: - Allah mərdiməzarın evini yıxsın! Eybi yox, İnşaallah genə çıxarsan döşək üstə, genə pəhləvanluğuvu eliyərsən. Mənim atam həmişə Sali Süleymanla fəxr eləyib, mən özüm isə sənin bolelşükün olmuşam. Yadundadu, Moskvada güləşəndə bir dəstə dost-tanışla gəlmişdim sənə çəpik çalmağa? Maşallah, fərasətüvü göstərdün, məni curlarımın yanında başıuca elədün. Allah səni həmişə "Beşbarmaq" dağının zirvəsində saxlasın. Bizim fəxrimizsən, Cavan. Dağlı dilini yadundan çıxarmayıbsan hələ? Bəs o da yadundadu ha, sənə uşaq vaxtı Məlik Cümşüd nağılını Dağlı dilində danışdığım?

Cavanşir başını tərpətməklə kişinin dediklərini təsdiqləyəndən sonra:
- Yəki bü, yəki nə bü. Bə Yəmən vilayəti yə padşa bü, - deyərək, gülümsündü...



...Yaxşıca yeyib-içmişdilər. Azər bir neçə dəfə yerindən qalxıb aradan çıxmaq istəsə də, uzaq qohumu Səmədağa onun qolundan tutub yerində əyləşdirmişdi. Onun yanında oturmuş nazik bığlı, yaraşıqlı yeniyetmə başını aşağı dikərək ovcundakı tütünü baş barmağı ilə əzişdirdikdən sonra təzədən papirosa doldurdu və Səmədağaya ötürdü. Səmədağa papirosun müştüyünü bir neçə yerdən əzərək ayağa qalxdı və çox qiymətli hədiyyə təqdim edirmiş kimi Cavanşirə uzatdı:
- Qiyamət şeydü, Caqa, iranskiy koknar, podaqrev medvejiy, - deyərək, alışqanı da yandırdı. – Probunu sən çıxarginən...

Cavanşirin üzündəki təbəssümü qəzəbli ifadə bürüdü:
- Məni sayıb məclisimə gəlibsən, Səmədağa. Həm də uzaq qohumuq, uşaqlıq dostu olmuşuq. Məclisə qanqaralıq salmaq istəmirəm. Dur ayağa! Qalx! – bir qədər susub qanlı-qanlı şaşırmış halda döyükən oğlana baxdı və yumruğunu stola çırparaq: - Kim ki, narkomandır, gözümün düşmənidir! Bir kub şirmadan ötrü mənliyini, arını, qeyrətini, kişiliyini satanları görmüşəm! Dəmi gələndə dırnaqlarıyla divarları qazıyanları, atasının var-yoxunu tiryəkə əridənləri, damarlarını doğrayanları, boğazını kəsənləri görmüşəm. Eyib olsun, gənclərin yanında nəşə doldurursan. Əgər eşitsəm ki, çəkirsən, ya da iynə vurursan, salam-kalamımızın üstündən özün xətt çəkəcəksən.

Səmədağa ovucları ilə üzünü qapayaraq stoldan aralandı. Bir neçə addım atdıqdan sonra qəfildən dönərək:
- Caqa, bir də əlimə nəşə, iynə götürsəm dədəmin oğlu deyiləm, hələ lap siqareti də tərgidirəm bu dəqiqədən...- həyəcanla, bərkdən qışqırdı. – İndi otura bilərəm?

Cavanşir cavab verməsə də, üzünə yayılan təbəssümdən onu bağışladığını anlamaq çətin deyildi.

- Cavan, bu gün bizimçün toy-bayramdır, - Azər aralıqdakı peşimançılığı götürmək xətrinə Səmədağanın biləyindən yapışıb öz yanında əyləşdirdi, şən səslə dilləndi. – Toyda da qumar kruqu yığılmadısa, elə bil işıq pulunu ödəyib, qəbzini almamısan. Bəs sənin oturduğun kolonlarda kart çırpırdılar? Özün necə, otururdun kruqa?



Cavanşir ciddi tövrlə:
- Otrisalovkaların, stremlyayuşilərin hamısı qumarı gözəl bilməlidir, dayı. Mən də ters, seka, rams, stos kimi oyunları yaxşı bilirəm, - bir qədər fikrə getdikdən sonra davam etdi, - hələ bir balaca preferans, bric-vertuşkadan da başım çıxır. Amma oynamıram. Sənə də məsləhət görmürəm.

Stolun lap aşağı tərəfində əyləşən yeniyetmələrdən birinin boğazda ilişən səsi eşidildi:
- Bəs oçko?

Cavanşir stolun üzərinə əyilərək səs gələn tərəfə baxdı:
- Mənim balaca qardaşım, oçkonu yalnız üzdəniraqlar oynayır, - dedi. - Daha doğrusu, onları oynadırlar. Sən bundan sonra həmin oyuna “İyirmi bir”, “otuz bir” deginən və çalış ki, böyüklər olan yerdə bazarı təmiz saxlayasan, – üzünü Azərə tərəf çevirib davam etdi: - Qumar dustağın taleyində həlledici rollardan birini oynayır, dayım mənim. Zeklər bir gecədə müflis də ola bilərlər, varlı da. Qumarda uduzanların sayı həmişə udanlardan qat-qat çox olur. Məhz qumar üstündə dustaqlar şikəst olur, həyatlarını itirir, fufluşnikə çevrilirlər.

(Ardı var)


Teqlər:  





Xəbər lenti